23 C
Baku
Thursday, April 25, 2024

Stephen Hawking Einstein, Galilei və Newton’un həyatından danışır

İngilis fiziki və riyaziyyatçısı Stephen Hawking elmin populyarlaşdırılması sahəsində fəaliyyəti ilə məşhurdur. Onun “Böyük partlayış” və “Qara dəlik” nəzəriyyələri çox məşhurdur. Hawking’in elmin populyarlaşdırılması sahəsində ilk kitabı “Zamanın qısa tarixi” 1988-ci ildə məşhur astrofizik Carl Sagan’ın ön sözü ilə çapdan çıxıb. Kitabda bir çox təbiət hadisələri, dünyanın yaranması, kainatın quruluşu haqda elmi məsələlər sadə və canlı dildə əks olunub. “Zamanın qısa tarixi” çap olunandan sonrakı 20 il ərzində 10 milyon nüsxə satılıb. Oxu Zalı kitabdan Hawking’in böyük fiziklər haqda fikirlərinin əks olunduğu parçanı təqdim edir.

Böyük fiziklər (“Zamanın qısa tarixi” kitabından bir parça)

Albert Eynşteyn

Stephen Hawking kitabında Eynişteynin elmi simasından əlavə ictimai və siyasi simasını təqdim etməyə çalışır O yazır: “Eynşteynin nüvə silahına əsaslanan siyasətə münasibətinin necə olduğu yaxşı bəllidir: O prezident Ruzveltə ünvanlanmış məşhur məktubu imzalamışdı və bu məktub ABŞ-ı yaranmış vəziyyəti çox ciddi bir şəkildə dəyərləndirməyə məcbur etmişdi; müharibədən sonra isə, Eynşteyn nüvə müharibəsinin qarşısını almaq üçün yaranmış hərəkata qoşulmuşdu. Bu hadisə alimin həyatında siyasətə qarışmaqla bağlı ötəri bir epizod deyildi. Eynşteynin öz sözləri ilə desək, onun həyatı “siyasət ilə tənliklər arasında bölüşdürülmüşdü”.

Albert Einstein ABŞ-da mühazirə deyir (1934)
Albert Einstein ABŞ-da mühazirə deyir (1934)

Eynşteynin ilk siyasi fəallığı hələ Birinci dünya müharibəsi dövründə, onun Berlin universitetinin professoru olduğu zamanlarda başlamışdı. Müharibədə baş verən qırğınların nahaq insan ölümü olduğunu hesab edən böyük alim o vaxt müharibə əleyhinə keçirilən nümayişlərdə ardıcıl olaraq iştirak edirdi. Onun vətəndaş itaətsizliyi göstərənləri və orduda qulluq etməkdən boyun qaçıranları açıq şəkildə təqdir etməsi, alim yoldaşları arasında Eynşteynin populyarlığını azalmasına gətirib çıxarmaya bilməzdi. Müharibədən sonra Eynşteyn bütün gücü ilə savaşan tərəflər arasında sülh yaradılmasına və ümumilikdə beynəlxalq münasibətlərin yaxşılaşmasına çalışırdı. Bu kimi fəaliyyətlər də, Eynşteynin populyarlığının azalmasına səbəb olurdu və bir müddət sonra iş o yerə gəlib çatdı ki, onu ABŞ-da mühazirə oxumağa çox çətinliklə buraxmağa başladılar”.

Hawking Eynşteynin yəhudi elm adamı kimi sionizmlə əlaqələrinə də işıq salır: “Eynşteynin həyatında ikinci çox mühüm fəaliyyət sahəsi sionizmlə bağlı olmuşdu (O vaxtlar hələ sionizm adı altında, BMT-nin və SSRİ-nin müdafiə etdiyi, yəhudilərin vahid dövlətinin yaradılması nəzərdə tutulurdu). Milli mənsubiyyətinə görə yəhudi olan Eynşteyn Bibliyada deyilən Allah ideyasına inanmırdı. Birinci dünya müharibəsindən öncə güclənməyə başlayan antisemitizm, tədricən, Eynşteyni özünü yəhudi icmasının ayrılmaz bir üzvü saymağa, daha sonra isə, bütünlüklə sionizmin tərəfdarı olmağa gətirib çıxardı. Bütün bunların onun populyarlığının azalmasına göstərdiyi mənfi təsirlərə baxmayaraq, Eynşteyn öz baxışlarını tamamilə açıq şəkildə deməkdən çəkinmirdi. Bu kimi fəaliyyətinə görə, Eynşteynin nəzəriyyəsi təqib edilməyə başladı; hətta, antieynşteynçi təşkilat da yaradıldı. O çağlarda bir nəfər Eynşteyni öldürmək istəməkdə təqsirli bilinərək məhkəməyə verilmiş və cəmi altı dollar cərimə ödəyərək azad edilmişdi. Ancaq, hətta, o vaxt “Yüz müəllif Eynşteynə qarşı” kitabı çıxanda da, Eynşteyn öz təmkinini pozmadan demişdi: “Əgər mənim haqsız olduğumu göstərə bilsəydilər, elə bir müəllif də bəs edərdi!””

Həmçinin Hawking “Zamanın qısa tarixi”ndə Albert Eynşteynlə Almaniyadakı Nasist rejiminin münasibətlərinə və Eynşteynin Amerikaya mühacirətinə işıq salır: “1933-cü ildə Almaniyada Hitler hakimiyyətə gəldi. Bu vaxt Amerikada olan Eynşteyn elan etdi ki, o Almaniyaya qayıtmayacaqdır. Nasist ordu bölməsi onun Berlindəki evini mühasirəyə alandan və onun bank hesabında olan pullar müsadirə olunandan sonra Berlində çıxan qəzetlərin birində belə bir başlıq verilmişdi: “Yaşı xəbər – Eynşteyn qayıtmayacaq”. Faşizmin yaratdığı təhlükəyə görə, Eynşteyn pasifizmdən uzaqlaşdı və nəhayət, alman alimlərinin atom bombası yarada biləcəklərindən qorxduğu üçün, ABŞ dövlətinə özünün atom bombasını yaratmalı olduğunu təklif etdi. Ancaq hələ birinci atom bombasının partlayışına qədər Eynşteyn dünya ictimaiyyətinə müraciət edib nüvə müharibəsinin çox təhlükəli olması ilə bağlı xəbərdarlıq etdi və nüvə silahları üzərində beynəlxalq nəzarətin təşkil edilməsi təşəbbüsünü irəli sürdü.

Eynşteynin bütün ömrü boyu davam edən sülhpərvərlik missiyası, görünür, lazımi nəticələr verə bilməmişdi və hər halda bunu qətiyyətlə demək olar ki, bu fəaliyyəti ona dostlar qazandırmamışdı. Ancaq Eynşteynin sionizmi müdafiə edən açıq çıxışları layiqincə dəyərləndirilmişdi və 1952-ci ildə ona İsrailin prezidenti vəzifəsini tutmaq təklif edilmişdi. Eynşteyn, özünün siyasətdə çox sadəlövh olduğunu düşündüyünü deyib, bu təklifdən boyun qaçırmışdı. Ancaq, yəqin ki, bu boyun qaçırmanın səbəbi başqa idi. Onun bununla bağlı dediyi sözü bir də sitat gətirirəm: “Mənim üçün tənliklərlə məşğul olmaq daha vacibdir, çünki, siyasət bugün üçün lazımdır, tənliklər isə, əbədiyyət üçündür””. – deyə Hawking kitabında yazır.

Qalileo Qaliley

“Zamanın qısa tarixi”ndə Hawking digər böyük fizik Qalileo Qaliley və onun kilsə ilə arasındakı ixtilafdan bəhs edir: “Tarixilik baxımından yanaşanda, müasir elmin doğulmasında Qalileyin rolu bütün başqa şəxslərdən daha böyükdür. Katolik Kilsəsi ilə məşhur mübahisə Qalileyin fəlsəfəsində mərkəzi yeri tutur, çünki, o insanın dünyanın quruluşunu anlaya biləcəyini və buna bizim real dünyanı müşahidə etməklə çatamağımızın mümkün olduğunu deyən ilk insanlardan biri idi.

Galileo Galilei və onun teleskopu.
Galileo Galilei və onun teleskopu.

Qaliley elmlə məşğul olmağa başladığı ilk dövrlərdən başlayaraq, Kopernikin planetlərin günəş ətrafında fırlanması ilə bağlı təliminə inanmışdı, ancaq bu təlimin doğruluğunu təsdiq edən dəlillər tapandan sonra, onu açıq şəkildə müdafiə etməyə başlamışdı. Kopernikin nəzəriyyəsi ilə bağlı elmi işlərini Qaliley o vaxt qəbul olunduğu kimi, latın dilində deyil, italyan dilində yazmışdı və çox keçmədən onun bu araşdırmaları universitetin hüdudlarından kənarda da yayılmağa başlamışdı. Onun bu fəaliyyəti, Qalilleyə qarşı birləşən, Katolik Kilsəsini Kopernikin təlimini küfr elan etməyə məcbur edən, Aristotel təliminin ardıcıllarının xoşuna gəlməmişdi.

