12 C
Baku
Friday, March 29, 2024

Valyuta bazarının oyunçuları və hakimləri

Satıcı və alıcının qarşılıqlı təsirindən asılı olan bütün iqtisadi dəyərlər kimi, dəyişmə məzənnələri də beynəlxalq ödəmələri həyata keçirmək məqsədilə xarici valyutanı alan və satan ev təsərrüfatları, firma və maliyyə institutlarının qarşılıqlı təsiri nəticəsində müəyyənləşir.

Xarici valyutanın ticarəti həyata keçirilən bazar-valyuta bazarı adlanır.

Valyuta bazarının iştirakçıları.

1.Valyuta bazarının əsas iştirakçıları kommersiya bankları, beynəlxalq ticarətlə məşğul olan korporasiyalar, qeyri-bank maliyyə institutları (xüsusilə də aktivləri idarə edən firmalar və sığorta şirkətləri) və mərkəzi banklardır. Sıravi vətəndaşlar da bu bazarın fəaliyyətində iştirak edirlər (məsələn, London mehmanxanasın valyutadəyişmə məntəqəsində ingilis funtları alan amerikan turistləri ), lakin belə əməliyyatlar valyuta alqı-satqısının ümumi həcminin çox kiçik bir hissəsini təşkil edir.

Valyuta bazarının başlıca iştirakçıları və onların əsas funksiyalarının təsviri:

Kommersiya bankları. Kommersiya bankları valyuta bazarlarının işində çox böyük rol oynayır, belə ki, hər bir iri beynəlxalq sövdələşmə müxtəlif maliyyə mərkəzlərində yerləşən kommersiya banklarının hesablarına köçürmə və ya hesabdan çıxarma əməliyyatlarını nəzərdə tutur. Beləliklə, xarici valyuta ilə baş verən sövdələşmələrin çoxu müxtəlif ölkələrin pul vahidlərində denominasiya edilmiş bank depozitlərinin mübadiləsi deməkdir.

Aşağıdakı misala baxaq. Fərz edək ki, Exxon Corporation öz alman təchizatçısına 160 min avro ödəməyə hazırlaşır. Bu halda Exxon ilk növbədə özünün Third National Bank-ında mübadilə məzənnəsini aydınlaşdırır. Sonra o, bu banka öz dollar hesabından müəyyən məbləği çıxararaq, təchizatçının Almaniyada yerləşən bankına köçürməsi barədə göstəriş verir. Əgər Third National Bank mübadilə məzənnəsini 1 avro üçün 1,2 $ müəyyən edirsə, bu zaman Exxon-un hesabından 192 min $ çıxılacaq (1,2 $x160 000 avro). Bu əməliyyatın nəticəsi o olacaq ki, Third National Bankın 192 min $ həcmində depoziti (indi alman bankına məxsus olan) alman təchizatçısının tələbini ödəmək üçün 160 min avroluq depozitə çevrilir.

Bu misaldan da göründüyü kimi, banklar valyuta bazarına öz müştərilərinin – başlıca olaraq hüquqi şəxslərin tapşırıqlarını yerinə yetirmək üçün çıxırlar. Bundan əlavə bank mübadilə məzənnələrinin kotirovkalarını təyin edir və bununla da digər banklarla xarici valyutanın alqı-satqısını aparır. Banklar arasındakı xarici valyuta ticarəti bankların valyuta bazarındakı əməliyyatlarının əsas hissəsini təşkil edir.

Geniş miqyaslı beynəlxalq əməliyyatlar həyata keçirən iri kommersiya bankları valyutanın satıcı və alıcılarını cəmləməyə hazırdırlar. 100 min $-ı isveç kronuna çevirmək istəyən beynəlxalq korporasiya üçün ona bu miqdarda kron satma hüqüqunu vermək istəyən şirkət tapmaq çox çətin və bahalı ola bilər. Amma çoxsaylı müştərilərin eynianda xidməti ilə məşğul olması hesabına isveç valyutasının iriməbləğli alışını həyata keçirərək, şirkət axtarışına sərf olunan vəsaitlərə nəzərəçarpacaq dərəcədə qənaət edə bilər.

2. Korporasiyalar. Müxtəlif ölkələrdə ticarət əməliyyatları aparan korporasiyalar çox zaman öz qərargahlarının yerləşdiyi ərazinin valyutasından fərqli valyutada alma və ödəmə edirlər. Məsələn, Mexikoda yerləşən zavodunun işçilərinə əmək haqqı vermək üçün İBM firmasına Meksika pesosu tələb oluna bilər. Əgər İBM-in yalnız ABŞ-da kompyuter satışlarından əldə olunmuş dollarları varsa, o valyuta bazarında bunları ona lazım olan pesoya çevirə bilər.

3. Qeyri-bank maliyyə institutları. Vaxt keçdikcə ABŞ, Yaponiya və digər ölkələrdə maliyyə bazarlarının detənzimləmə prosesi ona gətirib çıxardı ki, bəzi qeyri-bank tipli maliyyə institutları öz müştərilərinə heç də bank xidmətlərindən fərqlənməyən geniş spektrli xidmətlər təklif etməyə başladılar. Bunların arasında, xarici valyutalarla olan əməliyyatları da göstərmək olar. Məsələn , valyuta alqı-satqısı əməliyyatlarını çox vaxt pensiya fondları kimi institusional sərmayəçilər də həyata keçirir.

4. Mərkəzi banklar. Öncəki fəsildə biz öyrəndik ki, mərkəzi banklar valyuta bazarında intervensiyalar həyata keçirə bilərlər. Baxmayaraq ki, mərkəzi bankın əməliyyat həcmləri çox da böyük olmur, bu əməliyyatların təsiri çox əhəmiyyətli ola bilər. Belə təsirin səbəbi ondadır ki, valyuta bazarının iştirakçıları mərkəzi bankın fəaliyyətini mübadilə məzənnələrinə təsir edə bilən gələcək iqtidsadi siyasətin indikatoru kimi nəzərdən keçirirlər, Digər dövlət müəssisələri də valyuta bazarlarında əməliyyatlar apara bilərlər, lakin MB-la müqayisədə, onların əməliyyatları daha az müntəzəm xarakter daşıyır.

İki dolların tarixçəsi

Hələ 1976-cı ildə Amerika və Kanada dollarları 1:1 nisbətindəki məzənnə ilə dəyişdirilirdilər. Lakin sonrakı onilliklərdə Kanada dollarının dəyəri onun amerikan yoldaşının dəyərinə nisbətən aşağı düşürdü. Nəticədə 1998-ci ildə Kanada dollarına artıq 65 Amerika senti verirdilər. Kanada dollarının məzənnəsinin enmə tendensiyası Kanada eksportu olan bir çox xammal məhsullarının dünya bazarlarındakı qiymətlərinin endiyi 1990-cı illərdə gücləndi. Kanadanın emal sahələrinin məhsul ixracatçıları öz mallarını xarıcə daha əlverişli şərtlərlə sata biləcəklərinə sevindikləri halda, idxalçılar idxal olunan malları daha baha qiymətə almalı olduqlarından narazılıqlarını bildirirdilər.

Bu hadisələrin nəticələri gündəlik olaraq Kanada-Amerika sərhədlərini keçən minlərlə insana təsir etdi. ABŞ-na həftə sonlarında getməyə alışan kanadalılar qəflətən başa düşdülər ki, bu məmnuniyyət onlara baha başa gəlir. Eyni zamanda amerikalılar işgüzar danışıqlar aparmaq üçün kanadalıları çox çətinliklə tapırdılar. Bir Kanada dolları nominalındakı dəmir pulun üzərində qaqaranın- çox vaxt Kanadanın çay və göllərində rast gəlinən suda üzən bir quşun təsviri var. Buna görə də Kanada dollarlarını çox vaxt qaqaralar adlandırırlar. Amma Toronto Blue Jays-dən (“Torontonun mavi zığ-zığları”) olan digər “quşlar” ilk olaraq öz daxili hesablamalarında qaqaralardan istifadə etməkdən imtina etdilər.

Amerika beysbol liqasının tərkibinə daxil olan komandalar öz oyunlarını Kanadanın cənub sərhədlərinə yaxın ərazilərində keçirdikləri və öz oyunçularını Amerika beysbol bazarına çıxardıqları üçün, onların büdcələrinin 80%-i (oyunçuların əmək haqqları da daxil olmaqla) ABŞ dollarında hesablanır. Digər tərəfdən isə, gəlirlərin 80%-i (maçlara bilet satışından olan gəlir də daxil olmaqla ) komandaya Kanada dollarlarında daxil olur. “Qaqaraların” gözlənilməz davranışından özünü qorumaqdan ötrü komanda öncədən ABŞ dollarları almaqla öz tələbatlarını Amerika dollarları olə ödəməyə çalışır. Axı valyuta bazarındakı səhvlər “zığ-zığlara” oyun meydanındakı səhvlərdən də baha başa gələ bilər.

Valyuta bazarının xarakteristikası

Xarici valyutanın alqı-satqısı müxtəlif maliyyə mərkəzlərində aparılır,bunlardan ən böyükləri London, Nyu-York, Tokio və Sinqapurdurlar.Xarici valyuta ticarətinin dünya üzrə həcmi böyük ölçülərə çatır, onun kəskin artımı isə son illərdə baş verib. Belə ki, 1989-cu ilin aprelində xarici valyuta ticarətinin orta gündəlik həcmi 500 milyard $ olub, onun 187 milyard $-ı Londonun, 129 $-ı ABŞ-ın maliyyə mərkəzlərinin, 115 milyard $-ı Tokionun payına düşür. Ancaq 9 il keçdikdən sonra, 1998-ci ilin aprelində xarici valyuta ticarətinin orta gündəlik həcmi 1,7 trilyon $-a çatıb, onlardan Londonun payına 637 milyard $ , Nyu-Yorka- 351 milyard $ ,Tokioya isə 149 milyard $ düşüb.

Valyutanın əsas alqı-satqı mərkəzləri arasında telefon, faksimil aparatları və kompyüterlərlə yaradılan birbaşa əlaqə hər bir dünyəvi bazara gecə-gündüz rejimində işləməyə imkan verir. Sutkanın istənilən vaxtında yaranan iqtisadi xəbərlər bütün dünyaya yayılır və valyuta bazarında canlanma yarada bilir. Hətta Nyu-Yorkda ticarətin rəsmi olaraq dayandırılmasından sonra belə Nyu-Yorkun digər ölkələrdə filialları olan bir çox bank və şirkətləri öz əməliyyatlarını davam etdirirlər. Valyuta treyderləri əgər qəfil gecə zəngi onlara digər qitələrin maliyyə mərkəzlərindən mühüm xəbərlər çatdırırsa birbaşa evdən fəaliyyət göstərə bilərlər. Portativ monitor tipli “Reuter Pocketwatch” xüsusi cihazları Honkonq, Toronto, London və digər şəhərlərin treyderlərinə dünyanın aparıcı valyutalarının kotirovkalarını müşahidə etməyə imkan verir.

Maliyyə mərkəzlərinin belə inteqrasiyası dolların avroya nisbətində mühüm dəyişikliklərin olmasına gətirib çıxarır. Əgər avro Nyu-Yorkda 1,1 $ , Londonda isə 1,2 $ satılırsa, treyderlər arbitraj əməliyyatından, yəni valyutanın eyni zamanda ucuz alınıb baha satılmasından gəlir əldə edə bilərlər. Məsələn, bu halda treyder Nyu-Yorkda 1,1 milyon $-a 1 milyon avro alıb, Londonda 1,2 milyon $-a sataraq, 100 min $ gəlir əldə edə bilər. Amma əgər bütün treyderlər bu imkandan istifadə etmək istəsəydilər, bu Nyu-Yorkda avroya tələbatın artmasına və məzənnəsinin artımına, Londonda isə əksinə azalmasına səbəb olardı. Ona görə də Nyu-York və London məzənnələri arasındakı bu fərq yox oldu. Valyuta treyderləri arbitraj əməliyyatları aparmaq üçün istənilən imkanı diqqətklə izlədikləri üçün belə imkan çox nadir hallarda olur və qısamüddətli xarakter daşıyır.

Xarici valyuta sövdələşmələrinin istənilən iki valyutanın istifadəsinə imkan verməsinə baxmayaraq, banklararası əməliyyatların çoxu valyutaların Amerika dollarlarına dəyişilməsini nəzərdə tutur.Bu hətta o zaman baş verir ki, bank bir “qeyri-dollar” əskinasını satmaq və digərini almaq istəyir! Məsələn, İsveçrə frankını satmaq və İsrail şekelini almaq istəyən bank, adətən, öz franklarını sataraq dollar alır, sonra isə bu dollarlarla şekel əldə edir. Bu əməliyyat bank üçün bir qədər ağır görünsə də, şekeli franka dəyişmək istəyən müştəri tapmaqdan daha ucuz başa gəlir. Ticarətdə dolların istifadəsinin üstünlüyü ABŞ-nın dünya iqtisadiyyatında müstəsna mühüm rolu ilə əlaqədardır. Dollar istifadəsi ilə aparılan əməliyyatların həcmi çox olduğu üçün dolları frank və ya şekelə dəyişmək istəyən tərəfdaş tapmaq elə də çətin olmur. Eyni zamanda əməliyyatların çox cüzi hissəsi frankın şekelə birbaşa dəyişilməsi ilə bağlı olur.

İsveçrə frankının şekelə mübadilə məzənnəsi dolların franka və dolların şekelə münasibətdə məzənnələri əsasında hesablana bilər. Əgər frank 0,80 $, şekel isə -0,20$-sa, frankın şekelə olan məzənnəsi (0,20$/şekel)/(0,80$/frank)=1 franka 0,25 şekel. Qeyri-dollar valyutaları arasındakı mübadilə məzənnələri həm də kross-məzənnələr də adlanır.

Xarici valyuta ilə aparılan sövdələşmələrdə həlledici roluna görə dollar hakim valyuta da adlanır. Hakim adətən o valyuta hesab olunur ki, tərəflər arasında beynəlxalq müqavilələrdə məbləğlərin denominasiyasında istifadə olunur və tərəflərin hər biri üçün bu valyuta xarici valyuta sayılır. Bir çox mütəxəssislər hesab edir ki, 1999-cu ildə tədavülə buraxılan avro dollarla yanaşı hakim valyuta ola bilər. Bu yaxınlaradək dollarla yanaşı ikinci dünyəvi valyuta sayılan Britaniya funt-sterlinqi artıq öz əvvəlki əhəmiyyətini itirir.

Müəllif: Pol Kruqman  Massaçuset Texnoloji Universitetinin (MIT) iqtisadiyyat professoru.

Son xəbərlər
Digər xəbərlər