Yeni nazir vergi sistemində nəyi dəyişəcək?

“Mikayıl Cabbarov keçmiş iqtisadi inkişaf, indiki iqtisadiyyat nazirliyində çalışıb. Əslində, onun təhsil naziri vəzifəsi istisna olmaqla, digər vəzifələri birbaşa iqtisadiyyatla bağlı vəzifələr olub”.

Bunu mənbəyə açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Vergi sisteminin spesifik sektor olduğunu vurğulayan iqtisadçı nazirlikdə gözlənilən kadr dəyişikliklərinə toxunub. Bildirib ki, nazirliyin bütün kadrlarının dəyişdirilməsi müsbət addım olmazdı: “Sözsüz, hər bir yeni nazir öz kamandasını formalaşdırır. O baxımdan, gözləniləndir ki, Vergilər Nazirliyində də yeni komanda formalaşsın. Lakin bu zaman keçmişdə işləyən mütəxəssislərdən istifadə edilməsi məqsədəuyğundur. Vergi sektoru strateji siyasətdir. Birbaşa qeyri-neft sektorunu və sahibkarlığın inkişafını müəyyənləşdirir. Vergi sistemi nə qədər optimal olursa, qeyri-neft sektorunun inkişafı bir o qədər stimullaşır”.

V.Bayramov yeni nazirdən gözləntilərə toxundu: “Əsas gözlənti vergi siyasətinin liberallaşdırılmasının həyata keçirilməsidir. Vergi siyasəti liberallaşmayınca, vergi yükü azalmayınca, qeyri-neft sektorunda iqtisadi islahatların uzunmüddətli effektini müşahidə etmək çətin olacaq.

Etiraf etmək lazıdmır ki, vergi sistemi Fazil Məmmədovun dövründə elektronlaşmışdı və bu sistem Azərbaycanda elektron hökumətin elementlərini ilk tətbiq edən sektor idi. İndiki məqamda daha liberal, qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarların inkişafını stimullaşdıran və təşviq edən vergi siyasətinin həyata keçirilməsinə ehtiyac var. Ümid edək ki, Mikayıl Cabbarov liberal vergi siyasətinin tətbiqinə nail ola biləcək”.