16 C
Baku
Friday, April 26, 2024

Tarixin ən uğursuz sərmayəçisi

Əgər Uorren Baffet bir qayda olaraq tarixin ən uğurlu sərmayədarı və idarəedicisi hesab edilirsə ,o zaman medalın əks tərəfində duranlarda mövcuddur. Belə insan həqiqətən var. Daha doğrusu olub, yəni 1997-ildə kifayət qədər uğurlu və zəngin bir qoca kimi dünyasını dəyişərək öz əmanətçilərini tərk edənə qədər.

 Çarlz Stedman (Charles Steadman) dünyaya gəldiyi zaman, ailəsinin ona vermiş olduğu soyadı, sonrakı həyatında doğrulda bilmədi (stead-sözünün bir mənası da – «mənfəət, xeyir» deməkdir). Öz həyatının son otuz ili ərzində o, öz investorlarının birgə sərmayə fondlarına (paylı investisiya fondu tipli bir qurum) qoyduğu 10 milyonlarla dolları batırmışdır. Maraqlıdır ki, bu 30 illik dövr ABŞ iqtisadiyyatının ən çiçəklənəm və ən qaynar bazar mərhələsi olmuşdur. İllər ərzində digər birgə fondlarda bir payın qiyməti təqribən 20 dəfə artmışdır. Stedmanın fondları isə demək olar ki, bütün əmanətçilərin vəsaitlərini itkiyə verdilər.

Mister Stedman investisiyalara öz orijinal baxışı ilə seçilirdi. Beləliklə, onun fondlarından biri 1960-cı ildə inşaat və dəniz dibində kənd məhsulları becərən kompaniyalara yatırım etmək məqsədi ilə açılmışdı. Heç də təəccüblü deyil ki, bu fond bütün pulları itirdiyinə görə bağlanmışdır. Düzdür bu bağlanma daha sonra yəni, fondun iki dəfə öz təyinatını, investisiya obyektini və hətta adını dəyişməsindən sonra baş vermişdir.

Stedman şirkəti hələ 50-ci illərdə peyda olmuşdu, o vaxt şirkəti böyük qardaş Çarlz Uilyam idarə edirdi, həmin vaxtlar fond xüsusi fövqəladə xüsusiyyət nümayiş etdirmirdi, nə yaxşı istiqamətdə, nə də mənfiyə doğru. Lakin 1960-cı ildə Uilyam vəfat etdi və idarəetmə kürsüsünə onun hüquqşünas qardaşı, bundan öncə kapitalın idarə edilməsi ilə qəti məşğul olmamış Stedman əyləşdi.

Beləliklə, hər şey bundan sonra başladı. Çarlzın pulu investisiya etmək baxımından çox özünəməxsus, qeyri adi təsəvvürləri var idi. Onun alınmış aksiyaların qiymətinin qalxmasını gözləməyə hövsələsi çatmırdı, ona görə də o, onları aldıqdan bir az sonra satırdı, beləliklə şirkətdə il ərzində üç-dörd dəfə kapitalı dövriyyəsi baş verirdi. Qeyd edək ki, söhbət heç bir alqo-ticarətin və gün ərzində minlərlə əməliyyat həyata keçirən robotların olmadığı bir dövrdən gedir. Lakin sövdələrə görə brokerlərə çəkilən xərclər isə kifayət qədər yüksək idi. Beləliklə Stedman iki dəfə pul itirirdi: həm uğursuz yatırımlar, investisiya etdiyi vaxt, həm də böyük miqdarda «yolüstü» xərclərə görə.

Bundan başqa, fondların əcaib investisiya fəaliyyəti zaman ötdükcə amerikan requlyator- qiymətli kağızlar və bazarlar üzrə komissiyanın (SEC) diqqətini cəlb edirdi. Komissiya bir neçə dəfə Stedmana qarşı məhkəmə işi açmağa cəhd etmişdir. Məsələn 1997-ci ildə SEC Stedmanı fond aktivlərinin qeyri qanuni şəkildə ona şəxsi kredit verməli olan bir banka köçürməkdə günahlandırmışdır. Buna baxmayaraq, o həmişə ittihamlardan yaxa qurtarmağa müyəssər olur və sonda məmurlara bu «başdan xaraba» və ona etibar edən əmanətçilərə təəssüf etməkdən başqa bir çarə qalmırdı.

Idarəedicinin aktiv fəaliyyəti yekunda həmin əmanətçilər üçün çox arzuolunmaz, xoşagəlməz nəticələrə gətirib çıxardı. 1960-ci ildən 1997-ci ilə qədər 50% itirdiyi halda, S&P500 indeksi 15 dəfə artmışdır. «Artım fondu» 30 il ərzində (1967-ci ildən) 90% itirmiş, Stedmanın ən yaxşı fondu isə onun ömrünün son on ili ərzində 29% artım qazana bilmişdir. Amma elə həmin dövr üçün indeks cəmi 10% böyümüşdür. Stedman vəfat edənə qədər onun idarəetməsi altında olan dörd fond dünyanın 10 ən bərbad fondları sırasına daxil olmuşdur. Stedmanın əmanətçilərinin sayı isə 1970-ci ildəki 75 mindən, 1980-ci illərin sonuna 25 minə, 1997-ci ildə isə 10 min qədər azalmışdır.

Uğursuz investor bu dünyandan köçdükdən sonra, onun qızı Kerol Stedman və kürəkəni Cerom Kinni biznesi yenidən canlandırmaq qərarına gəldilər. Onlar kompaniyanın adını dəyişərək Ameritor qoydular, iki fondu ümumiyyətlə ləğv etdilər və qalan iksinin idarəetməsini isə son 26 il ərzində «bossun silahdaşı olmuş» Maks Katçerə həvalə etdilər. Müəyyən bir anda onlara elə gəldi ki, bu qeyri adi dərəcədə bədbəxt fondlara yenidən həyat vermək olar: ilk iki ərzində yeni idarəedicinin rəhbərliyi altında işlər 55% və 50% gəlir gətirdi. Amma sonra yenə də hər şey adəti üzrə getməyə başladı: 2000-ci ildə Stedmanın qızı əri ilə birlikdə belə qərara gəldilər ki, özləri investisiyaların öhdəsindən gələ bilər və kompaniyanın idarəsini öz əllərinə aldırlar, konsultant Pol Ditrixi isə özlərinə köməkçi götürdülər.

2007-ci ildə qalan iki fonddan biri 98,98% zərər göstərdi, onun bir paya görə olan qiyməti sıfırdan da aşağı (yəni mümkün minimal qiymət 1 sent olduğu halda 0,5 sentdən də az) düşmüşdü. Ikinci fond isə 2009-cu ildə «partladı». Lakin o, öz mövcudluğunu formal olsa da 2012-ci ilin 1 fevralına qədər davam etdirdi, sözü gedən tarixdə isə o rəsmi şəkildə ləğv edildi. Bununla da dünyanın ən uğursuz idarəedicisinin «qəbirdən sonrakı» investisiya əhvalatı başa çatdı.

Amma, burda iki məqamı var ki, ona müasir investorların da diqqət yetirməsinə dəyər.

Ilk növbədə, fondlarının faciəvi «nailiyyətlərinə» baxmayaraq, Çarlz Stedman və onun varisləri özlərini yaxşı hiss etmişlər. O, özü Vaşinqtonda Voterqeyt (Watergate) kompleksində çox dəbdəbəli mənzillərdə yaşamışdır. Həmin yerdə fərqli vaxtlarda Plasido Dominqo, Alan Qrinspen, Monika Levinski, Mstislav Rastropoviç, Kandoliza Rays və ABŞ prezident administrasiyasının əməkdaşları və senatorlar da daxil olmaqla digər məşhur və zəngin şəxslər yaşamışlar. Stedman rəsm əsərlərinin və təmtərağın vurğunu idi: onun pul baxımdan heç bir məhdudiyyət görməyən ofisi XIV Lüdoviqin tərzində qurulmuşdu.

Bəs bu qədər pul haradandır? Məsələ bundadır ki, Stedman idarəedici kompaniyası öz fondlarından böyük məbləğlərdə pul ödənişləri götürürdü( 9%-dən 26%-ə qədər, fərqli illərdə, fərqli fondlardan). Bu pullar gəlirdən deyil, aktivlərin özünün məbləğindən tutulurdu. Nəzərə alsaq ki, əksər vaxtlarda fondda bir neçə on milyonlarda dollar olurdu, onda alınan məbləğ də kifayət qədər sanballı idi. Müqayisə üçün deyək ki, hətta indi investorların puluna qarşı acgözlüyü ilə seçilən xedc-fondlara edilən ödənişlər adətən aktivlərin məbləğin 2%-ni, gəlirlərin isə 20%-ni əhatə edir. Adi investisiya fondları isə aktivlərin cəmi 1-2%-ni götürür.

İkinci vacib məqam isə odur ki, 10 il ərzində çox bərbad investisiya nəticələrinin olmasına baxmayaraq, Stedman hələ də özəl əmanətçilərinin vəsaitlərini idarəetməyə davam edirdi. Niyə onlar pullarını götürmürdülər? Bizim yuxarıda yazdığımız kimi, böyük əksəriyyət pulunu geri götürmüşdü, 1997-ci ildə qədər kompaniyanın çiçəklənmə dövründə mövcud olan 75 min əmanətçidən cəmi 10 mini qalmışdı. Bəs qalanlar hara baxırdılar?

Bu sual amerikalı jurnalistlərin də marağına səbəb olmuşdur və onların araşdırması belə nəticə vermişdir: sən demə, vaxt keçdikcə bir çox əmanətçi sadəcə ölürmüş. Belə götürək, 1960-cı ildə Stedman fonduna pul qoyan 50 yaşlı əmanətçinin 90-cı illərə qədər sağ qalmaq şansı elə də böyük deyil. Qohumların isə əksər vaxtlarda investisiyalardan xəbəri olmur, bəzi əmanətçilərin isə ümumiyyətlə qohumu olmayıb. Digər investorlar isə öz yatırımlarının 80-90% itirdikdən sonra yerdə qalan onlarla ya yüzlərlə dollara sadəcə göz yumub, yəni onun arxasına getmək qərarına gəlməyib. Nə qədər qəribə də olsa, üçüncü qrup əmanətçi hələ də öz ümidləri həmin puldan kəsməmiş və sonda nəhayət ki, itkilərin əvəzini çıxara biləcəklərinə inanırmışlar. Ən əsası isə Çarlz Stedman orijinal ideyaları olan və sistemlə mübarizə aparan bir şəxs imici yaradan, gözəgəlimli yaşlı bir insan idi. Ona görə də bəzi insanlar sadəcə hörmət xətrinə öz pullarını onun fondundan geri çəkmirdilər, onların heç ağlına gəlməzdi ki, Çarlz bu pullardan necə insafsızcasına istifadə edir.

Dünyanın «ən bərbad idarəedicisinin hekayəsi» bizə göstərir ki, investisiya dünyasında yalnız rəqəmlər, hesabatlar, gəlirlilik və heç də həmişə ürəyə yatan olmayan qərarlar qəbul etmə bacarığı əhəmiyyət daşıyır. Bacarıqsız və ya uğursuz idarəedici investorlara böyük ziyan vura bilər, amma investisiya kompaniyasının iş prinsipi elə qurulub ki, həmin adam özü demək olar ki, sudan quru çıxacaq, yəni zərbədən elə yayınacaq ki, hətta ona pulunu etibar edən həmin insanların bəzilərindən daha yaxşı şəraitdə yaşayacaq. Ona görə də pulu necə yatırmaqdan asılı olmayaraq, istər PİF vasitəsi ilə olsun, istər ETF və ya digər maliyyə institutu, son nəticəyə görə yalnız siz cavabdehsiniz. Unutmayın ki, həmişə yalnız öz maraqlarınızdan çıxış edərək hərəkət etmək lazımdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər