16 C
Baku
Friday, April 19, 2024

Xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı proseduru qüvvəyə minib

Azərbaycanda xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı proseduru qüvvəyə minib.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə qüvvəyə minən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb.

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir. Beləliklə, bundan sonra xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imza ilə təsdiq edəcək.

Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) fəaliyyət sahəsi barədə məlumatı bəyan edəcək, özü tərəfindən daxil edilmiş məlumatlara əsasən proqram təminatı tərəfindən hazırlanmış nizamnamə ilə real vaxt rejimində tanış olacaq və onu gücləndirilmiş elektron imza ilə təsdiq edəcək. Elektron dövlət qeydiyyatı zamanı xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi ilə birlikdə skan edilərək ərizəyə əlavə olunmalıdır. Elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması Vergilər Nazirliyi tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edənin elektron ünvanına göndəriləcək. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron ünvanına göndəriləcək.

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı Vergilər Nazirliyi tərəfindən aparılacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər