26 C
Baku
Saturday, April 20, 2024

Uşaqları internetdə necə qoruyaq? – ARAŞDIRMA

İnternet bu gün hər birimizin həyatının ayrılmaz bir hissəsinə çevrilib. Vəziyyət o yerə çatıb ki, işdə, evdə, gəzintidə belə internetsiz qalmaq mümkün deyil. Bəzən hətta qonaq gedərkən söhbətlərin arasında da internetə göz atmalı olursan. Oradan müxtəlif xəbərlər alırsan, gəzinti və səyahətlər zamanı rast gəlinən ən gözəl mənzərələrin yanında, dostlarla görüşdükdə onlarla şəkil çəkdirərək sosial şəbəkələrdə bölüşürsən.

Təbii ki, bu qədər zamanın internetdə keçirilməsinə və müxtəlif saytlara daxil olmağımıza baxmayaraq, bəzən internetin təhlükəsizliyi barədə unuduruq və ya heç düşünmürük. Nəzərə alsaq ki, bu gün internetdə xeyirli məlumatlara bərabər, bir sıra müxtəlif ziyanlı məlumatlar da mövcuddur və bu məlumatlardan bizim övladlarımız, uşaqlar da istifadə edir, məsələ burada qəlizləşir…

Həm əyləncə, həm tədris vasitəsi

Təbii ki, bu gün internet yeniyetmə və gənclərin həyatının tam bir hissəsinə çevrilib. Uşaqlar da bizim kimi bütün kompüter yeniliklərini – sosial şəbəkələri, onlayn oyunları, müxtəlif proqramları sürətlə mənimsəyir. Bu çox normaldır, onlar da inkişaf edir, daha yeni, daha mütərəqqi və son texnologiyalardan yararlanmağı öyrənirlər. Bir sözlə, zəmanə adamı olurlar. Qlobal “hörümçək toru” uşaqların da dünyagörüşünü, informasiya və məlumatlarını artırır.

Uşaqların internet təhlükəsizliyinin təmin olunması isə olduqca önəmli məsələdir. Təbii ki, burada valideynlər qədər uşaqlar özləri də məsuliyyət daşıyır. Sürətli və sərhədsiz əlçatanlıq sayəsində həyatı əhəmiyyətli dərəcədə asanlaşdıran internet uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir.

Uşaqların internet təhlükəsizliyi mövzusunda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir. Lakin bu sahədə ən böyük məsuliyyət valideynlərin, eyni zamanda internet xidməti provayderləri, təhsil qurumları və dövlətin üzərinə düşür.

İnternetdən təhlükəsiz istifadə hər bir fərdin həyatında əhəmiyyətli rol oynasa da, uşaqlar üçün bu təhlükəsizliyin daha vacib olması qaçılmaz reallıqdır. Uşaqların yaşlarına uyğun məlumatları rahat şəkildə əldə edə bilməsi, lakin zərərli kontentdən uzaq qalması üçün provayderlər tərəfindən təklif olunan “informasiyanın filtrlənməsi” xidmətindən istifadə olunmalıdır. Lakin iş bununla bitmir.

Uşaqlara interneti izah edin!

Məlumdur ki, uşaqlar yalnız evdə mövcud olan internetdən istifadə etmir. Bununla yanaşı, internet klublarda, məktəblərdə də internetə qoşulur və informasiya əldə edirlər. Dövlət tərəfindən həyata keçirilən layihə nəticəsində bir müddətdir ki, məktəblərdə filtrlənmiş internetdən istifadə olunur. Lakin internet klublar haqqında bunu deyə bilmərik. Buna görə də uşaqların internet təhlükəsizliyinin təmin olunmasında atılacaq önəmli addımlardan biri də bu mövzunun nə qədər vacib olduğunu və onların zərərli kontentdən yayınmasını uşaqlara düzgün şəkildə çatdırmaqdır.

Məsələn, Rusiyada uşaqlar üçün ixtisaslaşdırılmış rusdilli internet – zona “.DETİ” yaradılıb. Bu domendə uşaqlar üçün maraqlı layihələr təqdim edilir. Yeni domen zonası runetdə o qədər də geniş olmasa da, artıq işə salınıb. Burada saytlar yaratmaq mümkün olacaq. Yeni domen zonasında internetin azyaşlı istifadəçiləri üçün yalnız maraqlı, faydalı və təhlükəsiz saytlar fəaliyyət göstərir.

İnternet uşaqlara oyunlar, filmlər və musiqi, yeni biliklər əldə etmək və öz qabiliyyətini inkişaf etdirmək imkanları verir. Lakin bu imkanlar bir sıra mürəkkəb çətinliklərlə də müşayiət olunur. Uşaqlar internetdən istifadə edərkən həm özlərinin şəxsi təhlükəsizliyinə, həm də kompüterin təhlükəsizliyinə yönəlmiş təhlükələr mümkündür.

Onları hansı təhlükələr gözləyir?

Belə ki, əsas təhlükələrdən biri onların cinayətkarların hədəfinə düşməsidir. İnternetdən istifadə edərkən uşaqlar bədniyyətli şəxslərə təmasda olmaq təhlükəsi ilə üzləşə, cinayətkarların potensial hədəfinə çevrilə bilər. Çünki cinayətkarlar uşaqlarla əsasən ani məlumat mübadiləsi zamanı, çatlarda, forumlarda və elektron poçtla təmas qururlar. İnternetdə ünsiyyətin anonimliyi dostluq və inam münasibətlərinin tez yaranmasına kömək edir. Cinayətkarlar anonimliyin bu üstünlüyündən təcrübəsiz gənc adamlarla münasibət qarmaq üçün istifadə edirlər.

Uşaqlar internetdən dini, irqi, milli, sosial nifrəti qızışdıran məlumatlar, seksual (və ya digər yolverilməz) xarakterli informasiya ala bilərlər. İnternetdən istifadə edərkən kompüterin müxtəlif ziyankar proqramlarla yoluxması baş verə bilər. Bunların arasında virusa yoluxmuş saytları açarkən avtomatik yüklənən ziyankar proqramlar, başqa istifadəçilərə kompüterə girməyə imkan verən fayl mübadiləsi şəbəkələri (P2P) istifadə edilərkən yoluxma, arzuolunmaz reklam, o cümlədən internetdən yüklənən pulsuz proqram təminatı ilə kompüterdə avtomatik qurulan reklam proqramlarıdır.

Bundan başqa, uşaqlar internetdən pirat materialları (məsələn, musiqi və video faylları) yükləyə bilərlər. Onların internetdə çox vaxt keçirməsi əksər valideynləri narahat edir. İnternetdə ünsiyyət və interaktiv oyunlar uşaqları cəlb edə bilər ki, nəticədə onlar zaman, məkan, reallıq hissini itirə bilər. Oyunların və əyləncələrin çoxu yeniyetmələr üçün qanunidir, lakin  onlar pulla qumar oynaması yolverilməzdir. Uşaqlar internetdə oyun axtararkən qumar oyunları saytlarına rast gələ bilərlər.

İnternetdə olar və olmazlar

Real həyatda olduğu kimi, internetdə də uşaqlar çox müdafiəsizdir, valideynlərin onları necə müdafiə etməyi bilməsi çox vacibdir. Yuxarıda sadalanan riskləri minimum etmək üçün valideynlər ilk növbədə uşaqları ilə onları internetdə gözləyən mümkün təhlükələr barəsində söhbət etməlidir. Bacardıqları qədər internetdən birgə istifadə etməyə çalışmalıdırlar. Uşaqları öz internet-təcrübələrini, onun təhlükəli və arzuolunmaz cəhətlərini valideynləri ilə müzakirə etməyə təşviq etməlidirlər.

Bundan başqa, proqram təminatının köməyi ilə uşaqların müəyyən kontentlərə çıxışını məhdudlaşdırılmalıdır. Kompüterin ziyankar proqramlardan və haker hücumlarından mühafizəsi üzrə tədbirlərə əməl edilməli və bunun nə üçün vacib olduğunu öz uşaqlarını izah edilməlidir. Valideynlər onlara internetdə iş qaydalarını, uşaqlarına internetdə nəyi etməyə icazə verildiyini və verilmədiyini aydın qaydalar şəklində tərtib etməlidirlər. Məsələn, uşaqlar sosial şəbəkə saytlarında və digər veb-saytlarda qeydiyyatdan keçmək olarmı? İnternet ilə alış-veriş etmək, musiqi və video-faylları, proqramları yükləmək olarmı? Onlayn-çatlarda iştirak etmək olarmı? Yaxud ani məlumat mübadiləsi proqramlarından istifadə etmək olarmı? Əgər cavab “hə”dirsə, uşaqlara izah edin ki, onlar tanış olmayan istifadəçilərlə ünsiyyət saxlamamalıdırlar.

Uşaqları İnternetdəki təhlükələrdən qorumaq üçün bir sıra tədbirlər görmək olar. Lakin bu zaman unutmayın ki, heç bir texnoloji fəndlər uşaqların İnternetdə nə ilə məşğul olmalarına sadə valideyn diqqətini əvəz edə bilməz.

İnternetin “ağ sıyahısı” hazırlanır

Azərbaycanda ötən ildən başlayaraq uşaqların internet təhlükəsizliyi üçün “ağ siyahı” hazırlanır. Bu “ağ siyahı”ya uşaqların maraq dairəsini əhatə edən, faydalı məzmuna malik veb saytlar daxil ediləcək. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən uşaqların internet təhlükəsizliyi üzrə “ağ siyahı”nın (“white list”) hazırlanması nəzərdə tutulub. Eyni zamanda, uşaqlar üçün zərərli hesab olunacaq məzmunda veb saytların əngəllənməsi üçün qanunvericilikdə dəyişikliklər ediləcək.

Qanunvericiliyə gəldikdə, Azərbaycanda uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün telekommunikasiya operatorları və internet provayderlərinin məsuliyyəti artırılır. Belə ki, bu barədə məsələ Milli Məclisdə keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil olan “Telekommunikasiya haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanuna əlavə olunması təklif edilən maddəyə əsasən, operatorlar və provayderlər abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etməlidir.

Həmçinin qanuna təklif edilən əlavəyə əsasən, abunəçilərə uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün operatorlar və provayderlərdən tədbirlər görülməsini tələb etmək hüququ verilir.

Lent.az

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər