Sığortanın inkişafı və S əyrisi (S-curve)

İnkaş etmiş ölkələrdə sığorta mədəniyyətinin hansı səviyyədə olması və sığortaya olan tələbat bir çoxumuza məlumdur. Bu ölkələrdə yaşayanlar sığorta məhsullarını gündəlik təlabat malı kimi alır və sığortadan yararlanır – avtomobil sahibi sığortası olmadan avtomobilini idarə etməyə risk etmir və ya ev sahibi əmlak sığortasını vaxtı vaxtında yeniləyir və s. Bəs inkişaf etməmiş və ya zəif inkişaf etmiş ölkələrdə nə üçün sığortaya maraq azdır? Nə üçün sığorta əlavə xərc sayılır? Bu məqalədə qeyd olunan məsələləri araşdırmağa və əhali gəlirləri ilə sığorta biznesinin inkişafını əlaqələndirməyə çalışacağıq.

Sığortaya olan tələbatın səbəblərini çox uzaqda axtarmaq lazım deyil. Hamıya məlum olan Maslou piramidası bu səbəbi aydın şəkildə izah edir. Maslou piramidasına əsasən insanın ən əsas tələbatı yaşamaq üçün vacib sayılan fizioloji tələbatdır. Bura qidalanmaq, suya, yuxuya, geyimə olan tələbatlar aiddir. İnsan fizioloji tələbatlarını normal qarşılaya bildiyi təqdirdə təhlükəsizliyi barədə də düşünməyə başlayır. Sığortanın da daxil olduğu “Təhlükəsizlik” tələbatı “Fizioloji” tələbatdan sonrakı mərhələdədir. İndi təsəvvür edin, inkişaf etməkdə olan və ya zəif inkişaf etmiş ölkələrdə vətəndaş gündəlik qida və ya geyim tələbatlarını qarşılaya bilmirsə, təhlükəsizliyə, sığortaya olan hansı tələbatdan danışmaq olar?!

Sığorta bazarlarını daima analiz edən və müəyyən nəzəriyyələr ortaya sürən inkişaf etmiş qərb sığortaçıları əhali gəlirlərinin səviyyəsi ilə sığortanın inkişafının empirik əlaqəsini artıq sübut ediblər. Ölkənin adambaşına düşən ümumi daxili məhsulu ilə (GDP per capita) sığortanın nüfuzetmə faizini (insurance penetration rate) qarşılıqlı müqayisə edən bu əlaqə “S əyrisi” (S-curve) adlanır.

İlk dəfə İsveçrənin Swiss Re təkrarsığorta şirkətinin mütəxəssisləri tərəfindən araşdırılan və əsaslandırılan “S əyrisi” ilə aşağıdakı şəkildə tanış olmaq olar.

Şəkildən də göründüyü kimi, adambaşına düşən ümumi daxili məhsul artıqca, ümumi daxili məhsulda sığortanın da payı artır. ABŞ, Kanada, Almaniya, İsveçrə kimi ölkələrdə adam başına düşən ümumi daxili məhsul 40 000 ABŞ dollarından artıqdır, sığortanın ÜDM-də payı isə 3-4% təşkil edir. Tanzaniya, Zimbabve və bu tipli digər inkişaf etməmiş ölkələrdə adam başına düşən ÜDM 1 000 ABŞ dollarından, sığortanın ÜDM-də payı isə 1%-dən də aşağıdır.

S əyrisinə diqqətlə nəzər yetirsək görərik ki, əyrinin elastikliyi adambaşına düşən ÜDM-nin 5 000 ABŞ dolları ilə 35 000 ABŞ dolları arasında olan ölkələrdə daha çoxdur. Başqa sözlə desək, bu aralığa düşən ölkələrdə sığortanın inkişafı ölkənin inkişafını qat qat qabaqlayır. Çin bunun bariz nümunəsidir. Digər tərəfdən isə adambaşına düşən ÜDM-nin 5 000 ABŞ dollarında az və ya 35 000 ABŞ dollarında çox olduğu ölkələrdə elastiklik azdır və sığortanın inkişafı ilə ölkənin inkişafı demək olar ki, eyni həddədir. Az gəlirli, zəif inkişaf etmiş ölkələrdə əhalinin yaşayış səviyyəsinin aşağı olması və sığorta mədəniyyəti inkişaf etməməsi sığortanın da geridə qalmasına səbəbdirsə, bunun əksinə olaraq, yüksək inkişaf etmiş, əhali gəlirləri yüksək olan ölkələrdə sığortanın inkişafı artıq maksimum səviyyəyə çatıb və hətta bəzi təbəqə insanlar və iri müəssisələr üçün gəlirlilik o qədər yüksəkdir ki, risklərin sığortaya ötürülməsinə ehtiyac duyulmur (self retention). Bu səbəbdən də sığortanın inkişafı artıq demək olar ki, sabitdir və ölkə iqtisadiyyatının inkişafı ilə eyni tempdə davam edir.

Lakin, mütləq şəkildə qeyd etmək lazımdır ki, S əyrisindən yayınan, yəni ölkənin sürətlə inkişaf etməsinə baxmayaraq sığorta sektorunun zəif inkişaf etdiyi, və ya əksinə, özü zəif inkişaf etsə də, sığorta sektorunun sürətlə inkişaf etdiyi ölkələr var. Buna əsas səbəb S əyrisində vacib olan bəzi amillərin, məs: əhalidə sığorta mədəniyyətinin səviyyəsi, dinlə bağlı məsələlər (halal/haram), eləcə də dövlət dəstəkli sosial sığortaların və ya vergi güzəştləri nəticəsində həyat sığortasının sürətlə inkişaf etməsi və s. bu kimi məsələlərin nəzərə alınmamasıdır.

Bəs Azərbaycanda vəziyyət necədir? Azərbaycanda ümumi daxili məhsul ilə sığorta sektorunun inkişafı arasında əlaqə varmı? Ölkəmizdə sığorta sektorunun inkişafı ilə adambaşına düşən ümumi daxili məhsulun artım tempini müqayisə etsək aşağıdakı mənzərə ilə qarşılaşmış olarıq:

Yuxarıda qeyd olunan rəqəmlər 2010-2014-cü illəri əhatə edir və qrafikdən də göründüyü kimi bu dövrdə sığorta sektorunun inkişafı adambaşına düşən ümumi daxili məhsulu qabaqlamışdır. Bunun əsas səbəbi kimi bu dövrlərdə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və daşınmaz əmlakın icbari sığortasını, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını və sərnişinlərin icbari sığortasını əhatə edən “İcbari sığortalar haqqında” qanunların qəbul edilməsi nəticəsində bu növlər üzrə sığorta haqlarının sürətlə artmasını, həyatın yığım sığortası üzrə qanunvericilikdə nəzərdə tutulmuş vergi güzəştləri nəticəsində həyat sığortasının inkişafını və eləcə də 2010-2014-cü illərdə banklar tərəfindən verilən kreditlərin yüksək həcmi nəticəsində istər avtomobil, istər əmlak və girovla bağlı olan digər sığorta növlərinin də inkişafını göstərmək olar.

Əlbəttə ki, Azərbaycan üzrə qeyd olunan mənzərə 2014-ci ildən sonra tam dəyişir. Neftin qiymətinin aşağı düşməsi, manatın devalvasiyası, bank və maliyyə sektorunda baş verən hadisələr, kreditləşmənin sərtləşdirilməsi və digər bu kimi amillər təkcə adambaşına düşən ümumi daxili məhsulun aşağı düşməsinə deyil, həmçinin sığorta sektorunun da inkişaf templərinin zəifləməsinə səbəb olmuşdur.

Qeyd olunanları ümumiləşdirsək deyə bilərik ki, ölkəmiz üzrə sığorta sektorunun inkişafı birbaşa olaraq ölkə iqtisadiyyatının inkişafından, əhali gəlirlərinin səviyyəsindən və icbari sığortaların tətbiqindən asılı olsa da, inkişafa təsir edən digər vacib amillər də mövcuddur. Bu amillərin əsasında isə postsovet ölkələri üçün ümumi problem olan sığorta mədəniyyətinin aşağı olması, əhalinin məlumatsızlığı və sığorta sisteminə olan inamsızlıq dayanır.

 

Müəllif: Uğur İbrahimli