“Xalq Bank”ın depozit portfeli son 2 ayda 15% kiçilib

Xalq Bank/ Foto: Banker.az

“Xalq Bank”ın depozit portfeli son aylarda azalıb.

Banker.az xəbər verir ki, bu barədə bank tərəfindən açıqlanan maliyyə hesabatında əks olunur.

Bankın depozit portfelini 2018-ci ilin martında 1 mlrd. 489,9 mln. manat təşkil etdiyi halda, aprel ayının sonunda porfelin ümümi həcmi azalaraq 1 mlrd. 323,1 mln. manata, may ayının sonunda isə 1 mlrd. 265,9 mln. manata düşüb. Bu da son iki ayda 15,03% azalma deməkdir.

Ümumiyyətlə, bankın cəmi öhdəliklərinin həcmi də cari ilin mart ayı ilə müqayisədə 11,7 faiz kiçilərək 1 mlrd. 729,5 mln. manata. Qeyd edək ki, bankın öhdəlikləri aprelin sonunda 1 mlrd. 790,5 mln. manat, martda isə 1 mlrd. 958,8 mln. manat təşkil edirdi.

Azalma bankın cəmi öhdəliklərində də hiss olunur. Belə ki, 2018-ci ilin mart ayının sonuna cəmi aktivlərin ümümi həcmi 2.2 mlrd.  manat təşkil etdiyi halda, 2018-ci ilin may ayının sonuna 1.9 mlrd. manata düşüb.

Bankın müsbət göstəricisi gəlir və xərclərində özünü əks etdirib. Belə ki, bank faiz gəlirləri ilin ilk 5 ayında 45,35 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7% daha çox gəlirin əldə edilməsi deməkdir. Bank 2018-ci ilin ilk 5 ayını 9,16 mln. manat xalis mənfəətlə başa vurub.