15 C
Baku
Saturday, April 20, 2024

Turistlərə elektron viza vermək hüququnun əldə edilməsi

Müəllif: Balance Hüquq və Vergi Şirkətinin hüquqşünası Azər Qasımov

Hansı hüquq normasına əsasən turizm şirkətləri elektron viza verə bilər?

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 38-ci bəndinə əsasən Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinə turistlərə elektron viza almaq hüququ verilmişdir. Belə ki, həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, elektron viza almaq üçün əcnəbilər Azərbaycan Respublikasında fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsi ilə müraciət edə bilərlər. Lakin yaxın tarixədək həmin turistlərə elektron viza almaq hüququnun əldə edilməsi üçün turizm şirkətlərinin harada və hansı qaydada akkreditasiyadan keçməsi müəyyən edilməmişdir.

Akkreditasiya üçün hansı sənədlər tələb olunur?

29 iyun 2015-ci il tarixdə həmin Qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Qaydalara əsasən,  turizm fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) əsasında 1 (bir) ildən az olmayaraq fəaliyyət göstərən turizm şirkətləri akkreditasiyadan keçmək üçün ərizə ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməlidir. Ərizə turizm şirkətinə verilmiş lisenziyanın qeydiyyat nömrəsi, turizm şirkətinin əlaqələndirici şəxsi haqqında məlumat kimi texniki məlumatlar ilə bərabər ərizəyə turizm şirkətinin son 3 (üç) ay ərzində Azərbaycan Respublikasına gətirdiyi xarici turistlərin sənədlərinin surətləri (xarici turizm şirkəti və ya turistlərlə bağladığı müqavilənin (vahid bir sənədin) və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 406.3-cü maddəsinə (Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər) əsasən sənədlər mübadiləsi formasında bağlanmış müqavilələr üzrə yazışmanın, habelə bu cür müqavilə əsasında edilmiş ödənişlər üzrə sənədlərin surətləri) əlavə edilməlidir.

Akkreditasiya ilə bağlı müraciətə baxılması müddəti neçə gündür?

Turizm şirkətləri tərəfindən edilən müraciətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən baxılmasının və qərar qəbul edilməsinin ümumi müddəti 10 (on) iş günüdür. Əgər hər hansı məlumat və ya sənəd çatışmırsa, bununla bağlı ərizəçiyə sorğu göndərilir və 3 (üç) iş günü müddətində ərizənin həmin tələblərə uyğunlaşdırılması təklif edilir. Sorğuya cavab verildikdə, həmin cavaba ümumi müddətin qalan hissəsi ərzində baxılır. Əgər Nazirlik tərəfindən turizm şirkətinə sorğu verildikdə, həmin turizm şirkəti 3 (üç) iş günü müddətində tələb edilən məlumatları və (və ya) sənədləri təqdim etməlidir.

Akkreditasiyadan imtina oluna bilər?

Ərizəyə Nazirlik tərəfindən baxılması nəticəsində akkreditasiyadan imtina üçün əsas olub-olmaması araşdırılaraq, turizm şirkətinin akkreditasiyadan keçməsi və ya akkreditasiyasından imtina barədə qərar qəbul edilir, bu barədə ərizəçiyə məktub verilir. Qaydalara əsasən, turizm şirkətinin akkreditasiyasından aşağıdakı hallarda imtina edilir:

  • Nazirlik tərəfindən sorğu edilən sənədlər və (və ya) məlumatlar təqdim edilmədikdə və ya natamam olduqda;
  • təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda.

Onu da qeyd edək ki, akkreditasiyadan imtinaya səbəb olmuş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra həmin turizm şirkəti turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün yenidən müraciət edə bilər. Əgər turizm şirkətləri akkreditasiya ilə bağlı Nazirliyin vəzifəli şəxslərinin akkreditasiya ilə bağlı qəbul etdiyi qərarlardan və hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Akkreditasiya ilə bağlı hansı öhdəliklər yaranır?

Akkreditasiyadan keçmiş turizm şirkətləri Nazirlik tərəfindən təqdim olunmuş hesabat formasına uyğun olaraq hər rübün ilk 10 (on) günü ərzində ötən rüb üzrə elektron viza rəsmiləşdirilməsi ilə bağlı statistik məlumatları Nazirliyə təqdim etməlidir. Statistik məlumatlar bu müddət ərzində təqdim edilmədikdə, Nazirlik tərəfindən ona xəbərdarlıq məktubu göndərilir və təkrarən tələb edilir. Qeyd edək ki, turizm şirkətinə xəbərdarlıq olunduqdan sonra müvafiq statistik məlumatlar təkrarən təqdim edilmədikdə turizm şirkətinin akkreditasiyası ləğv edilir.

Balance.az

Son xəbərlər
Digər xəbərlər