14 C
Baku
Wednesday, April 24, 2024

Taksit kartlar necə işləyir?

Banker.az monitorinq qrupu bu dəfə fərqli formatda olan bir məqaləni öz oxucularına təqdim edir. Məqalə taksit kartlar haqqındadır və bu kartların istifadə prinsiplərini əhatə edir. Bildiyimiz kimi, taksit kartlar kredit kartlarının alt qrupuna aid edilir və bu kartları standart kredit kartlarından fərqli edən əsas xüsusiyyət hissəli alış-veriş imkanının olmasıdır. Hal – hazırda Banklar tərəfindən aşağıdakı taksit kartlar təklif edilir:

  • Bolkart (Bank of Baku);
  • Albalı Plus (Unibank);
  • Worldcard (Yapıkredi Bank);
  • Birkart (Kapital Bank);
  • Paykart (Bank Respublika);
  • Smile Card (Express Bank);
  • Maxi Card (NBC Bank);

Taksit kartlardan aşağıdakı tipdə əməliyyatları həyata keçirmək mümkündür:

  • Nağdlaşma əməliyyatları;
  • Birdəfəlik ödənişlər;
  • Taksit (hissəli) ödənişləri;

Taksit ödənişləri də öz növbəsində 2 qrupa ayrılır: “Faizli” taksit ödənişləri və “Faizsiz” taksit ödənişlər.

İndi isə, müvafiq taksit kartlardan adıçəkilən əməliyyatlar həyata keçirildiyi zaman nə baş verdiyinə nəzər salaq.

Nağdlaşma əməliyyatları

Taksit kartlardan adətən özlərinin alış-veriş funksiyalarını qabartdığı üçün nağdlaşma əməliyyatları zamanı bir o qədər də sərfəli deyil. Müqayisə üçün qeyd etmək istərdik ki, bazarda təklif edilən standart kredit kartlarının əksəriyyətində nağd əməliyyatlar zamanı müştəriyə güzəşt müddəti (grace period) təqdim edilsə də, taksit kartlar arasında bu funksiya yalnız Albalı Plus (Unibank) kartının “Gold” növündə vardır. Taksit kartlardan nağdlaşma əməliyyatı edilən zaman, müştəri məhsulun tariflərinə uyğun olaraq nağdlaşma komissiyası ödəyir, həmçinin nağdlaşdırılan vəsaitə kartın növündən asılı olaraq müvafiq illik faiz dərəcəsi ilə gündəlik əsasda faiz hesablanır. Taksit kartlardan nağdlaşma komissiyası  1% – 2% arası , illik faiz dərəcəsi ilə 25% – 30% arası dəyişir. Minimal ödəniş tələbinə gəldikdə isə, müştəridən növbəti ödəniş vaxtında nağdlaşdırılan vəsaitə hesablanmış faiz məbləği ilə yanaşı bəzi kartlarda isə əsas borcun da bir hissəsi ödəniş kimi tələb edilir.

Birdəfəlik ödənişlər

Birədəfəlik ödənişlər dedikdə ticarət məntəqələrində və ya online şəkildə mal və xidmətlərin dəyərinin ödənilməsi başa düşülür. Paykart, Smile Card və Maxi Card istisna olmaqla digər bütün taksit kartlarda birdəfəlik ödənişlərdə güzəşt müddəti vardır. Yəni müştərilər aldıqları məhsul və ya xidmətin dəyərini növbəti ödəniş tarixininin son gününədək əlavə faiz ödəmədən Banka geri qaytara bilərlər. Taksit kartlar üzrə ödəniş tarixləri bəzi istisnaları nəzərə almasaq əsasən hər ayın 1 – 10 aralığında təyin edilir. Birdəfəlik ödənişlərdən ən geniş yayılanlara misal olaraq, market ödənişlərini, yanacaqdoldurma məntəqələrində aparılan ödənişlər və ya internet üzərindən mal və xidmətlərin alınmasını göstərə bilərik.

Taksit ödənişləri

Bu ödənişlər taksit kart dövriyyəsinin böyük hissəsini təşkil etməklə yanaşı müştərilərin bu kartlara böyük maraq göstərməsinin əsas səbəbidir. Bankların əməkdaşlıq etdiyi ticarət məntəqələrində taksit kartlarla məhsulların dəyərinin hissə-hissə ödəmək mümkündür. Yuxarıda qeyd etdiyimiz kimi, taksit alış-verişləri özü də faizli və faizsiz olur. Yəni bəzi ticarət məntəqələrində taksitli alış-veriş edən zaman məhsulun dəyərinin üzərinə taksit müddətindən asılı olaraq müəyyən faiz gəlir, bəzilərində isə məshul naöd satış qiyməti ilə aylıq hissələrə bölünür. Faizli taksit geniş yayılan müəssisələrə əsasən elektronika mağazalarını, faizsiz müəssisələrə isə parfumeriya, geyim mağazalarını misal göstərə bilərik. Lakin bəzi faizli taksit olan müəssisələrdə də Banklar faizsiz taksitlə bağlı müxtəlif kampaniyalar keçirir. Müqayisə üçün qeyd etmək istərdik ki, Paykart və Birkart taksit kartları əməkdaşlıq etdiyi müəssisələrlə yalnız faizsiz taksit layihəsi ilə çalışır. Bolkart , Albalı Plus, Wolrdcard kartlarında isə həm faizli, həm də faizsiz taksit layihələri mövcuddur. Smile Card və Maxi Card kartları ilə isə yalnız faizli taksitlə alış-veriş etmək mümkündür, çünki bu kartların partnyorla əməkdaşlıqları yoxdur, taksitləşmə Bank tərəfindən həyata keçirilir və bütün hallarda istifadə olunan vəsaitin üzərinə faiz (6% və ya 12%) əlavə edilir. Faizsiz taksitlə alış-verişin ən geniş yayıldığı ticarət məntəqələrinə İdeal və Sabina maparfumeriya mağazalar şəbəkəsini, FLO ayaqqabı mağazalarını, Mybrands şəbəkəsinə daxil olan geyim mağazalarını və s.misal göstərə bilərik.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər