“Türk Hava Yolları”dan 3 ay ərzində milyard dollara yaxın mənfəət – rekord

Bu ilin III rübündə “Türk Hava Yolları” aviaşirkətinin əldə etdiyi xalis mənfəəti 939 milyon ABŞ dollar təşkil edib ki, sözügedən rüb əvvəlki illərin analoji dövrləri ilə müqayisədə ən mənfəətlisi olub.

Bu barədə “Türk Hava Yolları” aviaşirkətindən məlumat verilib.

Bildirilib ki, “Türk Hava Yolları” aviaşirkətinin 2017-ci ilin əvvəlindən etibarən tətbiq etdiyi maliyyə intizamı və tələbatın dinamik idarə olunması sistemi sayəsində şirkət cari ilin III rübündə rekord həcmdə – 939 milyon ABŞ dolları məbləğində xalis mənfəət əldə edib.

2017-ci ilin III rübündə şirkətin ümumi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Yanvar-sentyabr aylarında orta ümumi gəlir 8 faiz artıb və 8,2 milyard ABŞ dollarına çatıb.

“Türk Hava Yolları”nın maliyyə hesabatına əsasən, 2017-ci ilin III rübü ərzində vergi, faiz, aşınma, amortizasiya və icarə (EBITDAR) ödəmələrinədək mənfəət 90 faiz artaraq 1,5 milyard ABŞ dolları təşkil edib. EBITDAR üzrə rentabellik 41 faiz təşkil edib və bu da “Türk Hava Yolları”nı dünyanın ən gəlirli aviaşirkətlərindən birinə çevirir.

Qeyd edək ki, THY hazırda 302 istiqamət üzrə uçuşlar həyata keçirir. Bu sırada, həmçinin həftədə 5 dəfə olmaqla Azərbaycan üzrə 3 istiqamətdə uçuşlar var. Artıq 26 ildir Azərbaycanda fəaliyyət göstərən aviaşirkət Bakıya uçuşlarını “Airbus A321” təyyarələri ilə edir. Eyni zamanda, həftədə 2 dəfə olmaqla Pakistanın paytaxtı İslamabada uçuşları Bakı üzərindən yerinə yetirir.