23 C
Baku
Thursday, April 25, 2024

SOCAR “Maire Tecnimont” şirkəti ilə müqavilə imzaladı

Müqaviləyə əsasən Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və rekonstruksiyası layihəsinin bir hissəsi kimi müəssisədə EPC sabit qiymət prinsipləri əsasında yeni qurğuların tikintisi həyata keçiriləcək. Banker.az-a bu barədə SOCAR-dan məlumat daxil olub.

Fevralın 1-də SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və Tecnimont/Kinetics Technology Alyansı arasında zavodun yenidənqurma və modernizasiya layihəsi çərçivəsində yeni qurğuların tikintisi üzrə EPC müqaviləsi imzalanmışdır.

SOCAR Azərbaycanda istehsal olunan neft emalı məhsullarının keyfiyyətini və istehsal həcmini artırmaq məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunda rekonstruksiya və modernizasiya layihəsini davam etdirir. Layihə çərçivəsində İlkin Detallı Layihələndirmə (FEED) işləri başa çatdırılmış və layihənin növbəti – Layihələndirmə, Satınalma, Tikinti (EPC) mərhələsinin icrası məqsədilə tender müsabiqələri keçirilmişdir.

NEZ-in rekonstruksiyasına dair EPC işləri iki hissədən ibarətdir: yeni qurğuların tikintisi və mövcud qurğuların yenidən qurulması. Yeni qurğuların tikintisi üzrə tender 2017-ci il fevralın 10-da elan edilmiş, seçim prosesində 5 beynəlxalq şirkət iştirak etmişdir. Maire Tecnimont SpA şirkətinin törəmə şirkətləri Tecnimont və Kinetics Technology alyansı tenderdə yüksək yekun göstəricilər qazanaraq, yeni obyektlərin tikintisi üçün EPC podratçısı seçilmişdir. Müqaviləyə əsasən, 10-dan çox istehsal qurğusunun tikintisini nəzərdə tutulur. Mövcud qurğuların və ümumizavod təsərrüfatı obyektlərinin yenidən qurulması isə ötən ilin dekabr ayında digər tenderin qalibi olan Técnicas Reunidas şirkətinə həvalə olunmuşdur.

SOCAR Tower-də keçirilən imzalanma mərasimində hər iki tərəfdən yüksək vəzifəli şəxslər, həmçinin İtaliyanın Azərbaycandakı səfiri cənab Auqusto Massari iştirak etmişlər. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov və “Maire Tecnimont S.p.A.” şirkətlər qrupunun baş icraçı direktoru Pierroberto Folgiero imzalamışlar.

İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Bu gün biz Avro-5 standartına cavab verəcək yüksək keyfiyyətli dizel, benzin və digər yanacaq məhsullarının istehsalına daha bir addım yaxınlaşdıq. “Maire Tecnimont SpA” dünyanın aparıcı şirkətlərindən biridir. Əməkdaşlığımız yaxın illərdə Azərbaycanın daxili bazarını yüksək keyfiyyətli yanacaqla təmin etməyə, ölkəmizin ixrac gəlirlərini artırmağa imkan yaradacaq.”

“Maire Tecnimont S.p.A.” şirkətlər qrupunun baş icraçı direktoru Pierroberto Folgiero çıxışında qeyd etmişdir: “Azərbaycanda həyata keçirdiyimiz iki strateji neft-kimya layihəsindən sonra, bu müqavilə “Maire Tecnimont” qrupuna emal işində SOCAR ilə məhsuldar münasibətlər qurmağa, neft-kimya sənayesi ilə inteqrasiya strategiyasını dəstəkləməyə imkan verəcək. Biz ölkənin karbohidrogen ehtiyatlarının işlənməsi üzrə daunstrim sektorunda belə bir nüfuzlu müştəri ilə münasibətləri davam etdirməkdən həqiqətən qürur duyuruq.”

O həmçinin qeyd etmişdir ki, Maire Tecnimont şirkəti SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıqda yerli kadrların birgə hazırlanmasını davam etdirmək və yeni müqavilənin imzalanmasından sonra bu işləri daha da genişləndirmək niyyətindədir.

Emal zavodunun yenidənqurma layihəsi podratçı şirkətlər – SOCAR-KBR/KBR alyansı tərəfindən idarə olunur. Layihənin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur. I mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğuları, eləcə də yeni maye qazdoldurma məntəqəsi tikilib istismara veriləcəkdir. II mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işləri müəyyənləşdirilmişdir. III mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası nəzərdə tutulmuşdur.

Modernizasiya layihəsinin həyata keçirilməsi istehsal edilən yanacağın keyfiyyətini Avro-5 standartına uyğunlaşdırmağa və istehsal həcmini ildə 7,5 milyon tona çatdırmağa imkan verəcəkdir. Rekonstruksiya ölkəmizin ixrac potensialını və NEZ-in gəlirliliyini artıracaq, həmçinin “Azərikimya” İB-nin sabit xammal təchizatını təmin edəcək. Layihə nəticəsində NEZ-in əməliyyat xərclərinin optimallaşdırılması, habelə Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması gözlənilir.

QEYD:

Milan Fond Birjasının reyestrinə daxil olan “Maire Tecnimont S.p.A.” şirkətlər qrupu mühəndislik, satınalma və tikinti işlərini həyata keçirir və texnologiyaların hazırlanması üzrə, energetika, neft-qaz, neft-kimya, habelə infrastruktur layihələrində dünyanın aparıcı müəssisələrindən biridir. 40 ölkədə nümayəndəliyi olan və 50 şirkətə nəzarət edən “Maire Tecnimont S.p.A.” şirkətlər qrupunda təxminən 8 minə yaxın işçi çalışır. Tecnimont/Kinetics Technology Alyansı qeyd olunan şirkətlər qrupunun tərkib hissəsidir və hər iki şirkət oxşar sahələrdə fəaliyyət göstərir. Tecnimont şirkəti Azərbaycanda həm də SOCAR-ın neft-kimya sənayesində reallaşdırdığı SOCAR-POLYMER Layihəsinə EPC podratçı qismində cəlb edilmiş, yeni polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarının inşası çərçivəsində mühəndislik, təchizat və tikinti üzrə müqavilələr imzalamışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər