15 C
Baku
Friday, March 29, 2024

Tətbiqi psixologiya – Borcalan bankdan daha çox nəyi gizlədir?

Krediti verməzdən əvvəl bank kredit götürmək istəyən borcalanı mümkün qədər yaxşı tanımağa çalışır. Əgər bu məsuliyyətli və etibarlı bir şəxsdirsə, üstəlik də yaxşı qazanırsa ona kredit vermək olar. Yox əgər bu şəxs həyatında heç bir məsuliyyətli iş görməyibsə, öz öhdəliklərinə və maliyyə məsələlərinə qeyri-ciddi yanaşırsa güman ki, ona kredit verməkdən imtina edəcəklər. Lakin borcalana kredit yalnızca onun şəxsi keyfiyyətlərinə görə deyil, həm də ödəniş etmə imkanlarına görə verilir. 

Krediti ödəmə imkanları dedikdə yalnızca onun nə qədər qazandığı deyil, həm də onun nə qədər xərclədiyi də nəzərə alınır. Bununla yanaşı, onun nəyə və nə səbəbə pul xərclədiyi də vacib məsələdir. Kredit əldə etmək istəyən istənilən müştəridən bank tipik bir anketin doldurulmasını tələb edəcək. Bir çox kredit təşkilatlarında bu anket fərqlənə bilər, lakin fərqlər bir o qədər də çox deyil. Bir çox hallarda kredit menecerləri anketdəki məlumatlara əsaslanaraq qərar verirlər.

Təcrübəli menecer ilk baxışdan anketdə qeyd edilmiş bəzi yalan və yaxud doğru məlumatları ayırd edə bilir. Bir çox borcalanlar özləri haqqında məlumatları gizlətməyə çalışırlar. Məsələn, kredit ödəmə ilə bağlı heç də yaxşı tarixçəsi olmayan bir çox müştəri bunu bankdan gizləməyə çalışır.

Borcalanların etdiyi digər bir hərəkət isə – öz gəlirlərinin şişirdilməsidir. Lakin maliyyə menecerləri hər hansı sahədə orta əmək haqqı həddini bilirlər. İşlədiyiniz sahə üzrə yüksək əmək haqqı yazmaq kifayət qədər şübhə doğurur. Əmək haqqının şişirdilməsi hazırda o qədər geniş yayılmış bir hala çevrilib ki, bankların bir çoxu artıq buna göz yumur.

Buna oxşar digər bir yalan isə aylıq xərclərin azaldılmasıdır. Burada da eyni hal hakimdir. Kredit menecerləri bir ailənin aylıq xərcini biləcək qədər məlumata sahibdirlər. Bundan əlavə, bir çox borcalanlar yol verdikləri qanun pozuntularını da ört-basdır etməyə çalışırlar. Lakin bankların da bunu yoxlamaq üçün öz informasiya mənbələri mövcuddur.

Borcalanların gizlətdiyi digər bir məsələ isə başqa kreditlər üçün zamin olduqlarıdır. Lakin bu borcalana heç bir məhdudiyyət qoymur. Buna baxmayaraq, borcalanlar bu faktı gizlətməyi üstün tuturlar. Kiməsə zamin olduğunuz halda özünüzə kredit götürməyiniz bütünlüklə riskli məsələdir. Çünki gözlənilmədən başqasının bank qarşısında olan öhdəliklərini siz ödəməli ola bilərsiniz və bu halda da siz iki borc ödəməli olacaqsınız. Bunu da həyata keçirməyə hər halda çox az adamın gücü çatar. Bu səbəbdən də bir çox borcalanlar artıq kiməsə zamin olduqlarını gizləməyi lazım bilirlər. Lakin bank bunu da çox asanlıqla araşdıra bilər.

Daha bir geniş yayılmış yalan isə bilavasitə işdən qovulmaq ərəfəsində kreditin əldə edilməsidir. İşsiz adama heç kim kredit verməyəcək. Buna görə də bir çox borcalanlar bankdan tezliklə işdən çıxacaqları faktını gizlədirlər. Bunu yoxlamaq artıq bank üçün bir az çətindir. Çünki əvvəlki iş yerinə zəng etdikdə borcalanın keçmiş əməkdaşları onu ələ verməyə də bilər. Bu halda hər şey borcalanın öz öhdəsinə düşür: sizə bankı aldatmaq lazımdırmı?!

Son xəbərlər
Digər xəbərlər