15 C
Baku
Saturday, April 20, 2024

Ümumdünya Ticarət Təşkilatı (ÜTT), Azərbaycanın Üzvlük Prosesi və Maliyyə Xidmətləri Sahəsinə dair ÜTT-nin Tələbləri

Müəllif: Əfqan Səfərli, Müstəqil Ekspert

Əvvəla qeyd etmək istərdim ki, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 1995-ci ildə yaradılmışdır. Təşkilatın Qərargahı İsveçrənin paytaxtı Cenevrədə yerləşir. ÜTT, əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT Sazişi) davamçısıdır. Hazırda, dünyanın 153 ölkəsi ÜTT-nin üzvüdür. Həmçinin, maraqlı faktlardan biri odur ki, Dünya ticarətinin təxminən 97%-ə qədəri ÜTT üzvlərinin payına düşür. 
ÜTT, öz Üzvlərinin imzaladıqları çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir.

ÜTT-nin Məqsəd və Vəzifələri

ÜTT-nin əsas hədəfi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması, onun möhkəm əsaslarının yaradılması və beləliklə də, iqtisadi inkişaf səviyyəsinin, eyni zamanda insanların həyat səviyyəsinin yüksəldilməsidir.

ÜTT-nin əsas vəzifəsi üzv ölkələr arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsidir və bu zaman çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşmış Sazişlər Paketi əsas kimi götürülür.

Prinsipləri

• “ən əlverişli ölkə rejimi” prinsipi (bütün ÜTT-yə üzv ölkələr üçün eyni ticarət şəraitinin yaradılması);
• “milli rejim” prinsipi (idxal olunmuş əmtəə və xidmətlərə tətbiq edilən rejimin yerli mal və xidmətlərə tətbiq edilən rejimdən daha sərt (ağır) olmaması, başqa sözlə desək, ayrı-seçkiliyə yol verilməməsi);
• ticarətin tənzimlənməsi zamanı tarif-əsaslı metodlara üstünlüyün verilməsi (başqa sozlə desək, qeyri-tarif maneələrin mümkün dərəcədə aradan qaldırılması);
• ticarətdə kəmiyyət məhdudiyyətlərinin (idxal və ya ixrac kvotaları və s.) aradan qaldırılması;
• ticarət siyasətinin aydın və şəffaf olması;
• daxili bazarların ancaq ÜTT qaydaları əsasında qorunması;
• azad rəqabət üçün əlverişli şərait yaradılması;
• ticarət mübahisələrinin danışıqlar yolu ilə həll edilməsi.

Funksiyaları

• Çoxtərəfli ticarət sazişlərinin qəbul olunmasına və qəbul olunan çoxtərəfli sazişlərin icrasına nəzarətin həyata keçirilməsi;
• üzv ölkələr arasında ticarət danışıqlarının təşkil edilməsi;
• üzv ölkələr tərəfindən həyata keçirilən ticarət siyasətinin müşahidə edilməsi;
• digər beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi;
• üzv ölkələr arasında ticarət mübahisələrinin həll edilməsinə köməklik göstərilməsi;
• beynəlxalq ticarətə və ticarət siyasətinə dair məlumatların toplanılması, öyrənilməsi və təqdim olunması.

