22 C
Baku
Thursday, April 25, 2024

Sizin adınıza kredit götürsələr, hansı təhlükə ilə qarşılaşa bilərsiniz?

Aydın məsələdir ki, ölkə bankları iş yerindən arayış təqdim etməyən müştərilərə kredit verməkdən imtina edirlər. İstər həmin şəxslərin aylıq gəlirləri olsun, istər sə də hər hansı bir müəssisədə əmək müqavələsi olmadan çalışsınlar. Qoyulan qaydaya əsasən bu şəxslərə bankların kredit verməyi mümkün deyil. Həmin şəxslər isə tək çıxış yolunu iş yerindən arayış təqdim edən digər şəxsin vasitəsilə kredit əldə etməkdə görür.

Bəs sizdən adınıza kredit götürməyinizi xahiş etsələr necə reaksiya verməlisiniz?

Misal, sizdən hər hansı yaxınınız, öz adınıza kredit götürüb ona verməyinizi xahiş edir və  kreditin aylıq ödənişini özü edəcəyini söyləyir. Ola bilər ki, yaxınınız olduğuna görə etiraz edə bilməyəsiniz. Qardaşın belə qardaşa etibar edə bilməyəcəyi dövrdə yaşadığımızı nəzərə alsaq, əgər həmin şəxs sizin bir o qədər də yaxınınız deyilsə, bu  təkliflə razılaşmaqdan əvvəl sizi yarı yolda qoymayacağını bilməlisiniz.

Necə deyərlər şər deməsən xeyir gəlməz. Ona görə də məsələnin mənfi cəhətlərini araşdıraq. Çünki, müsbət tərəf məlumdur. Aylıq ödənişləriniz olunacaq və kredit borcu bağlanacaq. Mənfi tərəflər isə biraz qəlizdir.

Krediti alıb başqasına verdiyiniz zaman ilk növbədə bilməlisiniz ki, məsuliyyəti daşıyan tək şəxs sizsiniz. Buna görə də əgər həmin şəxs kreditin aylıq ödənişini etməsə bank məsuliyyət daşşıyan şəxs olaraq, sizinlə əlaqə saxlayacaqdır. Bu zaman isə iki hal baş verəcək: a) ya kreditin aylıq ödənişlərini öz üzərinizə götürəcək və hər ay normal ödənişləri edəcəksiniz. b) ya da ikinci hal olaraq, ödəniş etmədiyinizə görə bank sizi məhkəməyə verəcəkdir. İş məhkəməyə gedib çıxsa belə həmin pul sizdən tələb olunacaqdır. Yəni başqa bir çıxış yolunuz olmayacaq. Banka kreditin əslində özünüz üçün götürmədiyinizi izah edə bilməyəcəksiniz.

Bu hadisə isə təbii ki, sadəcə sizə pis təsir edəcək. Çünki, bu zaman sizin kredit tarixçəniz korlanacaq. Korlanmış kredit tarixçəsinə sahib olduğunuz zaman isə sizin həmin bank və yaxud digər bank tərəfindən kredit əldə etməyiniz mümkünsüz olacaqdır.

Burada digər bir nüansa da diqqət yetirmək lazımdır. Ola bilər ki, bank kredit üçün əlavə bir zamin də tələb etsin. Misal, siz bankdan krediti alıb başqasına verdiniz. Bu zaman bankın tələb etdiyi zamini də siz tapsanız, pulu götürüb verdiyiniz adam ödənişlərini etməsə, məhkəmə həm sizi hə də zamini işə cəlb edəcək. Burada məhkəmə qətnaməsindən asılı olaraq, kreditin ödənişini sizə yüklənə və ya zaminlə sizin aranızda bölünə bilər.  Lakin bu artıq məhkəmənin qərarından asılıdır.  Zamin olmadığı təqdirdə isə, yuxarıda da qeyd etdiyimiz kimi, ödənişin hamısı sizə yüklənəcək və əməkhaqqınızdan tutulacaq. Əks halda isə borc sizin əmlakınıza yönələcək. Hətta bu zaman inzibati həbs qoyula və xaricə çıxışınız məhdudlaşdırıla bilər.

Bu situasiya bir növ hər hansı bir şəxsə zamin durmağa bənzəyir. Çünki, əgər siz zamin durmusuzsa və kredit götürən şəxs ödənişlərini etməsə və pulu ödəməkdən imtina edərsə,  kreditorlar pulu zamindən yəni sizdən tələb etməyə başlayır və ya borc borcalanın mülkiyyətinə yönəlir.

Borcun bağlanması ilə problem yarandığı təqdirdə bank hər iki borcalana qarşı iddia qaldırmaq hüququna malikdir. Məhkəmənin sonrakı qərarları müqavilədə əks olunmuş zaminin məsuliyyət dərəcəsinin ölçüsündən asılıdır. Əgər zamin öz şəxsi evi ilə borcalana zəmanət veribsə, həmin mülkiyyət hərraca çıxarıla bilər.  Buna görə də həm zamin durduqda, həm də krediti götürüb başqasına verdiyiniz zaman diqqətli olun.

Sonda isə təbii ki, ilk növbədə sizə heç bir şəxsə güvənib, öz adınıza kredit götürməyi məsləhət görmürük. Lakin,  məcbur olub başqası üçün kredit götürmüsünüzsə bu zaman əgər sizi yarı yolda qoysalar və kredit ödənişləri edilməsələr, gələcəkdə özünüz üçün kredit götürməkdə problemlər ilə qarşılaşmamağınız üçün ödənişləri sizin etməyiniz məsləhətlidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər