15 C
Baku
Friday, March 29, 2024

Şübhəli pul köçürmələrini kimlər həyata keçirib?

Monitorinq Xidməti milyonlarla dövriyyəsi olan əməliyyatlarla bağlı MTN-ə müraciət edib

Ötən il 344 milyon manatlıq pul vəsaiti ilə bağlı əməliyyatlar yüksək riskli və şübhəli sayılıb

Kommersiya bankları tərəfindən cinayətkarlıq yolu ilə əldə edilməkdə şübhəli bilinən pulların həcmi və ya keçirilən əməliyyatların sayı kəskin artıb. Mərkəzi Bank yanında Maliyyə Monitorinq Xidmətinin (MMX) 2013-cü ilə dair hesabatından belə məlum olur. Monitorinq zamanı ümumi 344 milyon manatlıq vəsaitdən söhbət gedir ki, onun 230,1 milyonu yüksək riskli əməliyyatlar, 113,9 milyon manatı isə şübhəli əməliyyatlar hesab olunur.

Halbuki, 2012-ci ilə dair hesabatda bu rəqəmlər ümumi olaraq 30 milyon manat, o cümlədən 2010-2012-ci illər ərzində isə cəmi 60 milyon manata yaxın olub. Belə aydın olur ki, bir il ərzində yüksək riskli və şübhəli əməliyyatların həcmi on dəfədən çox artıb.

MMX artımın səbəbini monitorinq subyektlərinin maarifləndirilməsi işlərinin mütəmadi qaydada aparılmasının nəticəsi kimi izah edir.

Xidmətə göndərilən məlumatların həcmi əvvəlki illə müqayisədə 23,4 faiz artaraq 328853-ə çatıb. Hesabat dövründə monitorinq subyektlərindən bir iş günündə orta hesabla 1364 məlumat daxil olub. Ümumilikdə, 2011-2013-cü illər ərzində çirkli pulların yuyulmasında şübhəli bilinən 838005 əməliyyat barədə məlumat daxil olub ki, onun da 92,7 faizi cari, 7,2 faizi yüksək riskli, 0,2 faizini isə şübhəli əməliyyatlar təşkil edib.

Eyni zamanda məlumatların 52 faizini fiziki şəxslər, 48 faizini isə hüquqi şəxslər tərəfindən aparılmış əməliyyatlar təşkil edib.

Qeyd edək ki:

– Cari əməliyyatlar dedikdə- 20 000 AZN və daha artıq məbləğdə nağd şəkildə həyata keçirilən əməliyyatlar.

– Yüksək riskli əməliyyatlar – əməkdaşlıq etməyən ölkələr və ölkə vətəndaşları ilə həyata keçirilən əməliyyatlar, xarici dövlətlərin siyasi xadimləri ilə həyata keçirilən əməliyyatlar,

Müştərinin öz adından fəaliyyət göstərməməsi və ya üçüncü şəxsin adından çıxış etməsi barədə şübhəli olan əməliyyatlar, BMT-nin TŞ-nin siyahısına daxil edilmiş şəxslərlə həyata

keçirilən əməliyyatlar, müştəri və benefisarla bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmamasının aşkarlandığı əməliyyatlar.

– Şübhəli əməliyyatlar isə – pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların olduğu əməliyyatlar nəzərdə tutulur.

Hesabatdan məlum olur ki, 2013-cü ildə MMX-ya daxil olmuş məlumatların əsas hissəsini 20 min manat və daha artıq məbləğdə nağd şəkildə həyata keçirilən əməliyyatlar təşkil edib.

2012-ci ilə nisbətən 2013-cü ildə cari əməliyyatlar 25 faiz, şübhəli əməliyyatlar 19 faiz, yüksək riskli əməliyyatlar isə 4 faiz artıb.

İntervallar- manat Cari əməliyyatlar Yüksək riskli əməliyyatlar Şübhəli əməliyyatlar Bütün əməliyyatlar
0-5000 0 % 86,5 % 42,8 % 14,3 %
50001-10000 0 % 4,2 % 6,8 % 1,2 %
10001-20000 6,1 % 2,9 % 13,9 % 4,8%
20001-100  min 74,7 % 5,9 % 10,7 % 63,2 %
100  min- 1 milyon 17,4 % 1,3 %  19,3 % 14,9 %
1 milyon 1,9 % 0,1 % 6,6 % 1,6 %

Hesabat dövründə MMX-yə daxil olan məlumatların araşdırılması nəticəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması şübhəsi olan 45 hal barədə  prokurorluq orqanlarına, terrorçuluğun maliyyələşdirilməsinə şübhəsi olan 19 hal barədə Milli Təhlükəsizlik Nazirliyinə məlumat verilib.

BizimYol

Son xəbərlər
Digər xəbərlər