15 C
Baku
Friday, March 29, 2024

Stirlinq Universitetinin məzunundan xaricdə təhsil almaq istəyənlərə tövsiyələr

Müsahibimiz University of Stirling-in məzunu cənab Seymur Quliyev

Salam Seymur bəy, mümkünsə ilk öncə oxucularımız üçün özünüz barədə qısa informasiya verərdiniz.

– 05/03/1988 tarixində Türkmənistan Respublikasının Krasnovodsk şəhərində dünyaya gəlmişəm. 1990-cı ildə “Qanlı 20 Yanvar” hadisələrindən sonra Bakıya köçmüşük və o vaxtdan Bakıda yaşayırıq. Əslən Cəlilabad rayonundanam. 1994-2005-ci illərdə Nəsimi rayonu 35 saylı orta məktəbdə orta təhsil almışam.

2005-ci ilə Qafqaz Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Biznes İnzibatçılığı (BBA) ixtisasına qəbul olmuşam. 2010-cu ildə universiteti kafedra birinci olaraq fərqlənmə diplomu ilə bitirmişəm və 2011-2012-ci illər arasında Böyük Britaniyanın Stirlinq Universitetində Marketinq sahəsi üzrə magistratura təhsili almışam. Hal hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin İxrac Əməliyyatları departamentinin Marketinq şöbəsində marketinq üzrə ekspert vəzifəsində çalışıram.

Deyirlər ki, Qafqaz universitetinin tələbələri çox nadir hallarda magistr təhsilini Azərbaycanda davam etdirir və əksər hallarda xarici universitetlərin magistr məzunu olurlar, bunu əsasən nə ilə izah edərdiniz?

– Qafqaz universitetində təhsil həm ingilis, həmdə Azərbaycan dillərindədir. İngilis dilində təhsil alan tələbələr universiteti bitirdikdən sonra xaricdə oxumaq üçün ingilis dili biliyini təsdiq edən və xarici universitetlər tərəfindən tələb olunan TOEFL, İELTS və ya SAT imtahanlarına girmədən istədikləri ölkədə öz təhsillərini magistratura proqramlarında davam etdirə bilirlər. Buna səbəb isə xarici universitetlərin ingilis dilində alınan təhsili TOEFL, İELTS və ya SAT imtahanlarının əvəzedicisi kimi görmələridir.

Azərbaycan dilində oxuyan tələblər isə həm universitet daxili, həmdə universitet xarici mühitdə ingilis dili ilə çox tez tez rastlaşdığı üçün dili öyrənmək məcburiyyətində qalırlar. Bununla yanaşı Qafqaz universitetinin zəngin kitabxanası da tələbələrin xidmətindədir. Qafqaz Universitetində oxuyan xarici tələblərin çoxluğu da ingilis dilli mühiti formalaşdırır.

1N4A0567%201– Bütün bunlardan əlavə, əsas səbəb Qafqaz Universitetinin əvəzedilməz və yüksək səviyyəli təhsilidir. Bakalavr təhsilində alınan yüksək səviyyəli təhsildən sonra tələbələrin Azərbaycanda magistraturanı ancaq diplom və dərəcə əldə etmək məqsədi ilə oxumaq istəməsi bir az real görünmədiyi üçün məzunlar daha çox Avropa və Amerika universitetlərinə üz tuturlar. Bu o demək deyil ki, yerli universitetlərin magistratura proqramları zəifdir. Sadəcə olaraq tələbələr daha perspektivli ölkələrdə təhsil alaraq öz karyeralarını daha mükəmməl qurmaq istəyirlər. Bundan əlavə ingilis dilində magistratura təhsili verən yerli universitetlər barmaqla sayılan qədərdir.

Qafqaz Universitetində tələbələri xaricdə təhsil qazanma imkanları ilə tanış edən və onlara hazırlıq prosesində yardımçı olacaq xüsusi proqramlar və tədbirlər keçirilirmi?

– Qafqaz universitetinin akademik müəllim heyətinin demək olar ki, 80%-i xarici təhsillidir və buda tələblərin xaricdə təhsil alma istəklərini stimullaşdırır.

Müəllimlərlə müzakirələr zamanı tələbələr ətraflı məlumatlandırılır. Universitet tez-tez əməkdaşlıq etdiyi universitetlərin proqram rəhbərlərini universitetə dəvət edir və bunun nəticəsində də tələbələr təhsil proqramları ilə yaxından tanış ola bilir. Digər əsas səbəb isə universitetdə aşağı və yuxarı kurs tələbələri arasında sistemləşdirilmiş münasibətlərin mövcudluğudur ki, bu münasibətlər tələblərin öz fəaliyyətlərini bir-biri ilə bölüşməsinə və effektiv ünsiyyətə şərait yaradır.

Xaricdə oxumağa hazırlaşan tələbə bu haqda digər dost tanışını da məlumatlandırır.

Qafqaz Universitetində Biznes inzibatçılığı üzrə təhsil aldıqdan sonra, nəyə görə konsentrasiyanı marketinq tərəfə yönəltmək qərarına gəldiniz- bu ehtiyac nədən yarandı?

– Qafqaz Universitetinin təhsil sistemi sözdə yox əməldə Boloniya kreditli təhsil sistemi olduğuna görə Marketinqin Əsasları dərsi üçün yuxarı kurslarla dərslərə girirdim (əslində Marketinqin Əsasları dərsi 3-cü kursun dərsi idi və mən 2-ci kursda oxuyurdum). Dərsi İqtisad Elmləri Namizədi PhD cənab Nəsimi Kamalov keçirdi. Sinfə girərkən verdiyi ilk sual “Sizcə marketinq hamıya lazımdırmı?” oldu. Bu sualın cavabında hərə bir cavab verdi və əsl cavabı Nəsimi bəy özü verdi ki “Bəli lazımdır çünki, oğlanlar elçiliyə gedir, qızlar isə özlərini xoş göstərməyə çalışır, hər kəs işə düzəlmək üçün özünü yaxşı mənada şirkətə satır və sair”. Bu cavab qarşısında məndə marketinqə qarşı qeyri adi bir sevgi yarandı. Həmin dərsin sonunda bu sahəni ixtisas olaraq seçməyi qərar verdim. Nəsimi bəy özünün marketinq sevgisini mənə aşılaya bilmişdi. Bunun üçün Nəsimi bəyə hər zaman borcluyam. Azərbaycanda güclü marketinq müəllimləri ola bilər, amma Nəsimi bəy mənim üçün Azərbaycanın Kotleridir. Kim nə deyir desin.

– Universitetin 3-cü kursunda oxuyarkən, Strateji Menecment dərsini tədris edən İqtisad Elmləri Namizədi (PhD) Rasim Abutalıbov ilə tanış oldum və mənim “bu günlərə” gəlməyimin əsas memarı məhz Rasim bəy oldu. Onun düzgün yönləndirmələri, mənə səbrli olmağı və vaxtında qərar verməyi öyrətməsi sayəsində mən “mən” oldum. Rasim bəy həmdə “Azmarketinq” MMC şirkətinin təsisçisi və baş direktorudur. Həmin dövrdə mənim marketinqə olan marağımı görüb məni öz şirkətində “marketinq mütəxəssisi” kimi yarım-ştat işə götürdü və bununla da mənim marketinq karyeram başladı. Tələbəlik illərində marketinq üzrə çox gözəl iş təcrübəsi yığdım və artıq universiteti bitirəndə bu sahədə 3 illik iş təcrübəm var idi və ən önəmlisi – Rasim bəy və digər 3 müəllif ilə “İdarəetmənin Əsasları” kitabını 2009-cu ildə hələ tələbə ikən çap etdirdik. Fürsətdən istifadə edib mənim “bu günümün” memarı cənab Rasim bəyə mənim üzərimdə olan əməyinə görə minnətdarlığımı bildirirəm.

Bəs, necə oldu ki, xaricdə təhsil almaq fikrini qət etdiniz?

