22 C
Baku
Saturday, April 20, 2024

Türk lirəsinin “çöküşünü” saxlayan səbəb nədir? – analitika

Son 1 həftə ərzində Türkiyədə ABŞ dollarının məzənnəsi 7 lirəyə çatdı ki, bu da qonşu ölkənin milli valyutasının 2001-ci ildən bəri ən pis vəziyyətidir.

Türk lirəsinin real effektiv məzənnəsi isə 1994-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.

Türkiyənin milli valyutasının ucuzlaşması fonunda yerli bankların səhmləri təkcə son 7 gün ərzində 6,5%-ə qədər dəyər itirib. Bankların illik dəyər itkisi isə 37%-ə çatıb. Bütün bunların kökündə isə Türkiyə ilə ABŞ arasında siyasi gərginliyin yaranması, 1-cinin 2-ciyə ixrac etdiyi dəmir və aluminium üçün gömrük rüsumlarının ikiqat artırılması, iki türk nazirə qarşı sanksiyaların tətbiqidir.

Related image
Lirə

Bu xəbərlər həm qlobal, həm də yerli maliyyə bazarlarında təşvişə səbəb olub, Türkiyə bankları dollara olan tələbatı ödəməkdə çətinliklərlə üzləşib. Bu da səbəbsiz deyil. Çünki Türkiyənin uzun müddətdir ki, həll edə bilmədiyi ciddi iqtisadi problemləri var. Ölkənin xarici ticarət balansının kəsiri artmaqda davam edir, qiymət artımının illik həddi 15,85%-ə yüksəlib, yerli özəl şirkətlərin xarici borcu ümumi daxili məhsulun (ÜDM) 40%-nə çatıb. Bu cür şəraitdə dolların kəskin bahalaşması Türkiyənin özəl sektoru üçün yaxşı heç nə vəd etmir.

Lirənin ucuzlaşmasını dayandırmaq üçün bu həftənin əvvəlindən Türkiyənin banklara nəzarət qurumu yerli kredit təşkilatlarının svop əməliyyatlarına məhdudiyyət tətbiq etməyə qərar verib. Türkiyənin Mərkəzi Bankı isə ehtiyat normalarını azaldaraq 90 günlük repo əməliyyatlarını bərpa edib və valyuta bazarına əlavə likvidlik verib. Bunlara paralel olaraq, hökumət ölkənin aparıcı iqtisadi birliklərinin və bank sektorunun aparıcı nümayəndələrinin iştirakı ilə Amerika valyutasında qarşı təbliğat kampaniyasına başlayıb. Cəmiyyətin bir hissəsinin bu kampaniyaya qoşulması ilə lirənin dəyər itirməsinin qarşısı alınıb və bu gün Türkiyədə 1 dollar qısa müddətə 6 lirədən aşağı düşüb. Hazırda isə TRY/USD nisbəti 6,15-dir.

Bununla belə, lirənin dəyər qazanmasına həm də Türkiyədə həbs edilmiş ABŞ-dan olan rahib Endryu Bransonun vəkilinin yenidən məhkəməyə müraciət etməsi, onun azadlığa buraxılacağı ilə bağlı xəbərlər, eləcə də dolların məzənnəsi investorların gözlədiyi psixoloji həddə (7 lirəyə) çatdıqdan sonra Amerika valyutasının satışına başlanılması səbəb olub.

Bu arada, türk lirəsinin məzənnəsinin nisbi olaraq sabitləşməsinə baxmayaraq, milli və xarici valyutada dövriyyəyə buraxılmış 2 illik dövlət istiqrazlarının illik gəlirliliyi müvafiq olaraq 26-27%-ə və 7-8%-ə çatıb. Türkiyə bankları isə 2 illik dollar istiqrazlarına illik 13-30% gəlirlilik vəd edir (Rekord göstərici “Halkbank”a məxsusdur). Qonşu ölkənin qiymətli kağızlarına tələbatın olmaması və onların ucuzlaşması Türkiyənin valyuta əməliyyatlarını məhdudlaşdıracağı və yaxud texniki defoltla üzləşəcəyi fikri yaradır. Amma unutmaq lazım deyil ki, oxşar və daha dərin böhranların baş verdiyi 1994-cü və 2001-ci illərdə bəzi türk bankları bağlansa da, texniki defolt elan olunmayıb və ölkə öhdəliklərini icra edə bilib.

– Report

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər