23 C
Baku
Thursday, April 25, 2024

Turistlərə qoyulan ən qəribə qadağalar

Turist olduğunuz ölkədə qanunları bilməmək hələ məsuliyyətdən azad olmaq demək deyildir. Bu səbəbdən də hər bir turistə səyahət etdiyi ölkənin qanunlarını bilmək vacibdir. Travel+Leisure jurnalı dünyanın ən qəribə qanunlarını araşdırmışdır. 

Çimərlik geyimində gəzmək (Qrenada)

Qrenada da çimərlikdən başqa digər yerlərdə çimərlik geyimində gəzmək qadağandır və buna görə 270 dollar cərimə müəyyən olunub. Yerli turizm nümayəndələri bunu kifayət qədər ciddi bir qanun hesab edir və turistlərdən bu qanuna uymağı tələb edirlər. Bu qanuna səbəb çimərlik geyimində olan turist qadınların yerli əhalinin diqqətini cəlb etmələri hesab olunur.

Fənərləri sönülü halda avtomobilin idarə olunması (Danimarka, Çexiya)

Bu ölkələrdə yağışın, qarın yağmasından, parlaq günəşin olmasından asılı olmayaraq idarə etdiyiniz avtomobilin fənərləri yanılı olmalıdır. Bu nə qədər qəribə görünsə də hər kəsdən bu qanuna diqqət tələb olunur və bu qanun da əsassız deyil. Araşdırmalar göstərmişdir ki, sürücülər ətrafdakı maşınların fənərləri yanılı olduqda onların hansı manevrləri etmək istədiklərini daha yaxşı anlayırlar. Bu qanun adı çəkilən ölkələrdə bədbəxt hadisələrin sayının azaldılmasına kömək edir.

Göyərçinləri yemləmək (İtaliya)

İtaliya da olan turistlər Venesiyanın gözəlliklərini seyr edə, qondolalarda səyahət edə, muzeylərə baş çəkə bilərlər. Lakin heç bir halda onlar göyərçinləri yemləyə bilməzlər. Bu ilk baxışdan zərərsiz quşlar İtaliyanın baş bəlasına çevrilib. Şəhər bələdiyyəsi ev və abidələrin üzərlərini göyərçinlərin ifrazatından təmizləmək üçün xeyli pul xərcləyir. Bu qanuna uymayaraq göyərçinləri yemləyənləri 50-60 avro cərimə gözləsə də bəzi hallarda bu cərimələr 600 avroya qədər də ola bilir.

Külli miqdarda qəpiklərdən istifadə (Kanada)

Kanada da yaşayanlar artıq bilirlər ki, aldıqları malların pulunu istədikləri kimi qəpiklə ödəyə bilməzlər. 1985-ci ildə xüsusi olaraq qəbul edilmiş qanun qəpikdən necə istifadə etmək qaydalarına aydınlıq gətirmişdir. Ümumiyyətlə mağazaya “yarım kiloqram qəpiklə” gələn müştəri müəyyən miqdardan artıq qəpiklə ödəniş edə bilməz və satıcının alıcıya etiraz etmək hüququ var. Bu qanun mövcud olsa da qanunverici orqanlar nə qədər qəpikdən istifadə etməyə icazə verildiyini söyləməyi unutmuşlar!

Şossedə maşın saxlamaq və piyada gəzmək (Almaniya)

Almaniyada şosse üzərində avtomobilin mühərrikini söndürüb gəzintiyə çıxmaq qəti qadağandır. Yanacağınızın bitməsi və ya mühərrikdə bir problemin olması səbəbindən də olsa şossedə avtomobilinizi saxlasanız 100 avro cərimə ödəməli olacaqsınız. Belə bir qanun mövcud olmasına baxmayaraq Almaniyanın bəzi yollarında sürət həddi yoxdur və bu insan həyatı üçün daha təhlükəlidir.

“Təmiz avtomobillər cəmiyyəti” (Moskva)

Moskvaya gəldikdə avtomobilinizin təmizliyindən əmin olun! Bu şəhərin yollarının tək asfaltdan deyil, həm də dərin və çirkli çalalardan ibarət olduğunu nəzərə alsaq siz buna daha çox diqqət yetirməlisiniz. Avtomobilinizin çirkli olması, nömrənizin oxunmaması səbəbindən cəza almaqla yanaşı siz, vamperin azacıq tozlu olmasına görə də yol polisinin uzun öyüd-nəsihətlərinə qulaq asmalı olacaqsınız.

Ramazan ayı boyunca küçədə yemək yemək (BƏƏ)

Ramazan ayında BƏƏ-nə səyahət etsəniz görərsiniz ki, restoranlarda nahar digər günlərə nisbətən daha ucuzdur və küçələrdə yemək yemək qadağandır. Küçədə cəmiyyət içərisində qidalanmaq hətta sizi azadlıqdanda məhrum edə bilər. Belə ki, iki britaniyalı turist bu səbəbdən üç həftəlik həbs həyatı yaşamağa məcbur olmuşdular. Bir neçə digər turist isə ictimai yerdə çirə içdiklərinə görə 275 dollar cərimə ödəməli olmuşdular.

Vağzallarda öpüşmək (Fransa, Böyük Britaniya)

Dünyanın ən romantik ölkəsində vağzallarda öpüşmək qadağandır. Bu qanun 1910-cu ildə qəbul olunub. Zaman və münasibətlərin dəyişməsinə baxmayaraq bu qanun hələ də qüvvədədir. Bu qanun ilk növbədə qatarların gecikməsini əngəlləmək üçün nəzərdə tutulmuşdu. Vağzallarda belə hadisələr bağışlanılmazdır və ən müsbət halda sevgililərdən vağzalı tərk edərək avtodayanacağa getmələri tələb olunur.

Sükan arxasında soyunmaq (Tailand)

Tropik ölkənin istisində avtomobilin və yaxud motosikletin sükanı arxasında soyunmaq nə qədər cəlbedici təsir bağışlasa da bunu etmək məsləhət deyil. Bu hərəkət qadağandır və bunu edənlər 10 dollar cərimə olunur. Bu çox da böyük məbləğ olmasa da sərinləmək üçün dəyərmi?

Saqqız çeynəmək (Sinqapur)

Sinqapura səyahət edərkən cibinizdən saqqız çıxarmağı unudun. Bundan başqa, bu ölkədə küçədə tüpürmək və quşları yemləmək də qadağandır. Bütün qadağalar etik çərçivədən uzaq olduğu üçün qadağan olunmuşdur. Heç kim tüpürülmüş, saqqız yapışmış və quş ifrazatları ilə örtünmüş səkidə gəzmək istəməz. Burada yalnız həkim icazəsi ilə xüsusi nikotin əleyhinə olan saqqızları çeynəməyə icazə verilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər