16 C
Baku
Friday, April 19, 2024

Uğur qazanmaq üçün ilk növbədə optimistlik tələb olunur

Müsahibimiz: Kapital Bankın Maliyyə menecmenti departamentinin direktor müavini Orxan Nəcəfov

Rezüme:

Təhsil

Prezident təqaüdçüsüdür (universitetə daxil olma balı 675). Azərbaycan Dövlət İqtisad Universiteti Maliyyə və Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universitetdə oxuduğu müddətdə ABŞ DePauw universitetinin Economics fakültəsinin məzunu olmuşdur. Universiteti bitirdikdən sonra Macarıstanın CEU universitetinə Economics üzrə magistr dərəcəsi almışdır. CFA sertifikatının sahibidir (3 mərhələni də bitirmişdir).

İş təcrübəsi:

IBM şirkətində mühasib vəzifəsində, DəmirBankda maliyyə departamentində mütəxəssis, bölmə rəhbəri, sonradan şöbə müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Universitetində malliyyə üzrə mühazirələr keçmişdir. Hazırda Kapital Bankda Maliyyə menecmenti departamentinin direktor müavinidir.

Orxan bəy, necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz?

Hələ Azərbaycan Dövlət İqtisad Universitetində təhsil aldığım müddətdə hiss edirdim ki, bu sahədə biliklərimi genişləndirməyimə və daha keyfiyyətli təcrübə toplamağa ehtiyacım var. Oxuduğum müddətdə məlumat aldım ki, Amerikada təhsil almaq imkanları verən xüsusi bir proqram vardır və bu proqram qismən də olsa mənim tələblərimə uyğundur. Proqram vasitəsi ilə ABŞ-da bir il müddətinə ödənişsiz təhsil almaq mümkün idi. Həmin dövrdə universitetin 1-ci kursunda oxuyurdum və proqrama müraciət etməyə qərar verdim, amma təəssüf ki, son mərhələdən keçə bilmədim. Kəsilməyimin əsas səbəbi müsahibəyə qətiyyən hazırlaşa bilməməyim olmuşdu. Növbəti dəfə 2-ci kursda oxuyanda yenə də şansımı sınağa çəkdim. Amma bu dəfə prosesə  daha əsaslı sürətdə hazırlaşırdım.

Bundan  ötrü xaricdə təhsil almış yoldaşlar ilə görüşdüm, onlarla ingiliscə danışmaq mənə həm dil, həm də müsahibəyə hazırlıq baxımından çox kömək oldu. TOEFL imtahanından köhnə bal sistemi ilə 600 bal yığdım və mənim namizədliyim qəbul edildi.

Amerikaya 1 illik təhsil üçün getdim. Qeyd edim ki, proqram təhsil haqqından tutmuş bütün məişət xərclərini öz üzərinə götürürdü. Gözləntilərim müxtəlif idi, amma əminliklə deyə bilərəm ki, təhsil mənə çox şey verdi. Bura həm mənim dünyagörüşümün formalaşmasında, hadisələrə fərqli bucaqdan baxmaqda, həm iqtisadiyyat sahəsinin nə qədər  dərin olduğunu anlamaqda böyük rol oynadı. Professor və müəllim heyətinin dərslərə yanaşması, Amerikada hökm sürən təlim və tədris atmosferi sənə istər-istəməz, tamamilə fərqli bir təcrübə qazandırır.

Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıtdım və universitetin 3-cü kurs imtahanlarını verməklə bir başa 4-cü kursa keçid aldım. 4-cü kursda oxuduğum zamanda DəmirBankda yarımgünlük işə başladım.

Növbəti xarici təhsil necə baş tutdu? Niyə məhz CEU?

Deməliyəm ki, hələ ABŞ-da oxuyan zaman CEU-da güclü Economics magistrinin olduğu haqqında eşitmişdim. Deyilənlərə görə bu kurs orada çox ciddi tədris olunurdu və ümumiyyətlə kursun texniki tərəfləri demək olar Doktorantura səviyyəsində keçirilirdi. Qəbul zamanı meyar olaraq, məhz bu kursa davam gətirə biləcək insanların seçilməsi prioritet təşkil edirdi. Çünki çox tələbə kursun ağırlığı səbəbindən onu yarımçıq qoymaq məcburiyyətində qalırdı. Düşünürəm ki, seçim zamanı bu tələblərə cavab verdiyimi onlara inandıra bilmişdim.

Mümkünsə seçim prosesi ilə bağlı oxucularımıza daha ətraflı məlumat verərdiniz?

Seçim prosesinin ilkin mərhələsi sənəd qəbulundan ibarət idi. Bu proqram üzrə seçim prosesini həyata keçirən yerli nümayəndəlik sənəd qəbulu prosesində çıxan bütün suallarla bağlı və sənədlərin universitetə təqdim olunmasında mənə köməklik göstərirdi.

Universitet tələbənin akademik sahədə, həmçinin digər nailiyyətlərinə diqqət yetirərək, onu növbəti mərhələyə dəvət edir. Mən də həmin mərhələyə dəvət alanlar arasında idim. Növbəti mərhələ universitetin proqramı əsasında hazırlanmış riyaziyyat imtahanından və TOEFL imtahanından ibarət idi. Bu imtahanları verdikdən sonra universitetdən dəvət məktubu aldım. Sevindirici hal ondan ibarət idi ki, CEU məni tam ödənişsiz təhsilə dəvət etmişdi. Eyni zamanda bir neçə iş təklifi aldığıma baxmayaraq CEU-da təhsil almağı qərar verdim. Uzunmüddətli perspektivləri  qısamüddətli perspektivlərdən daha üstün tutdum.

Macarıstan xatirələrimdə maraqlı bir ölkə kimi qalıb. Burada sovet dönəmindən qalan bir doğmalıq,  eyni zamanda Avropa mədəniyyətinin təsiri qabarıq şəkildə hiss olunurdu. Sosial həyat bu ölkədə çox dinamikdir. Macarıstanda hər hansı bir tələbənin bekarçılıqdan üzülüb getməsini görmək mümkün deyildi, daima hamı bir yerdə yığışıb istirahət edər, bir yerdə toplaşıb dərs oxuyardı. Macarlar aktiv istirahət növlərinə daha çox üstünlük verirlər.

CEU-da təhsil aldığım dövrdə 1 il müddətində IBM şirkətində tələbə kimi çalışmaq imkanım oldu. IBM-də qazandığım təcrübə mənə sonradan çox kömək etdi.

CEU-nu bitirdikdən sonra Azərbaycana qayıtdım və Dəmirbank-da işimi davam etdirmək qərarına gəldim. 2012-ci ildən Kapital Bankda maliyyə departamentinin müavini vəzifəsində işləyirəm.

Hazırda Azərbaycanda xüsusi nüfuzu olan sertifikatlardan biri CFA sertifikatıdır. Zəhmət olmasa bu proses haqqında məlumat verərdiniz, necə hazırlaşdınız,  hansı imtahanları verdiniz və ümumi proses necə keçir?

Sertifikat haqqında onu deyim ki, 3 səviyyədən ibarət bu imtahan maliyyəyə aid bütün məsələləri əhatə edir.  Yəni bu sertifikatları almaqla, özünü peşəkar bir maliyyəçi kimi təsdiqləmiş olursan. Bu prizmadan yanaşıb, mən də düşünmüşdüm ki, əgər maliyyəçi olmaq fikrim varsa mən bunu məhz bu sertifikat ilə təsdiq etməliyəm.

CFA haqqında hələ CEU-da oxuduğum vaxt məlumat almışdım. Bir dəfə universitet CFA level 1 ( 1-ci səviyyə) imtahanında iştirak haqqını ödəmək üçün təqaüd elan etmişdi (redaktorun qeydi: imtahana giriş təxminən $1300-dür). Bu təqaüdü almaq üçün müraciət etdim. Universitet 5 nəfəri bu təqaüdlə təltif etmişdi,  və onlardan biri mən idim. Həmin dövrdə də universitet dərslərinə başım ciddi qarışdığından, CFA imtahanına ciddi hazırlaşmadan getmişdim. Məlum məsələdir ki, imtahandan kəsildim. Hazırlıqsız olduğum üçün bu cür gözəl bir şansı qaçırdım. Zənnimcə, belə imtahanlara hazırlaşmadan getmək düzgün deyil. Azərbaycana qayıtdıqdan sonra bu, mənə rahatlıq vermirdi və bu sertifikatı almağı özümə hədəf seçdim. Nəhayət hədəflərimi gerçəkləşdirdim. 3 il ərzində bütün imtahanları verərək proqramı uğurla bitirdim.

CFA hazırlıq prosesi haqqında məlumat verərdiniz?

CFA imtahanları – mənim məlumatlı olduğum imtahanlar içində ən çətinidir.  Amma bunu deməkdə məqsədim, nə kiminsə gözünü qorxutmaq, nə də öz nailiyyətimi şişirtmək deyil. Nəzərə alın ki, mən hazırlıqsız olduğum üçün bir dəfə bu imtahandan kəsilmişəm. Ümumilikdə imtahanlardan uğurla keçənlərin orta müddət göstəricisi 4 ildir. Mən isə hər 3 imtahanı birlikdə 3 il müddətinə keçmişəm, buna baxmayaraq mənim üçün bu, çox ağır zəhmət, əzmkarlıq, səbr və çalışqanlıq tələb edən bir proses olmuşdur. İmtahanların hər birinə orta hesabla 300 saat hazırlıq tələb olunur. Bu imtahanda iştirak edənlərin əksəriyyətinin həm də eyni zamanda işlədiyini nəzərə alsaq, bunun nə qədər çətin olduğunu təsəvvür etmək olar. Bu müddət həm də tələbənin maliyyə sahəsindəki bilik səviyyəsindən də asılıdır. Hər bir imtahan 6 saat davam etməklə 2 hissədən ibarətdir. Hər bir imtahana hazırlıq mənim üçün 5 ay davam etdi. Artıq qeyd etdiyim kimi tələbənin bilik və bacarığından asılı olaraq bu müddət müxtəlif ola bilər. İmtahanlarda təxmini keçid balı 70% təşkil edir.

İmtahanlara hazırlıq dövründə istirahət vaxtından imtina etməli olursan. Çünki iş vaxtından kənar vaxtlarda hər gün imtahana vaxt ayırmağa məcbursan. Əks halda imtahandan uğurla keçmə şansların kifayət qədər azalır. Bu isə o deməkdir ki, imtahandan uğurla keçmədiyin halda növbəti dəfə imtahana hazırlıq prosesinnə daha çox vaxt sərf etməlisən. Heç də hamı bu proqramı sona qədər tab gətirə  bilmir. İmtahandan keçid faizi çox aşağıdır və ildən ilə azalmaqdadır.

Gənclərimizə nə tövsiyə edərdiniz? Həyatda uğur qazanmaq üçün nədən başlamaq lazımdır ?

Məncə uğur qazanmaq üçün ilk növbədə optimistlik tələb olunur. Qətiyyətlilik, əminlik, özünəinam və ruh yüksəkliyi ən vacib şərtlərdən biridir. Uğur qazanmaqda insanın intelektual bacarığı heç də əsas rol oynamır. Psixoloji cəhətdən arzularını həyata keçirməyə hazır olan və yolundan dönməyən qətiyyətli insanlar həmişə uğur qazanırlar. Bir çox gənclər həmişə uğurlu, məşhur insanların yalnız uğurlarını görür və özlərini onlarla müqayisə edərək ruhdan düşürlər. Əslində uğura aparan yolda insan daha çox uğursuzluqlarla qarşılaşır və onlardan dərs alır. Bu mövzuda Winston Churchill-dən bir sitat gətirmək istərdim: “Pessimistlər hər bir imkanda çətinlik görürlər; optimistlər isə hər çətinliklə bir imkan görürlər”. Ona görə optimistliyi heç vaxt itirmək lazım deyil.

orxan_necefli_2

Son xəbərlər
Digər xəbərlər

4 ŞƏRH

Comments are closed.