13 C
Baku
Friday, April 19, 2024

Xarici dil öyrənməyə kömək edən faydalı vərdişlər

Xarici dil öyrənərkən adi sistemdən əlavə yeni bir üsulu sınaqdan keçirmisinizmi? Əcnəbi dil öyrənməyə digər bir yanaşma da mövcuddur. Bu insanın müvafiq dil mühitinə düşdüyü an baş verir. Bu mühitdə hətta ən zəif tələbə ilə də inanılmaz şeylər baş verir. İki aydan sonra o hər şeyi başa düşməyə, daha iki aydan sonra danışmağa, bir ildən sonra isə sərbəst şəkildə fikirlərini vərəq üzərində yazmağı öyrənir. Bütün bunlar ona görə baş verir ki, burada öyrənmə prosesi mütəmadi olaraq və avtomatik şəkildə baş verir. Əlbəttə, heç də hamı uzun müddətə əcnəbi ölkəyə səfər edə bilmir. Lakin belə bir mühiti evdə də yaratmaq mümkündür.

Budur, aşağıda ev şəraitində belə olsa faydalı vərdişlərlə necə xarici dil öyrənə biləcəyinizə dair məsləhətləri təqdim edirik:

Televizora, filmlərə, seriallara orijinal dildə subtitrlərlə baxın. Çox sadə qayda kimi görünsə də, yerinə yetirmək bir o qədər asan olmaya bilər. Nəticə özünü ilk başdan biruzə verməyə bilər. Lakin zaman keçdikdə subtitrlərə nə qədər az baxdığınızın şahidi olacaqsınız. Zamanla isə alt yazı olmadan filmlərə baxa biləcəksiniz.

Dil daşıyıcıları ilə ünsiyyət qurun:

Bir zamanlar bir əcnəbi ilə söhbət etmək demək olar ki, yad planetli ilə münasibət qurmaq kimi qiymətləndirilirdi. İndi isə sərhədlər tanımayan internet var. Sosial şəbəkələrdə, forumlarda istədiyiniz dil üzrə dil daşıyıcısına rast gələ və onunla ünsiyyət qura bilərsiniz.

Əcnəbi dildə gündəlik və yaxud bloq yazmaq

Lang-8 kimi xidmətlərdən istifadə edərək qeydlərinizi yarada bilərsiniz. Bu qeydləriniz isə öz növbəsində dil daşıyıcıları tərəfindən yoxlanılacaq və səhviniz varsa düzəldiləcək. Nəticədə siz leksika və qramatika ilə bağlı düzgün təcrübə toplayacaq və onları düzgün şəkildə istifadə etmək qaydasını öyrənəcəksiniz.  Gələcəkdə isə sərbəst şəkildə əcnəbi dildə öz bloqunuzu işlədə biləcəksiniz.

İstifadə etdiyiniz əməliyyat sisteminin dilini dəyişin

Əməliyyat sistemini mütəmadi olaraq əcnəbi dildə istifadə etmək texnologiyalar sahəsində söz bazanızı artırmaq imkanı yaratmaqla, bir çox faydalı vərdişlər qazandıracaq.

Əcnəbi dildə oyunlar oynayın

Müasir oyunların bir çoxu özündə çətin sujet xətti ilə interaktiv tarixçəni əks etdirir və buradakı dialoq və monoloqların sayı kifayət qədərdir. Yox əgər, çox istifadəçili online oyunlara üstünlük verirsinizsə bu zaman əcnəbi istifadəçilər ilə də ünsiyyət qurmaq şansınız yaranır. Nəticədə əyləncəli, heç də darıxdırıcı olmayan xarici dil “dərsliyi” əldə etmiş oluruq.

Xəbərlər oxuyun

Xarici mənbələrdən xəbərlər oxumaq söz bazasınızı artırmağa və bu tip mətnlərin ani olaraq yadda saxlanması vərdişlərini qazanmağa kömək edəcək. Bundan başqa, bu vərdişlər sizə yeni tipli düşüncə tərzi bəxş edəcək və planetin əslində nə ilə nəfəs aldığını anlamaq şəraiti yaradacaq.

Kitab oxumaq

Hazırda bu bir çoxları üçün çətin və hətta inanılmazdır. Lakin yuxarıda sadalananlara ardıcıl olaraq riayət etmisinizsə əcnəbi dildə kitab oxumaq sizin növbəti məntiqi addımınız olacaq. Sadəcə olaraq kitabı açırsınız və hər şeyi başa düşdüyünüzü özünüzə təlqin edirsiniz. Onu bitirdikdə isə hər şeyi başa düşdüyünüzə özünüz də əmin olacaqsınız.

Son xəbərlər
Digər xəbərlər