“Windows 10” sistemində yeni funksiyalar istifadəyə verilib

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün iri yeniləmə təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, yeniliklərdən biri istənilən qurğuda vacib informasiyanı tapmağa kömək edən “Timeline” funksiyasıdır. Funksiyanı kompüter üçün nəzərdə tutulan “Windows 10” sistemində açmaqla “Microsoft” hesabına uyğun edilən əməliyyatları yoxlamaq olar.

“Focus Assist” funksiyası isə ekran qarşısında uzun müddət əyləşən istifadəçiyə konsentrasiyanı saxlamağa kömək edəcək. Funksiyanı işə salan zaman “Windows 10” istifadəçinin bildirişlər, yeni məktublar, zənglər və sosial şəbəkə xəbərləri ilə diqqətini yayındırmağı dayandıracaq. Bundan başqa, müəyyən kontaktları istisnalar siyahısına əlavə etmək və “Focus Assist” funksiyasının iş saatlarında avtomatik işə düşməsini quraşdırmaq mümkündür.

“Microsoft Edge” brauzeri istifadəçilərə internetdə diqqəti işə yönəltməyə imkan verən şəkildə yenilənib. İndi istifadəçi tab-vərəqədə səsi söndürmək və ya yenidən işə salmaq üçün audio işarəsinin üzərinə basa bilər. Həmçinin kitablar, PDF-fayllar və “Reading View” səhifələrini tamekranlı rejimə keçirmək mümkündür.

Bundan əlavə, yeniləmədə korporativ istifadəçilər üçün informasiya texnologiyalarının sadələşdirilmiş idarəetmə funksiyaları, fotoşəkillə yeni yaradıcılıq imkanları, “3D” və “Windows Mixed Reality”, onlayn təhlükəsizliyin təmini üçün yeni üsullar və kompüter oyunları üçün təkmilləşdirilmiş funksiyalar nəzərdə tutulub.