Yeni fond yaradıldı, nizamnaməsi təsdiq olundu – Prezidentdən Fərman

Prezident İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında 10 oktyabr 2017-ci il tarixdə fərman imzalayıb.

Fərmanda bildirilir ki, zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan tarixən çoxkonfessiyalı məkan olmuşdur. Müasir dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin birgəyaşayış normasına çevrilmişdir. Hazırda Azərbaycan nəinki Cənubi Qafqazda, bütün Yaxın və Orta Şərqdə İslam mədəniyyətinin, tolerant mühitin formalaşdığı, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin effektiv vəhdətinin mövcud olduğu nümunəvi ölkələrdən biridir.

 

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılaraq Fondun Nizamnaməsi təsdiq edilib.

Qeyd edək ki, Fondun nizamnamə kapitalı 100 000 (bir yüz min) manatdır.