Strukturu

Nazirlər Konfransı ÜTT-nin ali orqanı hesab olunur. Burada bütün üzv ölkələrin təmsil olunur və Nazirlər Konfransı ən azı iki ildə bir dəfə çağırılır. Səlahiyyətlərinə aşağıdakılar daxildir:
  • Nazirlər Konfransı ÜTT-nin Baş Direktorunu təyin etmək
  • Müvafiq Komitələri təsis etmək
  • Təşkilata yeni üzv qəbul etmək və s.
İndiyə kimi altı belə konfrans keçirilmişdir.
Baş Şura Nazirlər Konfransına tabe olan bu qurumdur və cari işlərin icrasına görə cavabdehdir. Baş Şura Cenevrədə yerləşən mənzil-qərargahda ildə bir neçə dəfə toplanır və burada üzv ölkələrin səfirləri və ya nümayəndəliklərinin başçıları iştirak edirlər. Baş Şuranın funksiyalarına aşağıdakılar daxildir:
  • çoxtərəfli ticarət sazişlərinin icrasına nəzarət
  • Nazirlər konfransının qərarlarının həyata keçirilməsinə nəzarət
  • Mübahisələrin həll edilməsi
  • Ticarət siyasətinin dövri icmalının həyata keçirilməsi.
Əmtəələrlə ticarət üzrə Şura Baş Şuraya tabe olan bir qurumdur.  Bu qurum ÜTT prinsiplərinə riayət olunmasına və GATT 1994 Sazişinin həyata keçirilməsinə nəzarət edən 10 ixtisaslaşmış komitənin fəaliyyətinə rəhbərlik edir. Bu komitələrə aşağıdakılar daxil edilə bilər: Bazara çıxış, Kənd təsərrüfatı, Sanitar və fitosanitar tədbirlər, Ticarətə texniki maneələr, Subsidiyalar, Antidempinq, Gömrük qiymətləndirməsi, Malın mənşə ölkəsi, İmport lisenziyalaşdırması və s.
Xidmətlərlə  ticarət üzrə Şura GATS Sazişinin icrasına nəzarət edir. Tərkibinə iki komitə daxildir.
Əqli mülkiyyət hüquqlarının ticarət aspektləri üzrə Şura TRIPS (Əqli Mülkiyyət Hüquqlarının Ticarətlə bağlı Aspektləri haqqında Saziş) Sazişinin yerinə yetirilməsinə nəzarət edir.
Katiblik ÜTT-nin icraçı orqanı hesab olunur. Katibliyə Nazirlər Konfransı tərəfindən təyin edilən baş direktor rəhbərlik edir. Katibliyin əsas vəzifəsi Nazirlər Konfransına, müxtəlif şuralara, komitələrə, İEOÖ-lərə (inkişaf etməkdə olan ölkələr) texniki yardım göstərməkdən və dünya ticarətinin təhlilini həyata keçirməkdən ibarətdir.

Qərarların Qəbulu

ÜTT-də qərarlar konsensus yolu ilə qəbul olunur. ÜTT sazişləri bütün üzvlər arasında müzakirə edilir, konsensus yolu ilə qəbul olunur və bütün ölkələrin parlamentlərində təsdiq olunmalıdır.
Digər hallar nəzərdə tutulmadıqda, qərarları səs çoxluğu ilə də qəbul etmək mümkündür, lakin bu ÜTT-də  çox nadir hallarda istifadə olunub. Əmtəə, xidmətlər, əqli mülkiyyət sahələrini əhatə edən Sazişlərin anlayışlarının açıqlanması və öhdəliklərdən azad olunma 3/4 səs  çoxluğu ilə qəbul olunur. Yeni üzvlərin qəbul edilməsi, eyni zamanda iştirakçıların hüquq və öhdəliklərinə  toxunmayan düzəlişlərin qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur, lakin praktiki təcrübədə konsensus prinsipi əsas tutulur.

Üzvolma Proseduru

1. ÜTT-yə  üzvolma istəyini əks etdirən ərizənin ÜTT Katibliyinə  təqdim olunması;
2. ÜTT Katibliyində  üzv olmaq istəyən ölkə üzrə İşçi Qrupunun yaradılması;
3. Üzv olmaq istəyən ölkənin xarici ticarət rejimi haqqında Memorandumun ÜTT Katibliyinə təqdim olunması;
4. ÜTT-yə  üzv olan ölkələr tərəfindən Memoranduma dair sualların təqdim olunması;
5. Memoranduma dair təqdim olunmuş sualların cavablarının ÜTT Katibliyinə  təqdim olunması;
6. Üzv olmaq istəyən ölkə üzrə İşçi Qrupunun ilk iclasının keçirilməsi;
7. Üzv olmaq istəyən ölkə tərəfindən ÜTT Sazişləri ilə  nəzərdə tutulmuş sənəd və cədvəllərinin ÜTT Katibliyinə təqdim olunması;
8. ÜTT-yə  üzv olmaq istəyən ölkə ilə üzv ölkələr arasında ikitərəfli danışıqların keçirilməsi;
9. Üzv olmaq istəyən ölkə üzrə İşçi Qrupunun ardıcıl iclaslarının keçirilməsi;
10. Üzv olmaq istəyən ölkə üzrə İşçi Qrupu tərəfindən Yekun Hesabatın hazırlanması;
11. Yekun Hesabat əsasında Baş Şura tərəfindən Üzvolma Protokolunun qəbul olunması;
12. Üzvolma Protokolunun Nazirlər Konfransı tərəfindən təsdiq olunması;
13. Üzvolma Protokolunun üzv olmaq istəyən ölkənin parlamenti tərəfindən ratifikasiya olunması.

Azərbaycanın  ÜTT-yə Üzvlük Prosesi

Azərbaycan 23 iyun 1997-ci il  ÜTT-yə üzv olmaq istəyini əks etdirən  ərizəni təqdim etmişdir.  Həmin dövrdən etibarən Azərbaycanın ÜTT-yə üzvlük prosesi dəyişkən templərlə davam etmiş və 2 avqust, 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı»nın təsdiq edilməsi barədə Sərəncamı ilə daha aktiv və intensiv hal almışdır. Bu günə qədər ÜTT-nin Katibliyində Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun yeddi iclası keçirilmişdir. Yuxarıda göstərilən üzvolma proseduru baxımından  Azərbaycanın hazırda 9-cu mərhələdə olduğu qeyd edilməlidir. Həmçinin, Azərbaycan Avropa Birliyi, ABŞ və digər maraqlı ölkələrlə ikitərəfli danışıqları və kənd təsərrüfatına məcmu daxili yardım səviyyəsi ilə bağlı çoxtərəfli danışıqları davam etdirir.
ÜTT-nin Maliyyə Xidmətləri sahəsi ilə bağlı tələbləri
Adətən, xidmətlərlə  bağlı öhdəlikləri şərti formada aşağıdakı kateqoriyalara ayırırlar:
  1. Horizontal (Üfüqi)
  2. Spesifik
  3. Ən Əlverişli Ölkə Rejimindən İstisnalar
Maliyyə xidmətləri ilə bağlı Azərbaycanın qəbul etməsi üçün ÜTT üzvlərinin təklif etdiyi öhdəliklərə aşağıdakıları aid etmək olar:
  • Horizontal öhdəliklər
xidmətlər sahəsində subsidiyaların tətbiq edilməyəcəyinə dair öhdəliyin götürülməsi;
Hazırda, Azərbaycanda belə bir subsidiya tətbiq edilmir. Gələcəkdə də belə subsidiyaların tətbiq edilməməsi ilə bağlı öhdəliyin götürülüb-götürülməyəcəyi ÜTT-yə üzvlük çərçivəsində aparılan danışıqlar nəticəsində müəyyən ediləcəkdir.
əcnəbilərə  Azərbaycan Respublikasının ərazisində torpaq üzərində  mülkiyyət hüququ əldə etmək hüququnun verilməsi və s.
Hazırda, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci Maddəsinə əsasən, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər”.
  • Spesifik öhdəliklər
–  Xidmətlər sahəsində Ticarət üzrə Baş Sazişin (GATS) tələblərinə uyğun olaraq xidmətlər göstərilməsinin bütün üsulları üzrə Azərbaycan tərəfinin təklif etdiyi məhdudiyyətlərin ləğv edilməsi;
GATS çərçivəsində xidmətlərin təchiz edilməsi üçün dörd üsul mövcuddur və  onlar ayrı ayrılıqda və  birlikdə qarışım şəklində  istifadə edilə bilər. Həmin dörd üsul aşağıda verilmişdir:
  1. Xidmət məhsullarının transsərhəd hərəkəti (yəni, bir ölkədən digərinə birbaşa təchizat)
  2. Xidmət istehlakçılarının ixracat ölkəsinə hərəkəti
  3. Bir Üzvün xidmət təchizatçısının xidmətin göstərilməli olduğu digər ölkədə kommersiya iştirakı (müəssisəsi) yaradaraq xidmət göstərməsi
  4. Fiziki şəxlərin başqa ölkəyə orada xidmət göstərmək üçün müvəqqəti köçürülməsi.
Azərbaycan Respublikasının təkliflərində nəzərdə  tutduğu məhdudiyyətlərin ləğv edilməsi ilə bağlı öhdəliyin götürülüb-götürülməyəcəyi ÜTT-yə üzvlük çərçivəsində aparılan danışıqlar nəticəsində müəyyən ediləcəkdir.
  • Sığorta bazarının tam liberallaşdırılması və xarici hüquqi və fiziki şəxslərin bu sahədə fəaliyyətinə heç bir məhdudiyyətin qoyulmaması, sığorta şirkətlərinin nizamnamə kapitalında xaricilər üçün müəyyən edilmiş məhdudiyyətin aradan qaldırılması, xarici sığorta şirkətlərinin Azərbaycan ərazisində birbaşa filiallarının və nümayəndəliklərinin açılmasına icazə verilməsi, xarici kapitalın iştirakı ilə yaradılmış birgə sığorta şirkətlərində İdarə Heyətinin üzvlərinin yarısının əcnəbilərdən ibarət olması, müdir və ya onun müavinlərindən birinin Azərbaycan Respublikasının vətəndaşı olması tələbinin ləğv edilməsi;
Sözsüz ki, sağlam və güclü rəqabət mühiti istənilən bir bazarın inkişafına və təqdim edilən mal və  xidmətlərin keyfiyyətinin artmasına stimul verə  biləcək amillərdəndir.  Lakin, nəzərə  almaq lazımdır ki, Azərbaycanda sığorta bazarı  nisbətən cavandır və qlobal miqyasda aktiv fəaliyyət göstərən böyük sığortaçılarla rəqabət aparmaq üçün müəyyən qədər əlavə  vaxta etiyacı var. Sığorta bazarının tam liberallaşdırılması və xarici hüquqi və fiziki şəxslərin bu sahədə fəaliyyətinə heç bir məhdudiyyətin qoyulmaması ölkədəki sığorta xidmətləri bazarında xarici investorların hesabına kapital həcminin və sığorta məhsullarının sayının artması, sığorta infrastrukturunun təkmilləşməsi, rəqabətin güclənməsi səbəbindən sığortaçıların fəaliyyətinin səmərəliyinin artması kimi müsbət təsirlərə malik ola bilər.  Eyni zamanda, unutmamalıyıq ki, daxili bazarın heç bir məhdudiyyət qoyulmadan xarici sığortaçılar üçün açılması həm də bir sıra ciddi və uzun-ömürlü mənfi təsirlərə gətirib çıxara bilər, o cümlədən, daxili bazarda xarici sığortaçıların hömkran mövqe tutması, dövlətin sosial siyasətdə sığorta mexanizmlərindən bir alət kimi istifadə imkanlarının məhdudlaşdırılması, bazardakı xarici investorların iştirakının artması nəticəsində sığorta bazarının beynəlxalq maliyyə bazarındakı spekulyativ təsirlərdən qoruna bilməməsi və son olaraq, böyük beynəlxalq şirkətlərin bazar ekspansiyası zamanı dempinqli qiymətlərdən istifadə edərək bazardakı digər iştirakçıları tədricən bazardan kənarlaşdırması.
Sığorta şirkətlərinin nizamnamə kapitalında xaricilər  üçün müəyyən edilmiş məhdudiyyətin aradan qaldırılması  məsələsi ilə bağlı  qeyd etmək istərdim ki, Azərbaycan Respublikası  “Sığorta Fəaliyyəti haqqında”  Qanunun 20-ci maddəsində deyilir: “Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının  ümumi məbləğində xarici sığortaçıların payının son həddi və bu payın hesablanması  qaydaları sığorta nəzarəti orqanı  tərəfindən müəyyən edilir.”  Burada heç bir spesifik məhdudiyyət yoxdur (yəni, 100 % xarici kapitalla bir sığorta şirkətinin mövcud olması üçün maneə yoxdur), lakin bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici sığortaçıların payının son həddinin istifadə edilməsi, sığorta fəaliyyətini tənzimləyən dövlət qurumunun öz sərəncamında müəyyən tənzimləmə aləti saxlamaq məqsədini əks etdirir ki, belə təcrübə dünyanın bir sıra inkişaf etmiş ölkəsində də tətbiq edilir.
Xarici sığortaçıların Azərbaycanda birbaşa filial və  ya nümayəndəlik açaraq fəaliyyət göstərməsinə  qoyulan qadağanın aradan qaldırılması  bir çox qlobal sığortaçıları  sevindirəcək bir xəbər olardı, lakin, milli sığorta bazarında səmərəli nəzarətin həyata keçirilməsi və  sağlam və davamlı bazar strukturunun formalaşdırılması  baxımından belə bir addımın atılması  milli sığorta bazarı üçün cari vəziyyətdə  məqsədəuyğun hesab edilə  bilməz.  Birbaşa filialın açılması  yoluyla xidmətlərin göstərilməsi həmin sığortaçıların fəaliyyəti, toplanan sığorta haqqları, sığorta ehtiyatları, şirkətin maliyyə baxımından sağlamlığı ilə bağlı yerli dövlət tənzimləmə orqanının çox məhdud çərçivədə məlumat əldə etməsinə səbəb olur. Həmçinin, birbaşa filial vasitəsilə fəaliyyət göstərən şirkətin aktivləri Azərbaycanda qeydiyyatda olmadığına görə maliyyə cəhətdən onların fəaliyyətinin qiymətləndirilməsi çox çətinləşir.  Günümüzdə, beynəlxalq maliyyə bazarlarında baş verən hadisələri, AB-dəki bir sıra ölkələrin maliyyə böhranı nəticəsində iqtisadi defolt həddinə çatması, kifayət qədər əsas verir ki, Azərbaycan öz maliyyə xidmətləri bazarında riskli və prudensial tələblərə cavab verməyən addımlardan çəkinsin.
Son olaraq, sığorta şirkətlərin yüksək vəzifəli idarəçilərinin və İdarə Heyəti üzvlərinin bir hissəsinin Azərbaycan Respublikası vətəndaşı olması  ilə bağlı tələblərə  gəldikdə, bu kimi tələblərin mövcudluğunun səbəbi, Azərbaycanda sığorta sahəsində səriştəli və  yüksək səviyyəli kadr potensialının formalaşmasına yardım etməkdir. Xarici sığortaçılar, yüksək idarəetmə  pilləsinə Azərbaycan vətəndaşlarını  təyin etməklə həmin şəxslərin təcrübə, bilik və  bacarıq baxımından özlərini inkişaf etdirməsinə imkan yaradacaq. Həmçinin, həmin şəxslər gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün potensial resurs rolunu  oynayacaqlar.
  • Azərbaycan Respublikası  Mərkəzi Bankının xarici bank kapitalının yerli bank kapitalında iştirakına məhdudiyyət tətbiq etmək hüququnun ləğv edilməsi və Qanunda təsbit edilməsi, xarici bankların Azərbaycan Respublikası  ərazisində birbaşa filiallar açmasına icazə verilməsi, xarici bankların Azərbaycandakı filiallarında inzibatçılardan birinin Azərbaycan Respublikasının vətəndaşı olması tələbinin ləğv edilməsi və s.;
Xarici bank kapitalının yerli bank kapitalında iştirakına məhdudiyyətin tətbiq edilməsi bazarın yerli iştirakçılarının hələ də beynəlxalq səviyyədə rəqabət aparmaq iqtidarında olmadığı təəsüratı yarada bilər. Lakin, buna aldanmamaq lazımdır, burada məsələ yalnız yerli bankları xarici bankların təsirindən qorumaqdan ibarət deyil. Ölkənin cavan maliyyə sektorunun daxili kadr və vəsait resursları lazımi səviyyəyə gəlmədən beynəlxalq bazarlarla sıx inteqrasiyası müəyyən hallarda bazarın beynəlxalq səviyyədə hökmran mövqedə olan bir neçə xarici bankdan asılı vəziyyətə gəlməsinə gətirib çıxara, həmçinin, böyük xarici bankların yerli rəqibləri zəiflətmək üçün spekulyativ və yüksək riskli addımlar atmasına imkan yarada bilər.
Birbaşa filiallarla bağlı qeyd edək ki, xarici bankların xüsusilə  cavan bazarlarda bank nəzarəti və  vergi rejimini nəzərə alaraq istifadə etməyə üstünlük verdikləri bir variantdır. Günümüzdə, beynəlxalq maliyyə bazarlarında baş verən hadisələri, AB-dəki bir sıra ölkələrin maliyyə böhranı nəticəsində iqtisadi defolt həddinə çatması, kifayət qədər əsas verir ki, Azərbaycan öz maliyyə xidmətləri bazarında riskli və prudensial tələblərə cavab verməyən addımlardan çəkinsin.
Yüksək vəzifəli inzibatçılardan birinin Azərbaycan Respublikası  vətəndaşı olması tələbi bankçılıq sahəsində  yerli kadr potensialının güclənməsinə  xidmət edən tələblərdən biridir.
Hazırda, Azərbaycan Respublikası  ÜTT-yə üzvlük prosesi ilə bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqları davam etdirir, həmçinin, milli qanunvericiliyin ÜTT-nin müvafiq Sazişlərinin tələblərinə  uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.
Son xəbərlər
Digər xəbərlər