8 C
Baku
Friday, March 29, 2024

Vergilər Nazirliyi sahibkarlara bu ilin sonuna qədər vaxt verib – Tam şəffaf fəaliyyətlə bağlı

Azərbaycanda vergi ödəyicilərinin sənədləşmələri qaydasında olmadığı təqdirdə, vergi orqanları onlara müvafiq sanksiyalar tətbiq edəcək.

Bunu vergilər nazirinin müşaviri Xaqani Abdullayev deyib.

“Müəyyən çətinliklər nəzərə alınaraq, vergi ödəyicilərinə ilin sonuna qədər vaxt verilir. 2019-cu il yanvarın 1-dən bütün vergi ödəyiciləri tam şəffaf fəaliyyət göstərməlidirlər. Keçid dövründə vergi hesablamaları və ödənişləri real vəziyyəti əks etdirməklə həyata keçiriləcək”, – o qeyd edib.

Nazirin müşaviri yeni dönəmdə vergi orqanlarının da qarşısına qoyulmuş tələbləri tədbir iştirakçılarının nəzərinə çatdırıb: “Bu gün vergi orqanlarının ən ümdə vəzifəsi vergi ödəyicilərinə yüksək səviyyədə xidmət göstərməkdir. Sahibkarların öz vergi öhdəliklərini rahat yerinə yetirmələri üçün vergi ödəyicilərinə göstərilən xidmətlər onların gözləntilərinə və tələblərinə uyğun formada qurulacaq və təkmilləşdiriləcək. Vergilər Nazirliyi ödəyicilərə kifayət qədər xidmətlər təklif edir və qarşılıqlı etimad şəraitində onları eşitməyə, qanuni tələblərinə baxmağa, kömək göstərməyə həmişə hazırdır”.

X.Abdullayev vergi ödəyiciləri ilə münasibətdə onların hüquqlarının və qanuni mənafelərinin qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb: “Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi dəqiqləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicilərinin iştirakı ilə araşdırılacaq, Apelyasiya Şurasının fəaliyyəti fəallaşdırılacaq, vergi administrasiyası daha açıq şəkildə çalışacaq”.

Son xəbərlər
Digər xəbərlər