15 C
Baku
Friday, March 29, 2024

Türkiyə bankları maliyyə xərclərini azaldır

Türkiyədə fəaliyyət göstərən bank filiallarının ümumi sayı 2015-ci ilin martından 2016-cı ilin mart ayına qədər 51 ədəd, bank işçilərinin sayı isə 858 nəfər azalıb.  Türkiyə mətbuatının yaydığı məlumata görə, buna səbəb bankların xərclərini azaltmasıdır.

Belə ki, hesabat dövründə qonşu ölkənin bank sektorunda kapitalın gəlirliliyi azalıb, kredit portfelinin artım tempi zəifləyib. Həm bu amillər, həm də texnoloji inkişaf və geosiyasi risklər kredit təşkilatlarını bacardıqca yeni şöbələr açmamağa və işə yeni adamlar götürməməyə vadar edib.

Məsələn, son bir ildə Türkiyədə bankların kapital xərcləri 15% artdığı halda, kapital gəlirləri 10% artıb. Üstəlik, maliyyə qurumları 1 şöbənin saxlanmasına il ərzində orta hesabla 45 min lirə (təxminən 23 min manat) xərc çəkib.

Son nəticədə banklar bir ildə 3 156 nəfəri işə götürdükləri halda, ixtisara düşən, işdən öz istəyi ilə çıxan və yaxud təqaüd yaşının çatması ilə əlaqədar bank sektorunu tərk edənlərin sayı 4 014 olub. Bu rəqəmləri Türkiyə Banklar Birliyi açıqlayıb.

Müşahidələr göstərir ki, Türkiyədə bank işçilərinin sayının azalması tendensiyası dövlət və özəl banklarda eyni deyil. Məsələn, Türkiyənin ən böyük bankı olan və Azərbaycanda da törəməsi fəaliyyət göstərən dövlətə məxsus “Zıraat Bankası” 1 il ərzində 1 164 nəfəri işə götürüb və işçilərinin sayını 25 660-a çatdırıb. Növbəti yerlərdə qərarlaşmış “İş Bankası” 560 nəfəri işə qəbul etməklə 25 179, “Garanti Bankası” 427 nəfəri işə götürməklə 19 854, “YapıKredi Bank” 348 nəfəri işlə təmin etməklə 18 473, “Vakıfbank” isə 271 nəfərə iş verməklə 15 314 işçiyə sahib olub.

Əvəzində “Akbank” 990, “ING Bank” 816, HSBS-in nümayəndəliyi isə 739 nəfərlə yollarını ayırıb. Beləliklə, əgər 2015-ci il aprelin 1-nə Türkiyənin bank sektorunda 201 481 nəfər işləyirdisi, 2016-cı il aprelin 1-nə bu rəqəm 200 623-ə enib.

Türkiyədə yeni şöbələrin açılması məsələsində də dövlət bankları özəl bankları üstələyir. Belə ki, hesabat dövründə “Zıraat Bankası” 87, “Halkbank” 53, “Vakıfbank” 20, “İş Bankası” 16 şöbə açıb.

Əvəzində “Akbank” 76, “ING Bank” 34, “Garanti Bankası” isə 22 şöbəsini bağlayıb. Bununla da, bir il ərzində Türkiyədə 182 yeni bank şöbəsi açıldığı halda 233 şöbə fəaliyyətini dayandırıb. Onların ümumi sayı isəı 11 236-dan 11 185-ə düşüb.

Qeyd edək ki, Türkiyə bank sektoru bu ilin ilk rübünü 8,121 mlrd. lirə (təxminən 4,2 mlrd. manat) xalis mənfəətlə başa vurub.

Report

 

Son xəbərlər
Digər xəbərlər