Startaplar uğurlu olmaq üçün komfort zonadan uzaq olmalıdır – Tahir Mirkişili ilə müsahibə

Tahir Mirkişilinin, 2017-ci ilin trend mövzusu olan texnologiyalar və müasir sahibkarlıq haqqında fikirlərini alınıb.

İlkin olaraq qeyd edək ki, Tahir Mirkişili Milli Məclisdə çox savadlı və dünya görüşünə sahib olan millət vəkillərindən biridir. Elə bizim də müsahibə almaq üçün seçdiyimiz şəxsin Tahir Mirkişili olması təsadüfi deyil. Adətən digər millət vəkillərinin lazımsız mövzular üzərindən gündəmə gəldiyini nəzərə alıb, ənənəvi olaraq digər medialardan fərqli olaraq bu dəfə də sizə özünəxas bir müsahibə təqdim edirik.

Qısaca olaraq qeyd edək ki, Tahir Mirkişili Amerikanın məşhur Stanford universitetində İKT iqtisadiyyatının idarəedilməsi üzrə ixtisaslaşmış proqramı bitirmişdir. Bu universitet San Fransiskoda sahibkarları yetişdirən və Silikon vadisinin təməl təhsil ocaqlarından biridir. Daha sonra Oxford universitetində Beynəlxalq iqtisadiyyat və Beynəlxalq Siyasət proqramını bitirmişdir.

Tahir Mirkişiliyə ilk sualımız Azərbaycanın dövlət strukturlarında İKT-nin hansı səviyyədə tətbiq olunması ilə bağlı oldu.

– Azərbaycan dövlət orqanları İKT-nın yaratdığı üstünlüklərdən hansı səviyyədə faydalanır?

– Azərbaycanda dövlət qtrukturlarında İKT-nin tətbiqi 2 istiqamətdə aparılır. Dövlət idarəetməsində və dövlət-vətəndaş, dövlət-biznes münasibətlərində. Hər iki istiqamət üzrə xeyli uğurlar əldə edilmişdir. Davos Dünya İqtisadi Forumunun açıqladığı Rəqabətqabiliyyətlik reytinqində dövlət orqanlarında İKT-nin tətbiqinə görə dünya sıralamasında Azərbaycan 137 ölkə arasında 14-cı yerə layiq görülmüşdür. Bu həqiqətən yaxşı göstəricidir. Son illərdə xüsusən ASAN XİDMƏT layihəsinin fəaliyyətini yüksək dəyərləndirmək olar. ASAN XİDMƏT dövlət orqanlarının göstərdiyi xidməti innovativ yollarla daha əlçatan və sürətli edir. Özəl sektorda vəziyyət fərqlidir. Ölkədə kompüterdən istifadə edən müəssisələrin xüsusi çəkisi 65% dir. Bu istiqamətdə görüləsi xeyli işlər var. Sahibkarlıqda İKT-nin tətbiqi biznesin rəqabət qabiliyyətliliyini artırır və gəlir gətirir. 2017-ci ildə Milli Məclis tərəfindən 20-dən çox qanun layihəsinə edilmiş dəyişiklik məhz elektron münasibətlərin təmin olunmasına yönəlmişdir. Elektron hökümət portalından istifadə edən istifadəçilərin sayı da artan sıra ilə yüksəlir. Azərbaycanda internet istifadəçilərini sayı 80%-i keçmişdir. Əhalinin 2.3 milyon nəfəri sosial şəbəkələrdən istifadə edir. İnsanların texnologiyaya artan marağı xidmətlərin internet üzərindən təqdim olunmasını tələb edir. Bu bir növ sosial sifarişdir və dövlət də bunu təmin edir. Bildiyiniz kimi elektron hökümətin 1.0 -2.0 -3.0 modelləri mövcuddur. Azərbaycan hal hazırda elektron hökumətin 2.0 modelinə keçid edib.

– Estoniya hal hazırda dövlət elektronlaşması sahəsində 99%-lik bir nəticəyə yaxındır. Məqsəd ilk elektron dövlət olmaqdır. Bəs Azərbaycan bu haqda düşünürmü? Niyə biz bunu tətbiq etmirik?

– Avropa İttifaqında 28 üzv ölkə var və texnologiyanı bu səviyyədə bütün münasibətlərdə tətbiq edən ölkə hələ ki, Estoniyadır. Estoniya sırf bu göstərici ilə üzv ölkələr arasında rəqabətdə önə çıxmaq şansı qazanmışdır. Dövlətin qarşısında duran əsas məqsədlərdən biri dövlət strukturlarının effektiv çalışması və əldə edimiş milli gəlirin inkluziv və ədalətli bölüşdürülməsidir. Estoniya bu məqsədlərə nail olmaq üçün aktiv şəkildə İKT dən istifadə edir və həmçinin, bu vasitə ilə xarici investorlarda ölkəyə maraq yaradır. Bu bir yoldur. Hər bir ölkə bu məqsədlərə çatmaq üçün mütəlif vasitələrdən istifadə edir. Təbii ki, Azərbaycan da İKT dən aktiv tətbiği təbliğ edir, ancaq Estoniyadan fərqli olaraq ölkəmiz üçün digər mühüm çağırışlar da var. Məsələn, uzun illərdir ki, Azərbaycanın qarşısında duran əsas məsələ ölkənin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunmasıdır. Məhz Azərbaycanın resurslarının böyük bir hissəsi bu məqsədlərə nail olmaq üçün xərclənir. Sırf bu cür problemlər bir çox hallarda proseslərin sadələşdirilməsinə və ya tam şəkildə elektron texnologiyalara həvalə edilməsinə imkan vermir. Amma buna baxmayaraq bir məsələlər uğurla həll edilir. Məsələn, elektron vizaların verilməsi kimi. Artıq Azərbaycana viza almaq prosesi çox sadələşib və elektronlaşdırılıb. Hətta Avropaya nisbətən belə daha rahatdır və daha müasirdir.

– Elektron ticarətə dair proseslərin rəsmiləşdirilməsi və asanlaşdırılması üçün hal hazırda Milli Məclisdə hansısa qanun layihələri təklif olunurmu? Yaxud e-ticarətə hansısa güzəştlər ola bilərmi?

– Hal-hazırda elektron ticarətin uğurlu təşkili üçün bütün qanunlar və hüquqi əsaslar var. İstehlakçıların hüquqlarından tutmuş digər məsələlərə qədər bütün tələblər nəzərə alınıb. İndiki halda elektron audit belə tətbiq oluna bilir. Mən düşünürəm ki, elektron ticarətin inkişafı üçün vərdişlərin formalaşmasına zaman lazımdır. E-ticarətin inkişafının zəif getməsi qanunlar və hüquqi baza ilə bağlı deyil. Cəmiyyətdə e-ticarətə qarşı etibar formalaşmalı və vərdişlər zamanla yaranmalıdır. Hal-hazırda bu tip vərdişlərin xüsusilə gənclər arasında sürətlə yayıldığını görmək olar. Güzəştlər mövzusunda isə məsələn, E-ticarətin ABŞ modelində, 90-cı illərdə sahibkarlarda maddi motivasiya yaratmaq üçün elektron ticarətdə mənfəət vergisinə 2 dəfə güzəşt tətbiq olunmuş idi. Bu da e-ticarətin təşviqinə gətirib çıxarırdı.Bu güzəşlətlə ABŞ-da elektron ticarətin sürətlə yayılmsına səbəb oldu. Gələcəkdə bu tipli motivasiyalar sahibkarlar üçün ölkəmizdə də tətbiq oluna bilər.

– Son illərin trend mövzusu olan blockcahin texnologiyası haqqında nə düşünürsünüz? Ümumiyyətlə, kriptovalyutaların ölkəmizdə tətbiqi ilə bağlı Milli Məclisdə müzakirələr olurmu?

– Bu texnologiya 10 ildir ki, mövcuddur. Ümumiyyətlə “blockcahin” 100 illərdir insanlar arasında olan formalaşan etibar yaradıcı münasibətlərin alternativ formasıdır. İnsanlar arasında olan münasibətlərin tənzimlənməsi ənənəvi qaydada həmişə 3-cü tərəflərin şahidliyi əsasında baş tuturdu. Məsələn, məhkəmə, dövlət, bank və s. Blockchain platformaları isə təmamilə fərqli yanaşmadır və alternativ bir həll təklif edir. İnsanlar arasında olan münsaibətlər vasitəçilər olmadan texnologiyar əsasında qarşılıqlı tənzimlənir.

Mən inanıram ki, gələcəkdə bu texnologiya insanlar arasında münasibətlərin formalaşmasının yeni mərhələsi olacaq. Düşünürəm ki, möcvud institutlar hələ buna hazır deyil. Hal-hazırda gedən proseslər, kriptovalyutaların alqı-satqısı əsasən spekulyasiya əsaslıdır. Cəmiyyət tam olaraq bu texnologiyanı qavraya bilmir və adaptasiya olmayıb. Ümumiyyətlə bir yeniliyin tam olaraq formalaşması və tətbiq olunması üçün kritik kütlə formalaşmalıdır.

Blockcahin-in tam tətbiq olunması üçün də bu kritik kütlə hələ tam formalaşmalıdır. Kritik kütlə cəmiyyətin bəzən 20-30%-ni də təşkil edə bilər. Amma hal hazırda biz blockcahində bunu görə bilmirik. Təbii ki, Azərbaycan da bu mövzuda maraqlıdır və artıq blockchain əsaslı data cetnter də yaradılıb, bu yaxınlarda açılışı oldu. Mərkəzi Bank da kriptovalyutalara olan marağını ifadə etdi.

Ümumilikdə götürsək, hal-hazırkı kağız pullar zamanla ölümə məhkumdur. Texnologiyanın tələbi ilə uyğunlaşmaq lazımdır. Daha az xərc tələb edən və daha çox dəyər yaradan vasitələrə keçid etmək mütləqdir. Zamanla bu baş verəcək.

Azərbaycanda mövcud startap bazarı haqqında nə deyə bilərsiniz? Niyə bizim bazardan uğurlu startaplar çıxmır?

– Qeyd etdiyim kimi, Azərbaycanda startap bazarının kifayət qədər inkişaf etməmə səbəbi kritik kütlənin olmamasıdır. Burada kritik kütlə deyəndə əsasən texnoloji təhsilə sahib olanları nəzərdə tuturam. Bildiyiniz kimi startapların uğurlu olma faizi çox aşağıdır. Daha çox uğurlu startapın olması üçün daha çox startap layihəsi yaradılmalıdır. Bu startapların yaradılması üçün də tələb olunan kritik kütlənin yaranmasıdır. Azərbaycanda da məhz kritik kütlənin formalaşması ilə bağlı sürətlə işlər getsə, buna zaman tələb olunur.

Məsələn, Azərbaycanda 1500-ə yaxın proqrmçı varsa, Gürcütanda bu say 10.000 nəfərə yaxındır. Başqa bir nümunə, Belarusda bu sahə üzrə hər il 27 min tələbə məzun olur. Azərbaycana İKT sahəsi üzrə məzun olan tələbələrin sayı tələb olunandan çox azdır. ADA Universitetində İKT məktəbinin, İT STEP akademiyasının fəaliyyətə başlaması xüsusi təqdirə layiq hadır. Amma İKT mütəxəssislərini yetişdirilmsə kütləviləşməli və əlçatan olmalıdır. Sahə həm də xeyli həcmdə valyuta gətirə bilir. Məsələn, Belarus hər il İKT məhsulları ixracından 1 milyard dollara yaxın gəlir əldə edir. Yeganə həll kimi İKT sahəsi üzrə mütəxəssislərin yetişdirilməsini görürəm. Yalnız bu halda kritik kütlə böyüyə bilər. Ölkəmizdə də bu sahənin inkişafı üçün kritik həcmdə kütlə formalaşmalıdır.

Uğurlu startaplar yarandığı ölkə ilə heç vaxt məhdudlaşmırlar. Onlar qlobal düşünür və böyük qlobal virtual bazarı hədəf alırlar. Belə olanda startapların uğur göstəricisi daha yüksək olur. Dövlətin startaplara dəstəyi isə onun sosial siyasətini tərkib elementidir. Ölkəmizdə bu sahənin inkişafı üçün müxtəlif qrantlar ayrılır, texnoloji parklar yaradılır. Amma təcrübə göstərir ki, xüsusi uğurlu startaplar daha çox konfort zonadan uzaqda yaradılır. İndi böyük imkanlara sahib texnologiya şirkətləri ilkin fəaliyyətləini qarajda və ya xüsusi bir dəstək olmadan başlamışdırlar.

Startaplar innovativ sahibkarlığın bir növüdür və dövlət sadəcə bunun inkişafı üçün zəmin yarada bilər. Təhlillər göstərir ki, dünyada uğurlu startapların demək olar ki, heç birinin dövlət dəstəyi ilə bağlılığı yoxdur. Uğur əldə etmək üçün sadəcə yorulmadan cəhdlərinin sayını artırmaq lazımdır və düşünürəm ki, startaplar nə qədər konfort zonadan uzaqda olsalar, o qədər uğura sahib olmaq imkanı qazanarlar. Uğurlu startap layihələrin əsasında onların unikal ideyaları və o ideyanı həyata keçirmək üçün sərf olunan insanların tükənməz enerjisi dayanaır.


©Technote

📝 RƏY BİLDİR