14 C
Baku
Thursday, March 28, 2024

“Strateji düşüncə” nədir və onu necə inkişaf etdirmək olar?

Müxtəlif insanlar eyni bir vəziyyətdə fərqli davranış nümayiş etdirir. Bəzi insanlar çətin tapşırıqların öhdəsindən uğurla gəldiyi bir halda, digərləri bunu həyatlarının ən böyük probleminə çevirir. Bəziləri az münbit şəraitdə uğurlu biznes qurmağa nail olduğu halda, digərləri potensial imkanların yanından gözübağlı keçib gedərək buna diqqət ayırmağı lazımsız hesab edir.

Bəs nəyə görə bəziləri tendensiya və perspektivləri görmək, anlamaq və qiymətləndirmək bacarığına sahibdirlər, bəziləri isə yox? Çünki onlar strateji düşüncəyə malikdirlər, digərləri isə yox.

Strateji düşüncəyə malik insan bütün amilləri nəzərə alaraq və ehtimalları hesablayaraq sistemli düşünmək qabiliyyətinə sahibdir.  Əbəs yerə yunan dilindən tərcümədə “strateq” idarəetmə incəsənəti mənasını vermir.

Gündəlik müntəzəm olaraq gördüyümüz işlər kimi gündəlik müntəzəm düşüncələr də mövcuddur.  Strateji düşüncə qabiliyyəti olmadan uğurlu biznes qurmaq mümkün deyil. Çünki məhz onun köməkliyi ilə uzunmüddətli hərəkət planı təşkil etmək, kapitalı hara yatırmaqla bağlı qərar vermək, resurslardan necə istifadə etmək və son nəticəni proqnozlaşdırmaq mümkündür.

Əhatəmizdə olan bəzi insanları perspektivli, uzaqgörən, güclü intuisiyalı, hesablı adlandırarkən əslində onların strateji düşüncə tərzinə malik olduqlarını dərk etmirik.

Şəxsi həyatda öz fəaliyyətlərinin nəticəsini görməyi bacarmamaq, motivasiyanın enməsinə və daxili boşluğa gətirib çıxarır.

Şirkət rəhbərlərində strateji düşüncə tərzinin olmaması əldən verilmiş imkanlara, planlaşdırılmamış xərclərə, resursların israfına və rəqabət bacarığının enməsinə səbəb olur.

Bununla belə, strateji düşüncə anadangəlmə keyfiyyət deyil, deməli onu sonradan da qazanmaq şansımız var. Və ən yaxşı müəllim – həm şəxsi, həm də professional təcrübədir.

Strateji düşüncə bacarığını necə inkişaf etdirmək olar?

1. Uzaqgörən olmağı öyrənmək

Hər hansı fəaliyyətə başlamazdan əvvəl, hadisələrin növbəti inkişaf səviyyəsini və nəticələri xəyali olaraq təsəvvür etməliyik. Məsələn, özünüzdən soruşun: “Nəyə nail olmaq istəyirəm və mənim fəaliyyətim, yaxu sözlərim nəyə gətirib çıxaracaq?”

Hər addımda strateji düşüncə tərzini məşq etdirmək mümkündür. Məsələn, səyahətə yollanarkən əşyalarımızı toplayırıq və bu zaman səfər əsnasında baş verəcək hadisələri (xəstəlik, hava dəyişkənliyi, sənədlərin itirilməsi və s.) əvvəlcədən təsəvvür edərək hazırlıq görürük.

Əlbəttə, bütün nüansları nəzərə ala bilmərik, çümki bi və ya digər halda baş verəcək hadisələrdən asılıyıq. Və uzağıgörmək cəhdlərimiz falçılığı xatırlatmamalıdır.

2. Ehtiyat variantlar düşünmək

Hadisələrin gedişatını təxmin etməyə çalışarkən xəyali olaraq ona uyğun davranacağımız plan təşkil edirik. Real həyatda isə gözlənilməz hadisələr baş verdikdə bu plandan yayınmalı oluruq.

Bu səbəbdən də öz fəaliyyətinizi planlaşdırarkən hadisələrin müxtəlif cür baş verə biləcəyi ehtimalını unutmayın və ehtiyat variantlar yaradın. Onları ehtiyat B planı adlandıraq.

3. Həm özünüzün, həm də başqalarının keçmiş təcrübəsini nəzərə alın

Bəşəriyyət mövcud olduğu dövr ərzində həyatın bütün sahələri üzrə əhəmiyyətli təcrübələr toplayıb. Bu səbəbdən də, hər hansı problemi və yaxud tapşırığı həll edərkən bizdən əvvəl kimsənin oxşar problem ilə üzləşib, üzləşmədiyini düşünməkdə fayda var. Başqalarının təcrübəsinə istinad edərək hadisələrin gedişatını təxmin edə və irəliyə doğru əhəmiyyətli addım ata bilərik.

Belə deyirlər ki, uğurlu insanları uğursuzlardan –  digərləri hələ düşünərkən onların hərəkətə keçməsi və artıq öz səhvlərini təhlil etməsi xüsusiyyəti fərqləndirir. Onlar üçün səhv səhv deyil, təcrübədir. Onlar öz fəaliyyətlərinin sonunda özlərinə sual ilə müraciət edirlər: Nəyə görə düşünüldüyü kimi alınmadı; Başqa yol ilə getsəm nəticə necə olacaq? Və bununla da onların strateji düşünmə qabiliyyəti daha da təkmilləşir.

Son xəbərlər
Digər xəbərlər