26 C
Baku
Friday, April 19, 2024

Tibbi sığorta əmək müqaviləsi ilə bağlı yeni problemə yol açacaq?!

Vüqar Bayramov: “Birbaşa və dolayı nəzarət mexanizmlərinin elektron baza vasitəsilə gücləndirilməsinə ehtiyac var”

Yaxın zamanlarda Azərbaycanda icbari tibbi sığorta nəhayət ki, tətbiq olunacaq. Gözlənir ki, gələn ildən bu prosesə start veriləcək. Qeyd edək ki, icbari tibbi sığortanın tətbiqində başlıca əngəl də məhz onun neçə faizinin işəgötürənin boynuna qoyulması məsələsidir. İddialar səslənir ki, işəgötürənə əlavə olaraq tibbi sığorta üzrə rüsumların tətbiqi istər-istəməz onu işçisi ilə əmək müqavilələrini və ödənişləri rəsmiləşdirməkdən çəkindirə bilər. Əlvə rüsumlardan yayınmaq üçün işəgötürən əmək haqqlarının leqallaşdırılması, həmçinin, əmək müqavilələrinin bağlanmasına meyl etməyəcək. Təbii ki, bu, hamıya şail olunmur. İndinin özündə isə çoxsaylı özəl müəssisələr işçiləri ilə əmək müqaviləsi bağlamır. Onlara verilən əmək haqları da özəl sektorda əksər hallarda rəsmiləşdirilmir və bu da sosial sığorta ödənişlərinin az həcmdə həyata keçrilməsi üçün edilir. Bunları deməkdə məqsəd odur ki, bəzi işəgötürənlər həmin əlavə haqq ödəmək kimi tendensiyadan qaçmaq üçün icbari tibbi sığortanın tətbiqilə əvvəlki dövrlərlə müqayisədə indi işçilərlə əmək müqaviləsinin bağlanmasından daha artıq dərəcədə qaçmağa çalışa bilər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov düşünür ki, problemin həlli yollarından biri əmək müqaviləsinin elektronlaşmasından keçir: “Vergilər Nazirliyi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqavilələrinin elektronlaşması prosesi həyata keçirilir. Bu prosesə nəzarəti Vergilər Nazirliyi həyata keçirir. Praktik olaraq, əmək müqaviləsinin elektronlaşması sahibkarın işçi ilə müqavilə bağlamaqdan yayınmaq kimi problemin aradan qaldırılmasına müəyyən dəstək olacaq.

Elektronlaşma imkan verəcək ki, elektron bazaya daxil olmaqla, məlumatları əldə etmək mümkün olsun. Eyni zamanda, məlumatların elektronlaşması nəzarət imkanlarını genişləndirəcək. Ən ciddi problemlərdən biri də verilən əmək haqqı ilə ödənilən maaş arasındakı fərqin olmasıdır. Yəni işçiyə rəsmi ödənilən əmək haqqı ilə real olaraq verilən maaş arasında bir çox hallarda fərqlər var. Bu fərqlilik də praktik olaraq, daha az vergi ödəməyə hesablanmış haldır. Belə halların tam olaraq aradan qaldırılacağını güman etmirəm. Bütün iş yerlərində əmək haqlarının rəsmiləşdirilməsi praktik olaraq, mümkün deyil. Eyni problem hətta inkişaf etmiş ölkələrdə də özünü göstərir. Məsələn, ABŞ-da da belə hallara rast gəlinir. Hətta inkişaf etmiş ölkələr həmin problemin aradan qaldırılması istiqamətində kifayət qədər və uzun müddət səy göstərsələr də, təəssüf ki, onu tam olaraq həll etməyə nail ola bilməyiblər. O baxımdan, Azərbaycanda da problemin tam həlli mümkün deyil. Amma bununla yanaşı, problemin yumşalması və müqavilələrdə əmək haqlarının göstərilməsinə ehtiyac vardır”. Həmsöhbətimiz digər bir təsir vasitəsi kimi nəzarət mexanizminin gücləndirilməli olduğunu da dedi: “Başqa bir tərəfdən, prosesə nəzarət mexanizminin gücləndirilməsi də vacibdir. Birbaşa və dolayı nəzarət mexanizmlərinin elektron baza vasitəsilə gücləndirilməsinə ehtiyac vardır.

İnkişaf etmiş ölkələrdə belə əmək haqlarının gizlədilməsi və aşağı göstərilməsilə bağlı kifayət qədər ciddi və sərt cəzalar tətbiq edilir. Azərbaycanda da bu tip cəzalar sərtləşdirilməlidir. İşə götürənin əmək müqaviləsində əmək haqqını real göstərməsi üçün ən çox istifadə edilən metod məhz buna getməyənlərə münasibətdə kəskin cəzaların müəyyənləşdirilməsidir. Təəssüf ki, cəza metodunu tətbiq etmədən bu problemi həll etmək mümkün deyil. Bu mənada əmək haqlarının qeyd olunmasında inzibati metodların tətbiqinin tərəfdarıyıq”. V. Bayramov bu sahədə həmkarlar ittifaqlarının aktiv olmasını da vacib bildi: “Təşviqedici metod kimi, iş yerlərində sektoral həmkarlar ittifaqlarının fəal olması, onların işə götürənlərə təsir imkanlarının artırılmasına nail olmaq gərəkdir. Həmkarlar ittifaqlarının real olaraq fəaliyyət göstərməsi imkan verəcək ki, onlar işçilərin əmək hüquqları ilə yanaşı, onların əmək müqavilələrində əmək haqlarının əks olunması kimi hüquqlarını da müdafiə etsinlər. Bu, sadəcə, məcburi sığorta haqqı ilə bağlı deyil, eyni zamanda ödəniləcək vergi haqqında və gələcəkdə bu kontekstdən pensiyaların məbləğinin müəyyənləşdirilməsi aspektindən də əhəmiyyətlidir. Həmkarlar ittifaqının gücləndirilməsi və sektoral həmkarlar ittifaqının rolunun artırılmasına ehtiyac var. Onlar bu prosesdə olduqca fəal olmalıdırlar. Bu kimi yollarla problemin həllinə və ya yumşaldılmasına nail olmaq mümkündür”.

Movqe.az

Son xəbərlər
Digər xəbərlər