“S&P”: Rusiya iqtisadiyyatında kredit riskləri artır

“Bəzi rusiyalı borcalanların məcmu borcu Rusiya bank sisteminin kreditləşmə imkanlarını artıq üstələyib”. Bu açıqlamanı “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi yayıb.

Agentliyin məlumatında bildirilir ki, xarici maliyyələşmə mənbələrinin sanksiyalar nəticəsində məhdudlaşması, Rusiya şirkətlərinin yerli banklarla əlaqələrini daha da sıxlaşdıraraq onlardan asılı duruma salır. Belə ki, “S&P”-yə görə, “Rosneft” şirkətinin 2013-cü ildə 75%-ə yaxın borcu xaricdə istiqraz satışı və ya xarici sindikatlaşmış kreditlərlə təmin edilib. Lakin, sanksiyalar səbəbindən xarici kreditləşmədən məhrum olan şirkət yerli banklara üz tutub. “Transneft” öz vəsaitlərinin 64%-ni dövlət banklarında, “Qazprom” isə “60%-ni “Qazprombank”da tutur. Reytinq agentliyi bildirir ki, bu banklarda çətinlik yaranacağı halda, iri şirkətlərdə də problemlər qaçılmazdır.

Agentlikdən verilən məlumatda bildirilib ki, şirkətlərlə banklar arasında asılılıq nə qədər sıx olarsa, banklar o qədər çox riskə məruz qalır. Belə ki, Rusiyada bankların 20 ən iri müştərisinə verdiyi kreditin nizamnamə kapitalına nisbəti 226%-lə dünyada ən yuxarı göstəricilərdəndir. Bu da o deməkdir ki, hər hansı bir iri borcalanın iflası bank sistemini çökdürə bilər.

Agenliyin məlumatına görə, “Qazprom” və “Rosneft” şirkətlərinin borcları bank sisteminin bir müştəriyə verə biləcəyi maksimal borc həddi – 40 mlrd. dollara yaxınlaşıb. Analitiklər nəhəng Rusiya şirkətlərinin banklarla daha sıx əlaqələrinin olduğunu düşünürlər. Onların fikrincə, Mərkəzi Bank heç də hər zaman tərəflər arasında kreditləri bütünlüklə nəzərə almır. Noyabrın 1-nə banklar şirkətlərin 65 mlrd. dollarlıq istiqrazlarını alıb. Şirkətlər isə öz növbəsində bu istiqrazları Mərkəzi Bank və ya banklararası bazarda girov qoyaraq valyuta borclarını yenidən maliyyələşdirməklə hələ ki, çətin vəziyyətdən çıxır.