23 C
Baku
Friday, April 19, 2024

Triyer Universitetinin tələbəsi öz təhsil təcrübəsi haqqında

Müsahibimiz Triyer Universitetinin tələbəsi Xəqani Əhmədov

1. Xaricdə təhsil ilə bağlı qərarınız nə ilə əlaqədardır? Niyə məhz University of Trier, onu hansı meyarlar əsasında seçdiniz? Əcnəbi universitetə daxil olmaq üçün nə etmək lazımdır?

P1011 0844 5%20netXaricdə təhsil almaq arzum universitetdə (Azərbaycan Dövlət Iqtisadiyyat Universiteti) oxuduğum ilk illərdən etibarən olub. 2001-2005-ci illərdə təqaüd qazana bilməməyim və maliyyə imkanımın olmaması bu xəyalımın gerçəkləşməsini bir az da olsa gecikdirdi. Lakin bir müddət bank sektorunda işlədikdən sonra bu arzu mənim üçün həyata keçirməli olduğum ən prioritet məsələyə çevrildi. Artıq, bu mənim üçün bir zərurət idi. Bələ ki, hələ o zaman bankda gördüyüm iş və aldığım təhsillə “uzağa” gedə bilməyəcəyimi anlamışdım. İşdə belə xaricdə təhsil barədə düşünməyə başlamışdım. İlk olaraq alman dilini öyrənməyə başladım. Təqribən il yarım intensiv alman dili kursuna getdim. Həftədə beş dəfə işdən çıxdıqdan sonra 3 saat kursda olmaq məni həqiqətən də çox yorurdu. Amma əziyyətimin gec -tez nəticəsiz qalmayacağını da bilirdim.

İlk öncə onu deyim ki, Triyer şəhəri rəsmi olaraq Almaniyanın ən qədim şəhəridir. Bundan əlavə şəhərin özü coğrafi olaraq regionda əlverişli mövqeyə malikdir. Lüksemburqla sərhəddə, Fransa və Belçikanın yaxınlığında yerləşir. Təbii ki, universitet olaraq seçməyimin səbəbləri tam başqadır. Maddi-texniki təchizat (Kitabxana, IT – Infrastruktur, auditoriya), təklif olunan dərslər, tələbə sayına görə düşən professorların miqdarı və s. meyarları ümumilikdə qiymətləndirdikdən sonra bu universiteti seçdim. “Master of Science in Business Administration” proqramı tam mən istədiyim idi. On mümkün ixtisasdan eyni zamanda ikisini seçmək imkanım da var idi. Mən özüm üçün ixtisas olaraq Audit və Maliyyə alətlərini seçdim. Bir təhsillə 2 ixtisas sahibi ola bilərdim.

Magistr təhsili almaq istəyənlər üçün bakalavrda yaxşı qiymətlərə malik olmaq vacibdir və dəvətnamə qazanmaq üçün sənədləri əvvəlcədən müəyyən olunmuş zaman çərçivəsində göndərib müsabiqədə iştirak etmək lazımdır.

2. Əcnəbi universitetlərdə təhsilin səviyyəsini nəzərə alsaq, bəllidir ki kifayət qədər vəsaitə ehtiyac var. Bəs siz, təhsil xərclərinizi necə qarşıladınız?

Almaniyada dövlət ali məktəblərinin əksəriyyətində təhsil pulsuzdur. Təhsil haqqı deyil, ödənilməli olan bəzi administrativ xərclər var. Triyer universitetində bu xərclər hər semestr üçün 212 avrodur. Bu xərclər də əsasən nəqliyyat xərclərinə gedir. Tələbənin isə əsas xərcləri yaşayışla bağlı olur. Bayaq sadaladığım maddi problemlər məndə həmişə var idi. Ona görə mənim üçün ən optimal variant “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”-na müraciət etmək idi. Almaniyada təhsil üzrə müsabiqə DAAD təşkilatı (Alman Akademik Mübadilə Xidməti) ilə birgə keçirilirdi. Bu da təşkilati məsələlərin ən yüksək səviyyədə həyata keçirilməsinin təminatı idi. Amma bir daha vurğulamaq istəyirəm ki, bu təhsil proqramı olmasaydı bəlkə də bu gün mən Almaniyada təhsil almırdım.

3. Tələbələrin təhsil aldığı müddətdə həm də təcrübə qazanmağa can atmasına necə baxırsınız? Özünüzün necə, belə bir şans oldumu?

Mənim üçün belə bir imkan 3-cü semestrin ortalarında yarandı. Almaniyanın ən böyük ikinci bankının, Commerzbankın Lüksemburqdakı Qərbi Avropa filialında praktika etmək imkanı əldə etdim. Xəyallarımdan biri də artıq həyata keçmiş oldu. Commerzbankda Biznes Analitik kimi 3 ay işlədim. Ölkəmizin 3 böyük bankında işləmiş bir şəxs kimi məni hər şey heyran edirdi. Sadəcə bəzi faktları desəm fərqlərin necə böyük olduğunu anlamaq olar. Təsəvvür edin ki, təkcə IT departamentinin 10 şöbəsi var. Bizim bankların heç birində belə bir struktura rast gələ bilməzsiniz.

Başqa bir misal, ölkəmizin ən aparıcı banklarının birində yenicə istifadəyə verilmiş SafeWatch proqramı (çirkli pulların yuyulmasına qarşı mübarizə) artıq orada fəaliyyətini dayandırdı. Bu da bizim onlardan həm zaman, həm də texniki imkanlar baxımından nə qədər geridə olduğumuzu göstərir. Girovların, kreditlərin həcmi, peşəkarlıq səviyyəsi insanı xoş mənada şoka salır. Praktika üçün müsahibəyə gələndə insan resurslarının adi bir tələbəyə münasibətini görəndə həqiqətən insan kapitalına olan dəyəri başa düşürsən. Məsələn, ölkəmizdə işçiyə bəzən qul kimi baxırlarsa, orda sənə bərabər hüquqlu partnyor kimi yanaşırlar, tutduğun vəzifədən asılı olmayaraq.

4. Almaniyada məhz nə sizin diqqətinizi çəkdi və marağınıza səbəb oldu?

Almaniya və almanlar haqqında hamının bildiyi faktları yenidən sadalamaq istəmirəm. Mən ancaq təhsil və işlə bağlı gördüklərimi sadalamaq istəyirəm. Almaniyada dar ixtisaslaşma gedir. Yəni hər hansı bir sahəni öyrənirlərsə, işdə onun konkret bir elementi üzrə ixtisaslaşırlar. Məsələn, belə bir müqayisə aparım. Bizim mütəxəssislər hər sahədən bir az bilirlər, amma konkret heç birini tam bilmirlər.

İndi çəkəcəyim misala gəldikdə isə, bank sahəsində işləyənlər məni daha yaxşı başa düşərlər. Bizdə bankda işləmək üçün ali təhsil tələb edən əksər işlər, məsələn kredit mütəxəssisi, əməliyyatçı, kassir və bu kimi işlər üçün Almaniyada ali təhsil tələb olunmur. Ali təhsil başqa səviyyə üçündür. Doğurdan da gördüyümüz funksiyalar baxımından bu işləri görmək üçün heç də ali təhsil lazım deyil. Almanlar bu işləri görmək üçün məktəbi bitirdikdən sonra hər hansı bir müəssisəyə iş üçün baş vurur və paralel olaraq peşə məktəbində 3 il təhsil alırlar. Eləcə də digər sahələrdə. Bir sözlə, xaricdə işləmək üçün heç də həmişə ali təhsilə malik olmaq gərəkli deyil.

5. Xaricdə təhsil almaq istəyən tələbələrə nə tövsiyə edə bilərsiniz?

İlk öncə prioritetlərini müəyyənləşdirsinlər ki, harada və hansı ixtisasa yiyələnmək istəyirlər. Özlərini bu təhsil və ixtisasla 3-4 ildən sonra hansı sahədə təsəvvür edirlər. Əgər bunları xəyallarında təsəvvür edirlərsə, onda sadəcə əzmlə çalışmaq və bunun üçün hər şeyi etmək lazımdır. Gedəcəkləri ölkə haqqında əvvəlcədən çoxlu məlumat toplasınlar. Tələb olunan xarici dili mümkün qədər mükəmməl səviyyədə bilsinlər. Təbii ki, təhsildə yaxşı nəticələr göstərmək də öz yerində. Amma zənnimcə, ən əsas tövsiyəm nəzəri biliklər ilə yanaşı praktiki təcrübə toplamağa çalışsınlar.

Əgər nəzəriyyə ilə praktikanın vəhdətini təşkil edə bilsələr, məncə sonradan hər şey yolunda gedəcək. Dediklərim vətənə dönənə kimi əldə olunmalıdır. Ona görə ki, Azərbaycanda hər bir işəgötürən üçün sizin ona təhsildən başqa verə biləcəyiniz “Know-How”-da maraqlı olacaq. Yox əgər bunu verə bilməyəcəksinizsə, başqa bir işçi ilə aranızda təhsildən başqa heç bir fərq olmayacaq. Əgər artıq xaricdə təhsil alırsınızsa, ələ düşmüş bu şansdan maksimum yararlanmaq lazımdır. Bir də ki, şans həmişə onu istəyənlərin və əzmlə çalışanların yanında olur.

Son xəbərlər
Digər xəbərlər