Unibank-ın müşahidə şurası üzvi “AXA MBASK”ın səhmlərini alır

Azərbaycan sığorta bazarında bir neçə sığorta şirkətinin yaradılmasında və idarə edilməsində iştirak etmiş iş adamı Elxan Qəribli AXA Qrupun Azərbaycandakı törəmə şirkəti olan “AXA MBASK”ın 100% səhmlərini almaq haqqında Qrup ilə razılığa gəlib.

Artıq tərəflər arasında ilkin razılaşma imzalanıb.

Əməliyyatın tamamlanması isə müvafiq orqanların razılığı alındıqdan sonra həyata keçiriləcək.

E.Qəribli bu məlumatı təsdiqləyib. O, Azərbaycanda sığorta bazarının inkişafı üçün uyğun biznes mühitinin olduğunu və iqtisadi qanunvericilikdə həyata keçirilən islahatlar sayəsində yerli investorlar üçün daha da əlverişli şəraitin yarandığına inandığını qeyd edib. Bunları əsas gətirən E. Qəribli yerli sığorta şirkəti olan “AXA MBASK”a investisiya etmək qərarına gəldiyini açıqlayıb.

Qeyd edək ki, E. Qəribli həmçinin 1992-ci ildən etibarən eyni şirkətin qurucusu və ilk rəhbəri olaraq sığorta fəaliyyətinə başlayıb. Hazırda E.Qəribli “Unibank” ASC-nin Müşahidə Şurasının üzvüdür.


© APA

📝 RƏY BİLDİR