12 C
Baku
Thursday, March 28, 2024

Sığortalanan əmanət məbləği ilə bağlı ziddiyyət yarandı

Oqtay Haqverdiyev: «Yaxşı olardı ki, sığortalanan məbləğ artırılsın, bunun üçün hazırda dövlətin kifayət qədər imkanları var»

Yaşar Əsədov: «Sığortalanan məbləğin artırılması özünü doğrultmayan addım olardı»

Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına əsasən, illik faizi 9 faizədək olan və məbləği 30 min manatdan çox olmayan əmanətlər sığortalanır. Əgər əmanətin yatırıldığı bank hər hansı problemlə üzləşər, bağlanmaq təhlükəsi ilə qarşılaşarsa, fond sığortalanan əmanətləri müştəriyə ödəyir. Nəzərə alanda ki, ilin sonuna kimi nizamnamə kapitalı ilə bağlı qoyulan tələbi yerinə yetirə bilmədikləri təqdirdə bir neçə bankın bağlanması təhlükəsi var, obu fonda ekspertlərin bir çoxu hesab edir ki, sığortalanan əmanətlərin məbləğinin artırılması vacibdir.

İqtisadçı Oqtay Haqverdiyevin sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondunun yaradılması hökümət tərəfindən bank sisteminə daha çox əhalinin vəsaitlərini cəlb etmək üçün atılan bir addımdır, stimullaşdırıcı xarakter daşıyır. O, açıqlamasında qeyd edir:

«Bankların kredit resurslarının formalaşması üçün əhalinin vəsaitləri cəlb olunmalıdır. Çünki, digər halda bank məcbur olur ki, ya Mərkəzi Bankdan, ya digər mənbələrdən pul götürsün, sonra faizlə ödəsin. Hətta elə banklar var ki, xarici banklara müraciət edirlər. Təbii ki, onlara əhalidən gələn əmanətlər hesabına kredit resursu formalaşdırmaq daha sərfəlidir. Ona görə də belə stimullaşdırıcı üsullara əl atmaq lazımdır».

İqtisadçı qeyd edir ki, bu metod bir sıra başqa ölkələrdə də tətbiq olunub və müsbət effekt verib: «Sadəcə olaraq, sığorta üçün müəyyən edilən məbləğ, yəni 30 min manat azdır. Yaxşı olardı ki, sığortalanan məbləğ artırılsın. Bunun üçün hazırda dövlətin kifayət qədər imkanları var».

İqtisadçı Yaşar Əsədov isə məsələyə fərqli yanaşır və sığorta üçün kompensasiyaların artırılmasını özünü doğrultmayan bir qərar hesab edir: “Bu gün kompensasiyaların artırılması üçün Azərbaycanda valyuta ehtiyatları kifayət qədər böyükdür. Mərkəzi Bank bu şəraitdə sığortalanan məbləği artıra bilər. Amma məsələ ondan ibarətdir ki, bu nə dərəcədə özünü doğruldur? Söhbət ondan gedir ki, əmanətlərin ödənməsi üçün 30 min manatlıq kompensasiya nəzərdə tutulub. Təsəvvür edin ki, kimsə banka 3 milyon manat əmanət yatırıb. Həmin adam bu məbləği 100 yerə bölüb 30 min manat şəklində də yerləşdirə bilərdi. Bunu eləməyibsə, onda nə olacaq?

Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda depozitlər üçün faizlər bir sıra Avropa banklarına baxanda kifayət qədər yüksəkdir. Bundan faydalanan xarici vətəndaş bizim banklara vəsait yatırıbsa, dövlət onu da kompensasiya etməli olacaq. Onlar burda Azərbaycanın sərvətlərindən haradasa varlanırlar. Xaricdə 1-2%-lə verirdilərsə, bizim banklara gəlirlər və burda 10%-lik depozit almaq üçün vəsait yatırırlar. Bu, Azərbaycanın sərvətlərindən onlara hədiyyədir. Ona görə mən hesab edirəm ki, sığortalanan məbləğin artırılması özünü doğrultmayan addım olardı”.

Movqe.az

Son xəbərlər
Digər xəbərlər