4 C
Baku
Friday, March 29, 2024

Yuval Noah Harari: ‘İnsanlar dünyada nələrin baş verdiyini anlamırlar’

Ümumdünya Davos İqtisadi Forumunda “Sapiens: A Brief History of Humankind” və “Homo Deus: A Brief History of Tomorrow” kimi məşhur kitabların müəllifi israilli tarixçi-medievist (Orta əsrlər tarixi üzrə mwtəxəssis) Yuval Noah Harari çıxış edib. Öz çıxışında o, əməyin gələcəyi və mütəmadi texnoloji inqilab dövründə insanların necə dəyişəcəkləri barəsində fikirlərini söyləyib.

İşin gələcəyi haqqında:

Tarix ərzində işin anlayışı mütəmadi olaraq dəyişib. Uzun müddət ərzində insanlar çalışmırdılar. Onlar sağ qalmaq uğrunda mübarizə aparırdılar. Yəni işin əsas ideyası budur: Mən səhər saat 8-də yuxudan oyanıb işə gedirəm və axşam saat 5-ə kimi orda oluram. Bu, müasir anlayışdır. Bizim əcdadlarımız olmuş ovçular və toplayıcılar yüz minlərlə il ərzində işsiz keçiniblər. İşin itirilməsi üzrə qorxu da yeni fenomendir. Sonuncu əsrlərdə olmuş sənaye inqilabı əsnasında insan hər zaman qorxu keçirdib ki, robotlar onun işində üstünlük təşkil edəcəklər və nəticədə o lazımsız olacaq. Düşünürəmki bu dəfə bu həqiqətə çevrilə bilər. Bu, “canavarlar” deyə qışqırmış uşaq mövzusuna bənzəyir. Nəticə etibarilə sonda canavarlar həqiqətən də gəldilər.

İndi insanlar “istismar”dan daha qorxulu anlayış ilə qarşılaşırlar. Söhbət özünün lazımsızlığı anlayışından gedir. Sən istismar olunan zaman ən azından bilirsən ki, sən vacibsən və səndən başqa çalışacaq şəxs yoxdur. Məhz bu hissədən də narahatlıq artımının ilk problemi başlayır. Güman edirəm ki, yeni peşələr peyda olacaq. Lakin əsas sual ondan ibarətdir ki, həmin vəzifələri tutmaq üçün insanlar özlərini yenidən “ixtira” edə biləcəklərmi? Bizim bir deyil bir neçə texnoloji inqilab keçirtdiyimizi nəzərə alaraq insan özünü hər 10 ildən bir yenidən “ixtira” etməli olacaq. Özünü 20 yaşında yenidən “ixtira” etmək başqa məsələdir. Lakin bu prosesi 30, 40, 50 yaşında etmək çox çətindir.

Bu da öz növbəsində bizim narahatlığımızı artırır. İnsanlar ümumiyyətlə iş hesab edilməyən çox şeyi edirlər. Məsələn onlar uşaqları böyüdürlər. Və son bir neçə əsr ərzində insanların gördükləri işlərin böyük bir hissəsi onların təbiətində yoxdur. Biz, insan üçün nəyisə “təbii” iş adlandıra bilmərik. Gələcəyin əmək bazarı haqqında danışanda biz robotlaşdırmaya çox diqqət ayırırıq. Bu qədər diqqəti biz həmçinin biotexnologiyalara da ayırmalıyıq. Bir çox yeni peşələr insan emosiyalarının anlayışı ilə əlaqəli olacaqlar. Hətta pilotsuz avtomobillər də piyadaların özlərini necə aparacaqlarını anlamalı olacaqlar. Bu, robotların bankirləri və sosial işçiləri əvəz edəcəkləri halda aktual olacaq.

Bəzi şeylərə bir qədər digər nəzərdən baxanda hər şey aydın olur. Peşələri deyil insanları qorumaq lazımdır. Peşələrin bir hissəsini onların gərəksizlikləri ucbatından atmaq olar. Onlar qorunmağa layiq deyillər. Kim bütün həyatı boyu kassir çalışmaq istəyir? Biz peşələr haqqında deyil insanlar haqqında düşünməliyik. Hal hazırda bizdə məşğulluq krizisi deyil işin mənası krizisi var. Bir tarixçi kimi qeyd edim ki, Orta əsrlərdən fərqli olaraq insanlar indiki gündə sanki cənnətdə yaşayırlar. Lakin nədənsə onlar özlərini belə hiss etmirlər. Biz səylə çalışmağı və effektiv olmağı bacarırıq. Lakin arxayınlaşmağı bacarmırıq.

Əgər işin mənası problemini həll etsək, asudə vaxt problemini də həll etmiş olarıq. Mənim verə biləcəyim ən yaxşı məsələhət isə budur: Öz uyğunlaşa bilmə bacarığınıza diqqət ayırın. Sizin bütün investisiyalarınız (bu və ya digər bacarıq, proqramlaşdırma dilini öyrənmək) lotereya kimidir. Siz bilmirsiniz ki, bu və ya digər bacarıq sizə lazım olacaq yoxsa yox. Lakin xaos zamanlarında sizə emosional dözümlülük və bütün bu dəyişiklikləri geridə qoymaq bacarıqları lazım olacaq. Hər halda bu çox çətindir. Bu cür keyfiyyətləri öyrədə biləcək heç bir universitet tanımıram.

İnsan növünün gələcəyi haqqında:

Bu maraqlı fikri kimin söylədiyini xatırlamıram: Əgər sizə 2050-ci il barəsində danışsalar və bu, elmi fantastikaya bənzəsə çox güman ki, bu yalandır. Lakin əgər 2050-ci ilin təsviri elmi fantastika kimi səslənməsə, bu artıq dəqiq yalandır. Çox güman ki, biz Homo Sapiens-in sonuncu nəsillərindən biriyik. 1 və 2 əsrdən sonra Yer kürəsində olacaq orqanizmlər bizim neandertallar və şimpanzelərdən fərləqndiyimiz kimi bizdən fərqlənəcəklər. Növbəti nəsillərdə biz öz bədənimizi və zəkamızı təkmilləşdirə biləcəyik. Bu isə 21-ci əsr iqtisadiyyatının əsas məhsulu olacaq.

Planetin gələcək sahibləri necə görünəcəklər? Buna, məlumata kim sahib olacaqsa o qərar verəcək. Məlumatı idarə edəcək şəxslər planetdəki həyatı da idarə edəcəklər. Məlumat dünyanın ən dəyərli aktividir. Böyük məlumat toplusu seçilmişlərdən ibarət kiçik qrupun əlində cəmlənsə nə baş verər? İnsanlar bölünəcəklər. Lakin siniflərə deyil müxtəlif növlərə bölünəcəklər. Məlumat ona görə vacib hala gəlib ki, biz kompüterlərdən əlavə olaraq insan orqanizmini də hack etməyi öyrənmişik. Bunun üçün iki faktor lazımdır: Böyük hesablayıcı güc və böyük məlumat toplusu (əsasən də biometrik məlumatlar). İndiyənə kimi insanlığın hack olunması üçün heç kim bu faktorlara sahib olmayıb. Hətta insanları hər sutka ərzində izləməyi bacarmış SSRİ Dövlət Təhülkəsizlik Komitəsi və ispan inkvizisiyası da bunu bacara bilməmişdir.

 Hal-hazırda vəziyyət eyni anda baş verən iki inqilab sayəsində dəyişir: Kompüter elminin və biologiyanın (əsasən də neyrobiologiyanın) inkişafı. Bu isə bizə insan beyninin necə çalışdığı anlayışını verir. Əsr yarım olmuş bioloji tədqiqatları 3 sözlə cəmləşdirmək olar: Orqanizm elə alqorimtlərdir. Biz isə indi bu alqoritmlərin üstünü açmağa çalışırıq. Hər iki inqilab üçün ən vacib ixtira bəlkə də biometrik sensordur. Bu sensorlar bizim bədənimizdəki və beynimizdəki biokimyəvi prosesləri elektron siqnallara çeviirir. Kompüter isə həmin siqnalları analiz edir. Bu alqoritmlərin üstünü açaraq insandan daha yaxşı olacaq canlıları yaratmaq olar. Lakin yaradılacaq canlıların sonradan bu texnologiyaları necə istifadə edəcəkləri barəsində anlayışım yoxdur.

Hal-hazırda bu proses 3 cəbhə üzrə gedir: Birinci cəbhə biomühəndislik adlanır. Alimlər yeni orqanlar yetişdirir, köhnələri yeniləyir, orqanizmə genetik səviyyədə müdaxilə və s. edirlər. Lakin bu ən konservativ cəbhədir. Belə ki, o, orqanizmin sahib olduğu ənənəvi “kərpiclər”dən ibarətdir. İkinci cəbhə daha radikaldır. Orqanik və orqanik olmayan komponentlərin birləşməsi (bionik əl, beyindəki kompüter interfeysi, ikinci immun sistem və s.). Lakin bu halda da digər cihazlara qoşulmasına baxmayaraq sizin beynininz orqanik qalır. Üçüncü və daha radikal olan cəbhə isə orqanik olmayan həyat formasının yaradılmasıdır.

Buna nail olmağın mümkün olub-olmadığı hələki açıq sual kimi qalır. Şüurun açılmamış sirri hələ də qalır. Biz hələ də şüurun nə olduğunu və onun insanda necə yarandığını anlamırıq. Ümumi anlayış ondan ibarətdir ki, şüur beyində yerləşir və əgər onu hack etməyi bacarsaq təcrübə ilə emosiyaları yaradan milyardlarla neyronların necə çalışdıqlarını anlayaraq şüurun digər materialda reallaşdırılması yolunda heç bir sərhəd qalmayacaq. Ola bilər ki, orqanik olmayan həyat forması barəsində bizdə heçnə alınmasın. Lakin daha çox alimlər güman edirlər ki, gec-tez bu baş verəcək. İnsanlar həqiqətən də ümumilikdə özləri haqqında heçnə bilmirlər. Buna görə də alqoritmlər özünü yaxşı tanımaq üçün real şansdır.

Şəxsi həyatımdan bir misal gətirim: 21 yaşında mən homoseksual olduğumu anladım. Bundan əvvəl mən onu inkar edirdim. Bu barədə mən istisna deyiləm. Bir çox insanlar bu faktı inkar edərək yaşayırlar. Onlar sadəcə olaraq özləri barəsində olan vacib bir şeyi bilmirlər. 10-20 ildən sonra alqoritmlərin hansısa yeniyetmə şəxsə onun cinsi orientasiyası barəsində məlumat verəcəyi vəziyyəti təsəvvür edin. Alqoritm sizin göz hərəkətlərinizi, təzyiqi və beyin aktivliyini analiz edərək sizin kim olduğunuzu söyləyir. Hətta öz cinsi orientasiyanızı dostlarınız və ailə üzvlərinizdən gizlətsəniz belə bu məlumatlara “Amazon”, “Google’ və “Facebook” kimi şirkətlər sahib ola bilərlər.

Məsələn sizi izləyən alqoritmlər “Coca-Cola” şirkətinə xəbər verəcəklər ki, əgər şirkət öz içkisini sizə satmaq istəyirsə, o, sizə çılpaq qadınların əks olunduqları reklamları göstərməməlidir. Siz heç bunu hiss etməyəcəksiniz də. Lakin şirkətlər bilirlər ki, bu cür məlumatların dəyəri milyardlarla dollara bərabərdir. Məlumata sahib olmağı necə tənzimləmək olar? Torpaq və istehsalat təchizatından fərqli olaraq məlumat eyni anda həm hər yerdə həmdə heç yerdədir. Onu inanılmaz sürətlə kopyalamaq və yaymaq olar. Mənim barəmdə məlumata kim sahibdir? Hal-hazırda məlumatların böyük bir hissəsinə şirkətlər sahibdir və bu faktor insanları narahat edir. Lakin əgər dövlət məlumatı milliləşdirsə, bu, rəqəmsal diktaturaya gətirəcək.

Rəqəmsal diktatura haqqında:

Məni məndən yaxşı anlayacaq alqoritmlərə sahib olacağımız zaman onlar mənim arzularımı, emosiyalarımı təyin edə və hətta mənim yerimə qərarlar qəbul edə biləcəklər. Əgər biz bu barədə ehtiyyatlı olmasaq rəqəmsal diktatura dövrü başlayacaq. 20-ci əsrdə demokratiya diktaturanı əvəz etdi. Belə ki, məlumat emalında və qərarların qəbul olunmasında demokratiya daha yaxşı vasitə idi. Demokratiya məlumatı paylaşdırır və insanlara qərarların qəbul olunması hüququnu verir. Diktatura isə məlumatları və qərarların qəbul olunmasını bir əldə cəmləyir.

Demokratiya modeli daha effektiv çalışırdı. Buna görə də ABŞ iqtisadiyyatı Sovet dövrünün iqtisadiyyatını geridə qoydu. Lakin 21-ci əsrdə biotexnoloji inqilab tamamilə digər istiqamətə yönələ bilər. Mərkəzləşdirilmiş məlumat paylanması daha effektiv ola bilər. Əgər demokratiya yeni şərtlərlə uyğunlaşmasa insanlar rəqəmsal demokratiyada yaşayacaqlar. Misal üçün Şimali Koreyanı götürək: Ordakı insanlar xüsusi biometrik qolbaqlar gəzdirəcəklər. İnsan hansısa otağa girəndə və otaqda dövlət hakiminin portretini gördükdə onun qolbağı insanın emosiyalarını, təzyiqini analiz edərək əldə olunmuş məlumatları müvafiq orqanlara ötürəcək. Bu, rəqəmsal diktatura adlanır.

Məlumatın idarə olunması dünya elitalarına rəqəmsal diktaturadan daha radikal bir şeyin yaradılması imkanını verəcək. Orqanizmləri hack edərək elit cəmiyyətin üzvləri həyatın gələcəyini öz istəklərinə uyğun dəyişə biləcəklər. Və bu, nəinki insan tarixində həmdə planet tarixində ən böyük inqilab olacaq. 4 milyard il ərzində Yer kürəsində həyatın var olması qaydaları dəyişilməz olaraq qalırdı. Bütün canlılar təbii seçmənin və orqanik biokimyəvi qaydalarına tabe olurdular. Lakin indi elm təbii seçmənin köməyi ilə olan təkamülü şüurlu ideya vasitəsilə əvəz edir. Yəni İlahi ideya deyil insani ideya.

Bir çox siyasətçilər musiqiçi kimidirlər. Onlar insan emosiyaları və biokimyəvi sistem üzərində oynayırlar. Siyasətçi hansısa şüarı səsləndirir və bütün dövlət qorxu içərisindədir. Siyasətçi hansısa tweet-i paylaşır və dövlət sakinləri qəzəb içərisindədirlər. Bütün bunlardan əlavə olaraq onların hətta gələcəklə bağlı öz baxışları da yoxdur. Bunun yerinə onlar insanları keçmişin nostalji fantaziyaları ilə qidalandırırlar. Bir tarixçi olaraq mən sizə keçmiş haqqında danışa bilərəm. İlk öncə həmin vaxtlarda həyat şəraiti o qədər də əla deyildi və siz o zamanlarda olmaq istəməzsiniz. Həmçinin keçmiş artıq geri qayıtmayacaq. Buna görə də nostalji fantaziyalar çıxış yolu deyil.

Beləliklə məlumat kimə aid olmalıdır? Düzünü desəm bilmirəm. Bu barədə müzakirə yenicə başlayıb. Bu suala tez bir zamanda cavab gözləmək lazım deyil. Onun müzakirəsinə alimlər, filosoflar, vəkillər və hətta şairlər də qoşulmalıdırlar. Əsas da şairlər. Çünki həmin sualın cavabından nəinki insanlğın gələcəyi hətta planetdəki həyatın özü də asılıdır. Lakin irəliləyiş hələki böyük deyil. İnsanların çoxu ümumiyyətlə başa düşmür ki. nə baş verir və nəticədə nələr ola bilər. Bir çox hökumətlər də bundan boyun qaçırırlar (bizim daha vacib işlərimiz var). Bu isə çox təhlükəlidir. Bir tarixçi kimi mən daha çox insan kütləsinə dünyada baş verənlər haqqında məlumatı çatdırmağa çalışıram. Yalnız bu halda daha çox insan bizim gəələcəyimiz haqqında müzakirəyə qoşula bilər.

Fake xəbərlər haqqında:

Yenə də bir tarixçi kimi mən fake xəbərlər ətrafında olan səs-küyü başa düşə bilmirəm. Axı onlar həmişə olublar. Hansı dövrü doğruluqla əlaqələndirmək olar? Yalan həmişə olub. Hökumətlər yalan danışırdılar, propaqanda isə həmişə çalışırdı. Güman edirəm ki, indiki vaxtda vəziyyət hətta bir qədər yaxşılaşıb. Orta əsrlər tarixini öyrənən bir şəxs kimi deyə bilərəm ki, mən hər şeyə Orta əsrlər nəzərdən baxıram. İnanın mənə.

Həmin vaxtlarda fake xəbərlər ilə bağlı vəziyyət daha pis idi. Fikrimcə daha əsas problem ümumilikdə məlumat axınıdır. Yəni məlumatın bu cür böyük həcmində düzgün məlumatı tapmaq, onu anlamaq və sayəsində dünyanın tam təsvirini yaratmaq çətin məsəlidir. Bizdə çatışmayan bacarıq yalanı düzdən ayırmaq deyil, məlumatı dərk etməkdir. Mətbuatın problemi uydurulmuş məlumatlar verməkdə deyil. Onun əsas problemi insanların dünya barəsində qlobal anlayışa malik olmalarına yardımçı olmağa fokuslanmaqdadır.


Məqaləni Capital.ua-dan Technote.az saytı tərcümə edib.

Son xəbərlər
Digər xəbərlər