15 C
Baku
Saturday, April 20, 2024

XI sinif üzrə buraxılış imtahanları və kolleclərə qəbul yeni model üzrə aparılacaq

Bu il Azərbaycanda 9 illik təhsil bazasında kolleclərə qəbul yeni qaydalar əsasında həyata keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə APA-ya deyib ki, yenilik bu il 9-cu sinif üzrə buraxılış imtahanlarına aiddir. Kolleclərə qəbul buraxılış imtahanlarının nəticələri əsasında aparıldığından 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında da dəyişiklik edilib. Dəyişikliyin səbəbini açıqlayan M. Abbaszadə vurğulayıb ki, 9 il əvvəl ümumi təhsil müəssisələrində yeni tədris proqramları – kurrikulum tətbiq olunmağa başlayıb, həmin proqramlar əsasında təhsil alan şagirdlər bu il 9-cu sinfi bitirərək buraxılış imtahanı verəcəklər: “Təbii ki, onların biliyinin qiymətləndirilməsi də müvafiq qaydada aparılmalıdır. İmtahan ana dili və riyaziyyat fənləri üzrə 2 mərhələdə keçirilir və şagirdlərin biliyi 100 ballıq şkala ilə qiymətləndirilir. Abituriyentlər bu imtahandan topladıqları ballara uyğun kolleclərə qəbul olmaq üçün müsabiqədə iştirak edəcəklər. Bu barədə tədris ilinin əvvəlindən – sentyabr-oktyabr aylarından ictimaiyyətə məlumat veririk. Gəncədə, Şirvanda, Şəkidə, Naxçıvanda, Lənkəranda, Ağcabədidə, Göyçayda, Xaçmazda və Bakıda bütün təhsil ictimaiyyətinin iştirakı ilə yeni qaydalara dair seminarlar keçirilib. V-IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlar, proqramlar, test tapşırığı nümunələri, qiymətləndirmə meyarları, cavab vərəqi nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edilib. Ümumi orta təhsil bazasında yeni təhsil proqramları (kurrikulumları) üzrə buraxılış imtahanlarına hazırlaşanlar üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə test tapşırığı nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışları olan V-IX siniflər üzrə test kitablarında nəşr edilib”.

Direktorlar Şurasının sədri qeyd edib ki, tam orta təhsil bazasında isə kolleclərə qəbul qaydalarında hər hansı dəyişiklik olmayıb. Şagirdlər ana dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanlarında topladıqları ballara (90 ballıq şkala) əsasən müsabiqədə iştirak edəcəklər.

M. Abbaszadə deyib ki, iki ildən sonra 11-ci sinif üzrə buraxılış imtahanları və 11 illik təhsil bazasında kolleclərə qəbul da yeni model üzrə – kurrikulum əsasında tərtib olunmuş test tapşırıqları əsasında aparılacaq.

Son xəbərlər
Digər xəbərlər