12 C
Baku
Thursday, March 28, 2024

Türkiyə iqtisadiyyatı ilə Azərbaycan iqtisadiyyatının qarşılıqlı müqayisəsi. Və bu nöqteyi-nəzərdən Azərbaycanın vizyonu

Müəllif: Qüdrət İsabəyli

Mən bu mövzunu yazarkən Azərbaycan iqtisadiyyatını dünya mövqeyində (iqtisadiyyatında) fenomen sayılan ölkələrlə müqayisə edə bilərdim. Məsələn: Yaponiya, Sinqapur, C.Koreya-kimi son zamanlarda daha sürətlə inkişaf edən ölkələr. Məhz nəyə görə Türkiyə? Ona görə ki, biz Türkiyə ilə daha yaxınıq (qardaş ölkə), eyni millətdənik ( Türk milləti ) buna görə də bəzi məsələlərdə ortaq nöqtələrimiz vardır, bundan əlavə Azərbaycan iqtisadiyyatının dünya mövqeyində orta sıralarda olması da məsələyə təsir edən ən əsas faktorlardır və s. kimi bir neçə amili də sadalaya bilərik. Bundan əlavə qardaş ölkənin iqtisadiyyatı haqqında eşitdiyim məlumatlar məni elə Türkiyə haqqında bir məqalə yazmağa həvəsləndirdi. Burada hədəflənən əsas məqsəd Azərbaycanın daha yaxşı iqtisadi inkişafı üçün müəyyən ölkələrlə qarşılıqlı müqayisəsi və bu müqayisədə ortaya çıxan zəif tərəflərin aradan qaldırılması, güclü tərəflərin isə daha da gücləndirilməsidir. Hesab edirəm ki, biz AR Prezidenti İlham Əliyevin uğurlu siyasəti sayəsində buna nail ola biləcəyik.

İlk öncə Türkiyənin iqtisadi arenada əldə etdiyi uğurlardan, naliyyətlərdən danışaq. “The World Factbook”a görə Türkiyə böyük ölçüdə inkişaf etmiş bir iqtisadiyyata malikdir. Kənd təsərrüfatı məhsulları, tekstil, motorlu maşınlar, gəmilər və digər nəqliyyat vasitələri, inşaat məhsulları, ev və elektrionik əşyaları istehsalında dünyada lider ölkələrdən biri sayılır. Bundan əlavə Türkiyənin bir çox markaları artıq dünyanın ən məşhur markaları siyahısına daxil olmağı bacarmışlar. Türkiyənin ən böyük 5 markasının adıları belədir:

1) Türk Telekom (2.019 mlrd $)

2) Turkish Airlines (1.68 mlrd $)

3) Akbank (1.582 mlrd $)

4) İş Bankası (1.569 mlrd $)

5) Türkcell (1.539 mlrd $)

Bu markalar Türkiyənin dünyada “imic döyüşçü”ləridir. Ona görə ki, bu firmaların dünya mövqeyində yer alması Türkiyədə sağlam rəqabətin, azad bazar iqtisadiyyatının, liberal xarici ticarət siyasətinin olduğunu sübut edir və bu da xarici investorları cəlb edən ən əsas faktorlardan biri sayılır. Digər tərəfdən isə bu firmalar böyük ölçüdə vergi verməklə dövlət büdcəsinə aktiv şəkildə yardım edirlər. Könül istərdi ki, Azərbaycanımızda da belə markalar olsun, lakin təəssüflər olsun ki, yoxdur. Bəs Azərbaycanda belə markaların olmamasının səbəbi nədir: Sağlam rəqabətin olmaması, monopoliya və inhisarların olması, insanlarımızda hələ də sovet iqtisadi fikirlərinin mövcudluğu, rüşvət və korrupsiya kimi səbəblərlə izah oluna bilər. Əgər biz ölkəmizə investisiya cəlb etmək, ölkədə iqtisadi canlanmaya şərait yaratmaq istəyiriksə, ilk növbədə bu mənfi əlamətləri aradan qaldırmalıyıq.

Əgər ərəb ölkələrində baş verən inkişaf xam neftin hesabına idisə, Türkiyədəki inkişaf isə bilavasitə olaraq cəmiyyətin, millətin çalışması ilə meydana gəlmişdir. Ortada belə bir fakt var ki, Türkiyə faydalı qazıntılarla o qədər də zəngin ölkə deyildir. Əlavə olaraq da qeyd edim ki, Türkiyə 2023-ə kimi faydalı qazıntılarından tam yararlana bilməyəcəyək. Bunun səbəbi isə 1923-cü ildə imzalanan “Lozan” müqaviləsidir. Dünyanın 16-cı və Avropanın isə 6-cı böyük iqtisadiyyatı olan Türkiyə ən güclü iqtisadiyyatların təmsil olunduğu “G-20”nin fəal bir üzvüdür. Qlobal maliyyə böhranı zamanı bir çox ölkələrin iqtisadiyyatı çıxılmaz vəziyyətdə qalsa da bu dönəmdə Türkiyə iqtisadiyyatı 2008-ci ildə yavaşlamanın və 2009-cu ildəki kiçilmənin ardından 2010 və 2011-ci illərdə sırayla 9.2% və 8.5% nisbətində artaraq ÇXR-dən sonra böyümə sürəti ən yüksək olan 2-ci dövlət olmuşdur. O cümlədən də Avropanın ən sürətlə böyüyən iqtisadiyyatı durumundadır. Türkiyə, rəqabət qanunlarının işlədiyi, özəl sektorun iqtisadiyyatda qabaqcıl yer tutduğu, ictimaiyyətin düzənləyici rol oynadığı, liberal xarici ticarətin tətbiq olunduğu, mal və xidmətlərin fərdlər və qurumlar arasında əngəlsiz olaraq əl dəyişdirdiyi bir sərbəst bazar iqtisadiyyatıdır. Görünür Türkiyə məşhur ingilis iqtisadçısı Adam Smitin nəsifətlərini eşidib və düzgün şəkildə dəyərləndirib. Adam Smit deyirdi: “Sağlam rəqabətin söndürülməsi bazar iqtisadiyyatı üçün bir fəlakətdir”. Türkiyədə az hallarda istehsalçı ola bilər ki, istehsal etdiyi məhsul və xidmətləri “saxta” yollarla istehsal etsin. Ancaq gəlin bir də öz ölkəmizə baxaq bizdə məhsul və xidmətlər istehsa olunmazdan, hələ plan tərtib edilmədən əvvəl onu necə “saxta” yolla necə istehsal edəcəklərini fikirləşirlər. Bu gün Azərbaycanda çoxları müəssisələrdən qəbz tələb etmir, ancaq biz anlamalıyıq ki, hər tələb edilməyən qəbz büdcəyə vəsaitin az ötürülməsinə səbəb olur. Bizdə insanlarımızın çoxu “saxta” məhsul istehsal etməklə elə bilirlər ki, qazanırlar ancaq bilmədikləri bir şey var ki, onlar uduzduqlarının fərqində belə deyillər. Çünki onlar işlərini qeyri-qanuni qurduqda müəyyən məbləğdə rüşvət verirlər və bu rüşvətin verilməsi davamlı olaraq davam edir. Onların istehsal etdikləri məhsullar “saxta” olduğundan bir dəfə alan ikinci dəfə həmin məhsulu almır və onun daimi müştərisi olmur. Hər gün yeni ideyaların meydana gəldiyi marketinqdə hal-hazırda əsas strategiya müştərini uzun müddət əldə saxlamaq və loyal müştəriyə malik olmaqdır. Mən bununla bağlı ABŞ-dan bir misal çəkəcəm. Belə ki, 3 mərtəbəli yüksək gəlirli supermarket şəbəkəsinin idarə edən Styu Leonard deyir: << Hər dəfə alıcı inciyib gedəndə elə bilirəm mağazamdan 50.000 dollar uçub gedir. Nə üçün? Çünki orta hesabla onun hər bir alıcısı həftədə 100 dollarlıq mal alır. İlin 50 həftəsini bazarlıq edir. Ərazidə təxminən 10 il yaşayır. Əgər bu müştəridə pis rəy yaranarsa, buradakı xidmət xoşuna gəlməsə, o, başqa supermarketə gedəcək və Styu Leonard 50.000 dollar gəliri əlindən çıxaracaqdır. Əgər peşiman olmuş müştəri bunu başqalarına da desə onda, bu itki daha da böyük olacaqdır. Müştərilərin sayını daim artırmaq üçün Styu Leonard <<New York Times>>ın zarafatla adlandırdığı <<Süd mağazasının Disneyləndi>>ni yaratmışdır. Bütün mağazalarda kostyumlu əsər qəhrəmanlarını, əyləncələr, sevimli ev heyvanlarını, heyvanların elektron animasiya fiqurlarını görə bilərsiniz. 1969-cu ildə kiçik bir süd məhsulları mağazası kimi fəaliyyətə başlamış Styu Leonard mağazası iri addımlarla inkişaf etmişdir. Əvvəlkinə əlavə olaraq 29 bina tikilib ki, bu indi həftə ərzində 250.000 müştəriyə xidmət edir. Loyal alıcıların belə çox olması, mağazanın əsasən müştəri xidmətinə sevgi ilə yanaşmağın nəticəsidir. Styu Leonard mağazasının 1-ci qanunu – müştəri həmişə haqlıdır, 2–ci qanun – Əgər müştəri haqsız olarsa, 1-ci qanunu yenidən oxuyun>> kimi ifadələr edilir. Marketinqdə belə bir tendensiya müşahidə olunur ki, əgər müştərinin aldığı məhsul pis olduğu halda bunu başqalarına deməsi nisbəti, yaxşı olduğu halda bunu başqalarına deməsindən 2 dəfə çoxdur. Buna görə də çox çəkmir ki, iflas edirlər.(yazdıqlarımı bütün firma və müəssisələrə aid etmirəm). Adicə bir misal, əvvəl bir çayı şirin etmək üçün iki çay qaşığı şəkər tozu kifayət edirdisə də indi isə dörd çay qaşığı ilə əvvəlki şirinliyi əldə edə bilmirsən. Bu sahədə digər bir əksikliyi isə marketinq və stratejik sahələrdə olan bilik və təcrübə yetərsizliyini görürəm. ABŞ-da aparılan bir araşdırmaya əsasən ilk birinci ildə iflas edən müəssisələrin 70%-nin məhz biznes planının olmaması səbəbi ilə baş verdiyi görülmüşdür. Azərbaycanın hal-hazırda böyük şirkətləri qloballaşan biznesə ayaq uydura bilirlər, ancaq yerdə qalan müəssisələr isə biznesin ən son naliyyətlərindən istifadə edə bilmirlər. Təəssüflər olsun ki, bu gün bir çox kiçik və orta müəssisələrin biznes planı, marketinq strategiyaları belə yoxdur.

Bildiyimiz kimi Türkiyə deyəndə ağla gələn ilk düşüncələrdən, fikirlərdən biri Antalya, Bodrum istirahət alanları bir sözlə turizm sektorudur. Bu gün Türkiyə turizmdə fenomen sayılan ölkələrdən birinə çevrilmişdir. Təsadüfi hal deyil ki, dünyada turizm sektoruna görə Türkiyə ilk 10 ölkə arasında yer almağı bacarmışdır və Türkiyə turizmdə rəqabət qabiliyyəti yüksək olan bir ölkədir. Hesablamalara əsasən deyə bilərəm ki, Türkiyəyə 2012-ci ildə 31.8 milyon xarici turist gəlmişdir. 2012-ci ildə Türkiyənin turizm gəliri isə 2011-ci ilə nisbətən 1.8% artaraq 23.4 mlrd dollar olmuşdur. Bu barədə bir çox şey yazmaq olar.

Azərbaycanın turizm üçün lazım olan sərvətləri-təbii gözəlliyi, meşələri, dağları, çimərlikləri, qış turizmi üçün imkanları, mineral bulaqları, sağlamlıq obyektləri, Naftalan nefti, min-bir dərdə dəva mineral palçıqları saymaqla bitmir. Gəlin görək biz bu potensialdan nə dərəcə də istifadə edirik. Bildiyimiz kimi Azərbaycanın xidmət sektorunda qiymətlər bahadır. Və hesab edirəm ki, Azərbaycanın turizmdə irəli gedə bilməməsinin ən əsas səbəblərindən biri də məhz budur. İndi Azərbaycanı digər qonşu ölkələrlə müqayisə edək: Hesablamalara əsasən, Azərbaycanda 1 nəfərin bir həftə ərzində normal istirahəti üçün 800-1000 manat vəsait tələb olunur. Ancaq hər il təqribən 30 milyon turist qəbul edən Türkiyədə 1 nəfərin 1 həftəlik istirahəti üçün 400 dollar tələb olunur. Şimali Kipir Türk Cümhuriyyətində isə bu 300 avronu keçmir. Birləşmiş Ərəb Əmirliyində 1 həftəlik istirahət 1000 dollardır. Türkiyənin Antalya, Bodrum, Quşadası kimi məşhur turizm məkanlarında bu qiymət 400-700 dollar civarında dəyişir. Gürcüstanda da qiymətlər Azərbaycana baxanda çox ucuzdur belə ki, Batumda bir nəfərin 1 həhtə ərzində 3 ulduzlu oteldə dincəlməsi 300-350 manatdır. Buraya yol xərcləri və gündəlik yeməklər daxildir. Yəqin buna görədir ki, “2013-cü ilin göstəricilərinə əsasən azərbaycanlılar Gürcüstanda 300 milyon dollar xərcləyiblər”. Bu sözləri Gürcüstan Turizm Administrasiyasının rəhbəri Georgiya Siqua deyib. Onun sözlərinə görə, Gürcüstana 2013-cü ildə 1 milyon azərbaycanlı gəlib ki, onlarında 300 mini sırf turizm məqsədi iləsəfər edib. İndi isə gəlin fikirləşək o biri ölkələri qoyuram qırağa Gürcüstanda xərclənən 300 milyon dolları öz ölkəmizdə dəyərləndirsəydik və Azərbaycanı turizmdə rəqabət qabiliyyətli ölkə etsəydik bu gün biz neftdən o qədər də asılı olmazdıq. Bizim Gürcüstandan heç nə əksiyimiz yoxdur, əksinə biz olardan qabaqdayıq istər iqtisadiyyatımıza, istərsə də ən əsası Odlar Yurdumuzun təbii gözəlliyinə görə. Bizdə olan imkan az ölkələrdə var və biz bu imkanlardan maksimum dərəcə də faydalanmalıyıq. Biz ilk növbədə araşdırmalıyıq ki, nəyə görə iqtisadi cəhətdən bizdən geridə qalan Gürcüstanda turizmdəki qiymətlər bizə baxanda iki dəfə ucuzdur. Bəlkə onlar bizi qiymət strategiyasında yenirlər?. Bu suallardan çox vermək olar sadəcə dərin analiz aparıb nəticə çıxartmaq lazımdır. Ən azından ortada belə bir fakt var ki, tutaq ki, Türkiyədə tikilmiş bir otellə Azərbaycanda tikilmiş oteli müqayisə edirik(qiymət cəhətdən). Belə ki, Türkiyədəki otelin tikilməsi üçün 10 manat lazımdırsa ( şərti olaraq ), Azərbaycandakı otelin tikilməsi üçün 15 manat lazımdır. Ona görə ki, Türkiyədə tikilən bir otel Türkiyədə istehsal olunan tikinti materiallarından istifadə edəcəkdir, Azərbaycanda otelin tikilməsi üçün isə Türkiyədən gətirilən tikinti materiallarından istifadə olunacaqdır. Buraya biz materialın gətirilməsi üçün nəqliyyat xərci, gömrük xərci və s. xərcləri əlavə etdikdə Türkiyədə tikilən otel 10 manat Azərbaycanda tikilən otel 15 manat olacaqdır. Və bu da bir-başa olaraq qiymətlərdə öz əksini tapır. Hesab edirəm ki, biz bir sahə üzrə dünyada rəqabət qabiliyyətli ölkə olmaq istəyiriksə, o sahəyə xidmət edəcək sahələri də inkişaf etdirməliyik. Bu da bilavasitə olaraq digər sahələrin də inkişaf etməsinə səbəb olacaqdır. Az əvvəl qeyd etdiyim tikinti materialı misalını qeyd edə bilərik. Fikrimcə dövlətimizin apardığı iqtisadi islahatlar nəticəsində biz bu problemləri aradan qaldıracayıq.

Son xəbərlər
Digər xəbərlər