Baş verənlərdən həyəcanlanan Qaliley nüfuzlu kilsə xadimləri ilə məsləhətləşmək üçün Romaya yollandı. O kilsə xadimlərinə izah etməyə çalışırdı ki, Bibliyanın hansısa bir elmi nəzəriyyəni müqəddəsləşdirmək kimi məqsədi ola bilməz və Bibliyanın sağlam düşüncə ilə ziddiyyət yaradan yerlərini alleqoriya kimi qəbul etmək lazımdır. Ancaq o vaxt protestantlarla amansız çəkişmələrdə olan Katolik Kilsəsi belə bir doktrinanı qəbul edərsə, mübarizədə biabırçı məğlubiyyətə uğrayacağından çəkinərək repressiv tədbirlərə əl atdı. 1616-cı ildə Katolik Kilsəsi Kopernikin təlimini “yalançı və səhv” olduğunu bildirdi, eyni zamanda Qalileyə həmişəlik olaraq bu təlimi müdafiə etməyi də yasaqladı. Qaliley razılaşmalı oldu”.

Hawking Qalileyin öz dövründə kilsənin qadağa və senzurasından imkan taparaq öz kitabını yazmasından belə bəhs edir: “1623-cü ildə Qalileyin köhnə dostlarından biri Roma Papası oldu. Qaliley vaxt itirmədən, 1616-cı ildə verilmiş fərmanın ləğv edilməsi üçün çalışmağa başladı. Onun bu işi uğursuzluqla bitsə də, ancaq hər halda Aristotelin və Kopernikin təlimlərini müzakirə edə biləcəyi bir kitab yazmaq üçün razılıql ala bildi. Onun qarşısında iki şərt qoyulmuşdu: o bu kitabdakı araşdırmalarında müzakirəyə çıxardığı tərəflərdən heç birinin tərəfində olmamalı idi və kitabda belə bir son nəticəyə gəlməli idi ki, insan heç vaxt dünyanın necə qurulduğunu öyrənə bilməz, çünki, kilsənin fikrincə, Allah qanunauyğunluq kimi qavranılan effektləri insan ağlının qavraya bilmədiyi üsullarla doğurmağa qadirdir və insanın bu qanunları kəşf etməsi ilə Allahın qüdrətini məhdudlaşdırması yolverilməzdir.

Qalileyin yazdığı “Dünya haqqında iki başlıca sistemin dialoqu” kitabı bütövlükdə senzuranın razılığından keçib, 1632-ci idə çap olundu və o dəqiqə də, bütün Avropada ədəbi və fəlsəfi şedevr kimi tanındı. Ancaq çox keçmədən Papa başa düşdü ki, bu kitab oxucular tərəfindən Kopernik təliminin inamlı bir müdafisəi kimi anlaşılır və kitabın çapına razılıq verdiyinə görə peşman oldu. Papa elan etdi ki, senzuranın kitabı təqdir etməsinə baxmayaraq, Qaliley hər halda 1616-cı ildə verilmiş kilsə fərmanının tələblərini pozmuşdur. Qaliley inkivizisiya məhkəməsinin önündə dayanmalı oldu və ömürlük ev dustaqlığına məhkum olunmaqla, xalq qarşısında Kopernik təlimindən imtina etdiyini deməyə məcbur edildi. Qaliley bu dəfə də, çıxarılan hökmə itaət etməli oldu. Katolik etiqadaına ürəkdən bağlı olan Qalileyin elmin müstəqilliyinə olan inamı da sarsılmaz idi. Ölümünə dörd il qalmış, 1642-ci ildə, Qaliley hələ də ev dustaqlığında olanda özünün ikinci böyük əsəri olan “İki yeni elm” adlı kitabının əlyazmasını, gizlincə, bir holland naşirinə göndərmişdi. Məhz onun bu əsəri, Koperniki müdafiə etməsindən daha çox, müasir elmin doğulmasına imkan yaratmışdı”.

İsaak Nyuton

Stephen Hawking tarixin digər böyük fiziki İsaak Nyutonun elmi fəaliyyəti və onun dövrünün elm adamları ilə intiriqalarından kitabında bəhs edir, o Nyuton haqda yazır: “İsaak Nyutonu yapışıqlı insan adlandırmaq olmaz. Onun başqa alimlərə qarşı bəslədiyi çox pis münasibəti yaxşı məlumdur və o ömrünün son illərini kəskin mübahisələr içində keçirmişdi. Özünün, indiyədək yazılan kitablar arasında fizikanın inkişafına ən güclü təsir göstərmiş olan “Riyazi başlanğıc” əsərinin çapından sonra Nyuton tez bir zaman içində cəmiyyətin yüksək təbəqəsi arasında yer ala bilmişdi. O İngiltərədə elmlər akademiyasının funnksiyalarını yerinə yetirən Kral cəmiyyətinin prezidenti təyin olunmaqla bərabər, rıtsar aristokrat tituluna layiq görülən ilk alim olmuşdu.

Çox keçmədən Nyuton krallığın astronomu Con Flemstidlə savaşdı, bu astronom Nyutonun “Riyazi başlanğıc” kitabını yazmaq üçün lazım olan materiallara təmin etmişdi, indi isə, Nyutona lazım olan materialları gecikdirməyə başlamışdı. Nyuton bu vəziyyətə dözməyərək özünü kral rəsədxanasının rəhbərliyi sırasına daxil etmiş, sonra əldə olunan nəticələri gecikdirmədən çap etdirməyə başlamışdı. Nəhayət o, qisas almaq məqsədi ilə, Flemstidin gördüyü işləri onun əlindən tutub ala bilmişdi və Flemstidin qatı düşməni olan Edmond Halleylə razılaşıb bu işləri onun adından çap etdirmək istəmişdi. Ancaq Flemstid işi məhkəməyə vermiş və oğurlanmış işlərinin başqasının adına çap edilməsinin qarşısını almağa fürsət tapa bilmişdi. Məhkəmənin qərarı Nyutonu bərk hiddətləndirmişdi və o Flemstiddən qisas almaq üçün “Riyazi başlanğıc” kitabının sonrakı nəşrlərində Flemstidin adından verilmiş bütün məlumatları kitabdan çıxarmağa başlamışdı”.

İngilis fiziki Isaac Newton.
İngilis fiziki Isaac Newton.

Hawking həmçinin Nyutonun elmi çevrələrdə ən böyük intiriqalarından biri alman alimi Qotfrid Leybnitslə mübahisələri və intiriqalarından bəhs edir: “Nyutonun daha kəskin mübahisəsi alman filosofu Qotfrid Leybnitslə olmuşdu. Leybnits və Nyuton biri-birindən xəbərsiz riyaziyyatın differensial hesablamalar adlanan oblastında böyük kəşflər etmişdilər, yeri gəlmişkən, differensial hesablamalar müasir fizikanın böyük bir hissəsinin əsasında dayanır. Biz indi Nyutonun differensial hesablamalarla bağlı nəticələri Leybnitsdən bir neçə il öncə kəşf etdiyini, ancaq bu nəticələri xeyli sonra çap etdirdiyini bilirik. Nyutonla Leybnits arasında kimin birinci olması ilə bağlı çox böyük qalmaqala yarandı. Alimlər də iki yerə bölünüb, biri-biri ilə çəkişən rəqibləri canfəşanlıqla müdafiə etməyə başladılar. Mübahisə qızışdı və birdən Leybnits Kral cəmiyyətinə müraciət edib mübahisəni həll etməyi xahiş etməklə kobud bir səhvə yol verdi. Kral cəmiyyətinin prezidenti olan Nyuton mübahisəni ayırd etmək üçün “bu işdə maraqlı olmayan adamlardan” ibarət bir komissiya yaratdı və “təsadüfən” bu komissiyanın bütün üzvləri yalnız Nyutonun dostlarından ibarət oldu! Ancaq bu hələ hamısı deyildi: Nyuton özü komissiyanın adından hesabat yazıb Kral cəmiyyətinin bunu açıqlamasına nail oldu və beləliklə də, Leybnitsi plagiatçılıqda ittiham etdi. Bununla da ürəyi soyumayan Nyuton Kral cəmiyyətinin qəzetində çap etdirdiyi anonim məqaləsində bu hesabatın qısa məzmununu daha geniş dairədə yaymağa çaışdı. Danışırlar ki, Leybnitsin ölümündən sonra Nyuton, “Leybnitsin ürəyini parçalaya bilməyindən” böyük həzz aldığını deyirmiş.

Bu disputların hələ də davam etdiyi bir vaxtda Nyuton Kembric universitetini və burada başçılıq etdiyi kafedranı tərk edib getmişdi. O öncə Kembric universitetində, sonra isə, parlamentdə antikatolik hərəkatının fəal iştirakçısı olmuş və buna görə, Kral pulkəsmə idarəsinin başçısı kimi çox qazanclı bir vəzifə almışdı. Burada o, özünün namərdliyini və ətiacılığını doğrulda bilmək üçün daha geniş ictimai tətbiq sahələri qazanmışdı, burada işlədiyi müddətdə Nyuton qəlp pul kəsənlərə qarşı kütləvi kompaniya aparmış və hətta, onlardan bir neçəsini dar ağaıcına da göndərmişdi”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər