14 C
Baku
Thursday, March 28, 2024

Ticarət mərkəzində faciə

29 iyun 1995-ci ildə Seulda Sampoong ticarət mərkəzinin binası çökür. Sampoong-un çökməsi Cənubi Koreya tarixində ən nəhəng texnogen faciəyə çevrilir.

Bu ticarət mərkəzinin inşası ilə Sampoong Group şirkəti və gələcək rəhbəri Li Cun məşğul olurdu. Layihəyə əsasən, bina ilk olaraq 4 mərtəbəli yaşayış binası olmalı idi. Lakin tikinti prosesində Li Cun fikrini dəyişir və buranı ən yüksək mərtəbədə hovuza sahib 5 mərtəbəli ticarət mərkəzi etmək qərarına gəlir. Bunun üçün isə eskalator quraşdırmaq və bəzi sütunları ləğv etmək lazım idi.

Tikintini icra edən şirkət layihəni həyata keçirməkdən imtina etdikdə Li Cun onları işdən qovur və bütün işi öz tikinti şirkətinə həvalə edir.

Bina 1990-cı ildə artıq hazır idi. Bir gün ərzində 40 000-ə yaxın alıcı bu ticarət mərkəzinə səfər edirdi.

1995-ci ilin aprel ayında Sampoong ticarət mərkəzinin 5-ci mərtəbəsinin tavanında çatlar əmələ gəlir. Li Cun ticarət mərkəzini bağlamaq fikrindən tamamilə uzaq idi və ticarət obyektlərini yuxarı mərtəbələrdən zirzəmiyə endirməyi tələb edir.

29 iyunda bu çatlar o qədər çox idi ki, 5-ci mərtəbəni tamamilə bağlamalı olurlar. Həmin gün ticarət mərkəzində inanılmaz dərəcədə çox alıcı var idi. Buna görə də, Li Cun müştəriləri qaçırmamaq üçün təxliyyə əmrini elan etmir.

Bir neçə saatdan sonra Sampoong-un 5-ci mərtəbəsi uçaraq özü ilə bərabər bütün mərtəbələri yerlə-yeksan edir. Mərkəzin cənub hissəsində dağıntılar hətta zirzəmiyə qədər çatmışdı.

Faciə nəticəsində 502 insan həlak olmuş və yarım mindən çox insan xəsarət almışdı. Qeyd edək ki, faciə ərazisində axtarışlar bir neçə həftə davam etmişdi. Buradan sağ olaraq çıxarılan sonuncu insan 19 yaşlı Park Seunq Xyun idi. Onu dağıntılardan 17 gün sonra aşkar etmişdilər.

Li Cun-a gəldikdə isə, ona məhkəmə tərəfindən 7,5 il həbs cəzası təyin edilmişdi. Ticarət mərkəzinin sahibləri zərərçəkmiş şəxslərə təzminat olaraq ümumilikdə 350 milyon dollar ödəmişdi.

Son xəbərlər
Digər xəbərlər