“Xalq Bank”ın rəhbər heyətində dəyişiklik baş verdi – Bank dəyişikliyə aydnlıq gətirdi

Bankın əvvəlki İdarə Heyyəti

“Xalq Bank” ASC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib.

Banker.az saytına daxil olan məlumatda deyilir ki, Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən “Xalq Bank”ın İdarə Heyəti sədrinin müavinləri Xəzər BağırlıYaşar Nağıyev bankın Müşahidə Şurasının üzvləri seçiliblər. Buna qədər bankın Müşahidə Şurası bir nəfər şəxslə, yəni, Asim Məmmədli ilə təmsil olunurdu.

“Yeni vəzifədə X.Bağırlı və Y.Nağıyev son zamanlar ölkənin bank sektorunda artan rəqabətlilik və dəyişən iqtisadi tələblər şəraitində səylərini bankın strateji inkişafı ilə bağlı məsələlərin həllinə yönəldəcəklər.” – deyə bankın açıqlamasında bildirilir.

Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə Kredit idarəsinin rəisi Kamran Məcidov, sədrin müavinləri vəzifələrinə Biznesin inkişafı idarəsinin rəisi Nigar Biləndərli, Xəzinədarlıq idarəsinin rəisi Natella Şahverdiyeva və “Mərkəz” filialının direktoru Elnur Məmmədli təyin ediliblər.

Bundan əlavə, Hüquq idarəsinin rəisi Röyam Hüseynzadə, Filiallarla iş idarəsinin rəisi Kərim Quliyev, Hesablaşmalar idarəsinin rəisi Nazim İbrahimov və Risklərin idarə edilməsi idarəsinin rəisi Nəbi Nəbiyev İdarə Heyətinin üzvləri seçiliblər.

Bank açıqlamasında bildirir ki, idarə heyətinin yenilənməsi daim dəyişən bazar şəraitində qarşıda duran məsələlərin daha səmərəli həlli, əməliyyat idarəetməsinin təkmilləşdirilməsi və daha yüksək nailiyyətlərin əldə olunması üçün müsbət zəmin yaradılmasına xidmət edir.

 

📝 RƏY BİLDİR