13 C
Baku
Saturday, April 27, 2024

TuranBank regional genişlənmə, islam bankçılığı və mikromaliyyə haqqında

Müsahibimiz TuranBankın İdarə Heyəti Sədrinin müavini Fəzail Musayevdir
Son dövrlər TuranBankın fəaliyyətində canlanmalar müşahidə olunur. Zəhmət olmasa hazırda bankda gedən proseslər, yeniliklər barədə məlumat verərdiniz.

22 illik fəaliyyəti ərzində TuranBank geniş təcrübə və müştəri etimadı qazanmış, yüksək keyfiyyətli xidmət və rəqabətqabiliyyətli məhsullar təklif edən universal bir banka çevrilmişdir. Hazırda Bankımızın 15 satış nöqtəsi vardır ki, onların da 8-i regionlarda – Qazax, Ağstafa, Tovuz, Gəncə, Sumqayıt, Xaçmaz, Zaqatala və Cəlilabadda yerləşir.

Bu gün Respublikanın əksər regional mərkəzlərində satış şəbəkəsinə malik olan Bank, əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət kimi sahələrinin və ümumilikdə regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdədir.

Bank, 2012-2015-ci illəri əhatə edən strateji dövrdə “institusional baza”sını beynəlxalq təcrübəyə müvafiq olaraq mütəmadi inkişaf etdirməkdə davam edir, mövcud satış şəbəkəsinin səmərəliliyini artırır, aktivlərin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı kapitalının davamlı artımını təmin edir, islam bankçılığı məhsullarının bazara geniş çeşiddə təqdim etmək üzərində çalışır.

Bankın son dövrlər mikrokreditləşmə sahəsinə marağı nisbətən artıb. Bank müəyyən mənada öz fəaliyyət strategiyasında dəyişiklik edibmi? Səhv etmiriksə əvvəllər daha çox korparativ və böyük kreditlərin verilməsi əsas yer tuturdu.

TuranBank 2007-ci ilədək iri biznesə xidmət göstərən korporativ bank kimi fəaliyyət göstərmişdir. Bazar şərtlərinin dəyişməsi ilə Bank öz strateji baxışını və missiyasını yeniləyərək fəaliyyət istiqamətini əhali, eyni zamanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə fokuslaşdırdı. 2008-2011-ci illəri əhatə edən strategiyaya uyğun olaraq Bank “universal bankçılıq” moduluna əsaslanaraq fəaliyyət göstərməyə başladı. Birinci mərhələdə Bank institusional cəhətdən daha da inkişaf etmiş və Korporativ İdarəetmə sistemlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırmışdır. Növbəti mərhələdə görülən işlər Bankın bazar payının artmasına və bazar mövqeyinin gücləndirilməsinə xidmət etmişdir.

2012-2015-ci illəri əhatə edən yeni strategiyaya edilən son dəyişikliklərə əsasən biz fəaliyyət sahəmizi genişləndirərək ora perespektivli sahə kmi mikrokreditləşməni də əlavə etdik. Belə ki, statistik rəqəmlər hazırda ölkəmizdə 95 min hüquqi şəxslə yanaşı 500 min nəfər fiziki şəxsin də vergi qeydiyyatından keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu göstərir. Biznesin dəstəklənməsi istiqamətində Bankın öz vəsaitləri hesabına həyata keçirdiyi iri layihələrlə yanaşı əsasən regional satış nöqtələri vasitəsilə realizə olunan fərdi biznes mikrokreditlərinin məqsədi də məhz həmin kateqoriyadan olan şəxslərin sahibkarlıq fəaliyyətini maliyyələşdirməkdir. Bunun nəticəsində də hal-hazırda Bankın kredit portfelində mikrokreditlərin həcmi 50.1 milyon manata çatmışdır.

TuranBank islam bankçığına maraq göstərən bir neçə kredit təşkilatdan biridir. Bu istiqamətlə bağlı planlarınızla bizim oxucularla bölüşərdiniz.

TuranBank ənənəvi bankçılıqla paralel olaraq, islam bankçılığının respublikamızın maliyyə sektorunda tətbiqi istiqamətində fəaliyyət göstərən bir neçə bankdan biridir. İslam Maliyyələşdirilməsi üzrə biz İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası və Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası ilə fəal əməkdaşlıq edirik. Qeyd olunan beynəlxalq maliyyə institutlarının maliyyə xətləri çərçivəsində Bank İslam Bank Məhsulları olan Murabaha (Təkrar Satış), Wakala, iki mərhələli Murabaha və İcarəni həyata keçirir. Bankın ümumilikdə IDB-dən islam maliyyələşməsi istiqamətində əldə etdiyi vəsaitin ümumi həcmi 14 mln. ABŞ dollarına yaxındır.

Bank, 2012-2015-ci illər üzrə Strateji Planın əsas hədəflərindən biri olan Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi ilə yanaşı pərakəndə islam bankçılığı məhsullarının bazara geniş çeşiddə təqdim etməyə imkan verəcək İslam Bankçılığı pəncərəsinin açılması istiqamətində də işlərini davam etdirməkdədir. Burada əsas məqsəd hazırda ölkəmizdə İslam Bankçılığı məhsullarına olan böyük tələbatı qarşılamaq və bu seqmentə müvafiq bank xidmətləri göstərməkdir.

2015-ci il üçün Bankın xidmət şəbəkəsinin regionlarda genişlənməsi gözlənilirmi? Bu istiqamətdə prioritet məsələlər hansılardır?

Bankımız ötən illər ərzində regionlarda, ilk növbədə də kənd təssərüfatı məshullarının istehsalı və onunla bağlı olan emal sənayesi sahələrində sahibkalıq fəaliyyətinin maliyyələşdirilməsi üzrə geniş təcrübə toplayıb. Filial şəbəkəsinin, ilk növbədə də regionlardakı təmsilçiliyimizin mütəmadi genişləndirilməsi əsas hədəflərimizdəndir və bu planlar qeyd etdiyim sahələrin, ümumilikdə regionların iqtisadiyyatının dəstəklənməsinə xidmət edəcəkdir.

Ötən il 2 filialımız fəaliyyətə başlamışdır, cari ildə isə regionlarda daha üç filialı açmağı planlaşdırırıq. Region filiallarından ötən il fəaliyyətə başlayan Cəlilabad fililalı artıq həmin rayonun iqtisadiyyatına öz töhvəsini verməkdədir. Bu yaxınlarda açılacaq Ağcəbədi filialı yerli əhaliyə və sahibkarlara yüksək keyifyyətli bank xidməti göstərəcək və onların fəaliyyətinə ciddi dəstək olacaqdır.

TuranBankın xarici təşkilatlarla işi də intensivləşib. Bu tip əlaqələr banka hansı töhfələr verməkdə köməklik edir?

Ölkədə qeyri-neft sektorun maliyyələşdirilmək, o cümlədən kiçik və orta sahibkarlığa dəstək göstərmək, onların müxtəlif bank məhsul və xidmətlərinə olan tələblərini qarşılamaq bankımızın strateji hədəflərindən biridir. Bank, sadalanan sahələrə güzəştli maliyyə vəsaitləri cəlb etmək, həmçinin fəaliyyət göstərdiyimiz sahələrdə yüksək səviyyəli xidməti təşkil etmək, maliyyələşdirdiyimiz sahələrdə riskləri azaltmaq, müştərilərə daha yaxşı həll yollarını təklif etmək və onlara fəaliyyətlərini genişləndirməkdə dəstək olmaq üçün müxtəlif beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq əlaqələrini genişləndirilməkdədir. Bu əlaqələr bizə həm ölkə iqtisadiyyatına ucuz maliyyə  vəsailtəri cəlb etməyə, həm də həmin qurumların çoxillik təcrübələrindən yararlanaraq fəaliyyətimizi təkmilləşdirməyə imkan verir.

Bank, hazırda beynəlxalq maliyyə qurumlarından ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Dünya Bankı qrupu (World Bank Group), o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), eyni zamanda Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), İslam İnkişaf Bankı qrupu, o cümlədən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası (ITFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), WorldBusinessCapital/OPIC, Bank im Bistum Essen, Societte Generale, ECO Bank, Mikrofinanzfonds, Cyrano Management, Sus Bee Finance, BCP, CommerzBank, ZiraatBank, Bank Asiya və Küveyt Türk Bank ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur.

Adları çəkilən xarici institutların TuranBank vasitəsilə Azərbaycanın iqtisadiyyatına maliyyə resursları ayırmaları isə onların Bankımızla uzunmüddətli, uğurlu və faydalı əməkdaşlığı sayəsində formalaşan etimad sayəsində mümkün olmuşdur.

Beynəlxalq əlaqələrin inkişafı strategiyası çərçivəsində Bankımız ölkə iqtisadiyyatının real sektorunun inkişafına dəstək olacaq əlverişli şərtlərlə maliyyə vəsaitlərini cəlb etmək məqsədilə öz xarici tərəfdaşları ilə aparılan danışıqları uğurla davam etdirməkdədir. Əsasən regionlarda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə xidmət edən bu layihələr regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına ciddi dəstəyimizin bariz nümunəsidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər