ƏDV-nin geri alınması məhdudlaşdırılacaq

  • 62
  •  
  •  
  •  

“Pərakəndə ticarət və ictimai iaşə sektorunda il ərzində ƏDV tətbiq olunan milyardlarla manat dövriyyə və milyonlarla fiziki alışlar qeydə alınır”

Cari il yanvarın 1-dən etibarən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%-i, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılacaq.

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edir. Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10% təşkil edir.

Qeyd edək ki, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği, gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi, nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), çekin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd, malın sürətli məlumat kodu olmalıdır.

Nağdsız ödəmələrdə 15, nağdlı ödəmələrdə 10 faiz ƏDV-nin geri qaytarılmasının bir sıra müsbət cəhətləri var. İlk olaraq bu, sahibkarların vergi ödəyicisi kimi qeydə alınmasına səbəb olacaq.

İqtisadçı-ekspert Rəşad Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, nağd alınan mallara görə ödənilən ƏDV məbləğinin bir hissəsi geri qaytarılarsa, ödənişi həyata keçirilən kassa aparatı məcəllədəki yeni tələblərə cavab verməlidir: “Hazırda bu tələblərə cavab verən kassa aparatları yoxdur. Onların tətbiqi gələcəkdə həyata keçiriləcək. Digər tərəfdən, ƏDV-nin qaytarılmasının hansı mexanizmlə həyata keçirilməsi haqda məlumat yoxdur.

Amma bir şeyi əlavə edim ki, pərakəndə ticarət və ictimai iaşə sektorunda il ərzində ƏDV tətbiq olunan milyardlarla manat dövriyyə və milyonlarla fiziki alışlar qeydə alınır. Yəni bu həcmdə olan dövriyyə və fiziki alışlar üzrə belə mexanizmin tətbiq edilməsinin mümkünlüyü sual doğurur. Bunu stimullaşdırıcı addım kimi qəbul etmək lazımdır. Buna görə də hesab edirəm ki, burada hansısa məhdudlaşdırıcı kriteriyalar tətbiq olunacaq”.

İqtisadçı onu da əlavə etdi ki, yeni güzəştlər tətbiq olunan əməliyyatların sayı o qədər də çox olmayacaq: “Hər halda, bu, şəxsi gözləntidir. Reallıqda necə olacağını hər kəs gözləyir”.


  • 62
  •  
  •  
  •