– Mən birinci kursu (ingilis dilinin hazırlıq kursunu) bitirdikdə artıq xaricdə oxumaq qərarını vermişdim, amma ilk hədəfim Qafqazı bitirmək idi. 2010-cu ildə universiteti bitirdikdən sonra “Mətanət A” Şirkətlər Qrupunda marketinq tədqiqatları meneceri kimi işə başladım və 3 aydan sonra eyni adlı şöbənin müdiri oldum.

2011-ci ilin iyun ayına kimi Böyük Britaniya, ABŞ və Almaniyada yerləşən bir neçə universitetə qəbul oldum. Son seçimim Stirlinq Universiteti oldu. Xaricdə oxumağa qərar verməkdə İsveçdə, Fransada və İngiltərədə oxuyan dostlarım mənə çox kömək etdi. Onların mənə verdiyi motivasiya da qərar verməyimə kömək etdi.

Zəhmət olmasa oxucularımıza qəbul prosesi barədə məlumat verərdiniz (imtahanlar, universitetə göndərilən sənədlər və s.)

– Demək olar ki, dünyanın bütün universitetləri eyni sənədləri tələb edir, amma əsas sənəd kimi ya ingilis dilində təhsil aldığını göstərən bir sənəd və ya beynəlxalq ingilis dili imtahanının sertifikatı. Əsasən aşağıda qeyd etdiyim sənədlər tələb olunur:

1. Bakalavr diplomu

2. Bakalavr diplomunun əlavəsi olan transkript

3. İngilis dili imtahan nəticəsi və ya ingilis dilində minimum 3 il oxuduğunu təsdiq edən sənəd (əsasən 80-dən yuxarı TOEFL və 6.0-6.5-dən yuxarı İELTS imtahan nəticəsi tələb olunur)

4. CV

5. 2 ədəd tövsiyə məktubu (Reference letter)

6. Motivasiya məktubu ( Nə üçün bu ixtisası oxumaq istəyirəm, nə üçün bu universitet və gələcək planlarım)

7. Xarici pasport

8. İş təcrübəsi haqqında iş yerindən rəsmi sənəd (MBA proqramı üçün)

– Bu sənədlər müvafiq universitetə ya poçt ilə yada E-mail ilə göndərilir. Bir çox universitetə isə onlayn ərizə (online application) ilə müraciət edilir. Müraciətdən sonra 3 həftə ərzində universitetin qəbul haqqında qərarı e-mail və poçt vasitəsi ilə müraciətçiyə göndərilir. Bu qədər asan bir proses.

Xaricdə təhsil almaq istəyən əksər tələbələr üçün təhsil haqqı və təhsil müddəti ərzində yaşayış xərclərinin ödənilməsi prioritet problemlərdən biridir, bəs siz bu problemin öhdəsindən necə gəldiniz?

– Mən oxumaq istədiyim proqramı və universiteti seçdikdən sonra ARDNŞ-nin xarici təqaüd proqramına müraciət etdim. Çox şəffaf və ədalətli şəkildə keçirilən 3 mərhələli proses nəticəsində təqaüd proqramına qəbul oldum. Bu təqaüd proqramı təqaüdçünün yol xərcindən tutmuş təhsil haqqına qədər bütün xərcləri ödəyir.

285805 2530139529938 1146969674 3116963 1641349929 o%201

Yəqin ki, təhsili Avropa və ya ABŞ universitetində davam etdirmək seçimi qarşısında qalmısınız – niyə görə məhz Avropa universiteti və nəyə görə məhz University of Stirling?

– Dediyim kimi 2011-ci ilin iyun ayına kimi Böyük Britaniya, ABŞ və Almaniyada yerləşən bir neçə universitetə qəbul oldum, amma son qərarımın Stirlinq Universiteti olmasına bir neçə səbəb oldu:

1. Universitetin Marketinq üzrə ikili diplom verməsi (Dual Diploma). Marketinq sahəsində magistr diplomu + CIM (Chartered İnstitute of Marketing) üzrə Professional diplom. Azərbaycanda bildiyim qədəri ilə CIM-in 4 səviyyəli diplomlarının 3 səviyyəsini alan yoxdur. Stirlinq universiteti sayəsində Azərbaycanda bu CIM-in 3 diplomuna sahib ilk marketinq mütəxəssisiyəm.

2. Stirlinq Universitetinin dünya və Böyük Britaniya universitetləri arasında Marketinq üzrə yüksək reytinqə sahib olması.

3. Proqramın dərslərinin çox mükəmməl qurulması. Keçirilən hər bir dərsi təcrübədə tətbiq etdirirdilər.

4. Stirlinq Universitetinin mükəmməl kampusu (Böyük Britaniyada ən yaxşı ikinci, dünyada isə 5-ci ən yaxşı kampusdur). Kampus meşənin içində, dağın ətəyində, gölün sahilində yerləşir.

5. Tarixi – Şotlandiyanın ilk paytaxtı olması, “Cəsur Ürək” (Brave heart) filminin məhz bu şəhərdə çəkilməsi, Şotlandiyanın, tarixdə İngiltərəni məhz bu şəhərdə məğlub edib azadlıqlarını bəyan etməsi və William Wallace-ın vətəni olması.

6. Şotlandiyanın dünyanın ən gözəl təbiətə sahib olan və ən çox çay axan ölkələrindən biri olması.

Tələbələr universitetlərin seçimində ən çox hansı qiymətləndirmə meyarlarından çıxış etməlidir?

– Hər tələbənin özünün seçim meyarı vardır. Mən əsasən təhsildə inkişaf meyarlarına əsasən seçim etmişdim: dünya reytinqi, keçirilən dərslər və təcrübə əsaslı olması.

University of Stirling-də aldığınız təhsil sizə nə verdi, xarici universitet məzunu olmağın ölkəyə qayıtdıqdan sonra sizə qazandırdıqları əsas üstünlüklər nə oldu?

– Stirlinq Universitetində aldığım təhsil mənə çox şey verdi, ən azından bir addım öndə olmaqda mənə kömək etdi. Xaricdə aldığım təhsil sayəsində hal hazırda Azərbaycan Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr (MBA) ixtisaslarına marketinq və menecment ilə bağlı dərsləri tədris edirəm. Qismət olsa bu ildən hər şeyimi borclu olduğum Qafqaz universitetində də dərs deyəcəyəm.

– Bundan əlavə Stirlinq Universitetinin sayəsində Londonda yerləşən Beynəlxalq Menecment Araşdırma Akademiyasına (IMRA – International Management Research Academy) daimi üzv oldum, CIM təşkilatının diplomlarına sahib oldum, Stirlinq Universitetini Marketinq departamentində8 aylıq marketinq üzrə təcrübə keçdim və marketinq üzrə məqalələrim çap olundu.

Hazırkı fəaliyyətiniz oxuduğunuz ixtisasla bağlılığı nə səviyyədədir və ümumiyyətlə fəaliyyətinizi hansı sahədə davam etdirmək istəyirsiniz?

– Hal hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin İxrac Əməliyyatları departamentinin Marketinq şöbəsində marketinq üzrə ekspert vəzifəsində çalışıram. İxtisasımla işlədiyim vəzifə tamamilə bir birinə uyğundur və işimdən zövq alıram.

– Fəaliyyətimi marketinq sahəsində də davam etdirəcəyəm. Hələ ki işimi və işlədiyim şirkəti sevirəm, amma müəyyən yaşdan sonra kifayət qədər təcrübə topladığıma əmin olduqdan sonra Qafqaz Universitetində saat hesabı deyil də, tam ştatda sıravi bir marketinq müəllimi kimi işləməkdən qürur duyaram.

Sonda, ənənəvi suallımız, xaricdə təhsil almaq arzusunda olan gənclərimizə nə tövsiyə edərdiniz?

– Xaricdə təhsil almaq istəyən tələbələrə ancaq bir şey deyə bilərəm: Məqsədiniz və bu məqsədə çatmaq istəyiniz varsa, bunu təxirə salmayın. Hal hazırda istəmədiyimiz qədər təhsil proqramı mövcuddur. Tənbəllik etməyin, sadəcə “ask google and get informed”.

Son xəbərlər
Digər xəbərlər