Valyutadəyişmə məntəqələri niyə bağlanmışdı, indi niyə açılır?

Vətəndaşlar Valyutadəyişmə məntəqəsinin önündə

Maliyyə Bazarlarına Nəzarət Palatası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı təsdiq edib. Qayda “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərinin, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısının, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarının, onların təqdim olunması qaydasının və müddətlərinin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir.

Qaydaya əsasən, valyuta mübadiləsi məntəqəsində valyuta mübadiləsi fəaliyyətindən başqa digər xidmətlər həyata keçirilə bilməz.

Valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilir. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açılır.

Valyuta mübadiləsi məntəqəsi nəzərdə tutulmuş əməliyyatların aparılması üçün ən azı 6 kvadratmetr sahəyə malik olmalıdır. Məntəqədə təhlükəsizlik (video müşahidə kameraları) və Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş tələblərə müvafiq yanğından mühafizə-xəbərdarlıq qurğuları, habelə telefon-rabitə vasitələri (mikrofon, telefon, internet) quraşdırılmalı, məntəqənin elektron mühafizə sistemləri texniki imkanlar olduğu halda mərkəzləşdirilmiş polis mühafizə pultuna qoşulmalıdır. Videomüşahidə kameraları xəzinədarı və müştərini qeydə ala biləcək yerdə quraşdırılmalıdır. Qeydə alınan görüntülər ən azı 3 ay müddətinə saxlanılmalıdır.

Valyuta mübadiləsi məntəqəsində əməliyyat günü başa çatdıqdan sonra kassa qalığının saxlanılmasına valyuta mübadiləsi məntəqəsinin bütün qeyri-iş saatlarında Daxili İşlər Nazirliyinin mühafizə xidməti və ya qanunla özəl mühafizə fəaliyyətinə lisenziya almış şəxslə silahlı mühafizənin təmin edilməsinə dair bağlanmış müqavilənin olması şərtilə icazə verilir.

Bəs Azərbaycanda uzun illər fəaliyyət göstərmiş və 2016-cı ildə ani qərarla bağlanmış valyutadəyişmə məntəqələrinin yenidən açılma səbəbləri nədir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, məntəqələrin yenidən açılmasında məqsəd mübadilə proseslərini asanlaşdırmaqdır:

““Valyuta tənzimi” haqqında qanuna əsasən, valyutadəyişmə məntəqələrinin yenidən açılmasına icazə verilib və bunun üçün hazırlıqlar gedir. Ümumiyyətlə beynəlxalq iqtisadiyyatda valyutadəyişmə məntəqələri bankların nəzdində fəaliyyət göstərir.  Bizdə də belə məntəqələr uzun müddət fəaliyyət göstərirdi. Hazırda bankların sayı da kifayət qədər azalıb. Yeni yaradılan valyutadəyişmə məntəqələrinə Maliyyə Bazarlarına Nəzarət Palatası ciddi nəzarət mexanizmi tətbiq etməlidir. Bu, müəyyən mənada insanların rahatlığının təmini üçün yaxşı addımdır”.

V.Əhmədov deyib ki, valyutadəyişmə məntəqələrinin yenidən açılması ölkəyə gələn turistlərin sayının artması ilə də birbaşa əlaqəlidir:

“Ölkəyə gələn turistlərin sayı kəskin artıb. Şənbə və bazar günləri banklar və filialları əksərən işləmir. İnsanlar əllərindəki valyutanı dəyişə bilmir. Bu baxımdan narazılıqlar yaranıb. Valyutadəyişmə məntəqələrinin yenidən açılması ilə turistlərin də problemlərinin həll edildiyini deyə bilərik”.