12 C
Baku
Friday, March 29, 2024

Vahid Əhmədov: «Bank sistemində yaranmış korrupsiya, problemli borcların günü-gündən artması təhlükəli vəziyyət yaradıb»

Vahid Əhmədov: «Bank sistemində yaranmış korrupsiya, problemli borcların günü-gündən artması təhlükəli vəziyyət yaradıb»

“Mərkəzi Bank öz siyasətində çox ciddi dəyişiklik etməlidir”.

Bu sözləri moderator.az-a müsahibəsində deputat Vahid Əhmədov deyib. O, Mərkəzi Bankın son vaxtlar atdığı addımların kosmetik xarakter daşıdığını bildirib:
“Ümumiyyətlə Mərkəzi Bank ölkənin bank sistemində ciddi islahatlar aparmalıdır. Xüsusilə bank sistemində yaranmış korrupsiya, problemli borcların günü-gündən artması təhlükəli vəziyyət yaradıb. Görün məsələ nə qədər böyüdüsə ölkə başçısı problemli kreditlərin qaytarılması üçün hüquq-mühafizə orqanlarına sərt göstərişlər verdi. Halbuki bütün bunları Mərkəzi Bankın özü tənzimləməliydi və belə bir acınacaqlı vəziyyətin yaranmasına yol verilməmıliydi. Mərkəzi Bank ölkədə pul-kredit siyasətini həyata keçirən orqandır. Ona görə də Mərkəzi Bank elə bir tənzimləyici siyasət aparmalıydı ki, kreditlərin qaytarılmasında belə xoşagəlməz olaylar yaşanmasın. Axı necə ola bilər ki, hansısa bank bir milyarada yaxın kredit versin, amma Mərkəzi Bankın bundan xəbəri olmasın?”
Vahid Əhmədov əlavə edib ki, verilən kreditlərin təyinatı üzrə xərclənməsinə də bankların nəzarəti demək olar ki, yox dərəcəsindədir. Halbuki buna da Mərkəzi Bank cavabdehdir: “Yəni kredit hansısa biznes layihələrinin icra olunmasına, yeni iş yerlərinin yaradılması, istehsalın genişləndirilməsinə verilir, daha ona görə verilmir ki, həmin vəsaiti dədənin malı kimi kefin istədiyi şəxsi işlərinə xərcləyəsən. Krediti verən bank mütəmadi monitorinqlər aparmalıdır ki, bu kredit hara və necə xərcləndi. Amma bankların burada şəxsi maraqları olduğu üçün bu məsələyə fikir vermirlər. Ona görə də ölkənin bank sistemində belə bir çətin vəziyyət yaranıb. O ki, qaldı Mərkəzi Bankın 21 fevraldakı sərt devalvasiyasına, mən o vaxt da demişdim, yenə də təkrar edirəm ki, bu cür qəfil addımlar atılmasına ehtiyac yox idi. Daha doğrusu, bir il öncədən bu devalvasiyanı yumşaq şəkildə həyata keçirmək olardı. Indi də ikinci devalvasiyanın labüdlüyü məsələsi ortaya çıxıb və dünya bazarında neftin qiymətləri kəskin şəkildə aşağı düşür. Biz istəsək də, istəməsək də manatın kursunu sabit saxlamaq mümkün olmayacaq. Çünki inzibati yolla dövlət öz ehtiyatından külli miqdarda vəsait ayıraraq manatın məzənnəsini zorla saxlaya bilməyəcək. Ona görə də manatın məzənnəsini bazar qiymətlərinə gətirib çıxarmaq lazımdır. Yəni bu prosesi sürüşkən məzənnə prinsipiylə aparmaq lazımdır ki, insanlar ikinci dəfə kəskin devalvasiya şoku yaşamasın. Mərkəzi Bank niyə bunu eləmir, mən hələ də bunu anlaya bilmirəm. Digər tərəfdən, dəfələrlə desək də təkrar etmək istəyirəm ki, Azərbaycan kimi ölkələrə bu qədər bank lazım deyil. Indi ölkədə 43-44 bank var, doğrudur, son dövrlər onların bir neçəsi bağlandı. Amma 40 bankın özü də çoxdur. Həmin bankların kredit portfelinə, dövriyyə vəsaitlərinə, likvidliyinə  baxdıqda çox aşağı səviyyədə olduğu görsənir. Ona görə də əksər banklar mövcud  bank sistemində fəaliyyət göstərmək imkanına malik deyillər”.

 

Son xəbərlər
Digər xəbərlər