Visa və Microsoft Bitcoin valyutasını dəstəkləməkdən imtina etdilər

Banker.az xəbər verir ki, Amerikanın ödəniş əməliyyatlarının həyata keçirilməsini təmin edən transmilli Visa şirkəti Bitcoin rəqəmsal valyutasını dəstəkləyən debet kartları üzrə xidmətləri dayandırıb.

Bitcoin valyutasını dəstəkləyən bir neçə debet kart provayderləri – Bitwala, Cryptopay, Wirex və TenX gözlənilmədən müştərilərə xidmət etməkdən imtina edib. İnsident isə Visa Europe ödəniş servisi tərəfindən həyata keçirilən fəaliyyət səbəbindən baş verib.

İstifadəçilərin verdiyi məlumata görə, onlara hesabların bağlanması ilə bağlı WaveCrest və digər şirkətlərdən məktub gəlib. Vəsaitlərin özü isə toxunulmaz qalıb. Bununla belə, Visa Europe bildirib ki, bunun səbəbi WaveCrest-in Visa şirkətinin üzvlük qaydalarına riayət etməmək olub. Lakin bu kriptovalyuta ilə mübarizə demək deyil.

Microsoft şirkəti də öz növbəsində, məhsullarına ödəniş qismində Bitcoin rəqəmsal valyutasını qəbul etməyi dayandırıb. Şirkət bildirib ki, bu kriptovalyutanın qeyri-sabitliyi ilə bağlı müvəqqəti addımdır.