22 C
Baku
Thursday, May 9, 2024

Əmanətçilər ADİF, Mərkəzi Bank və Bank üçbucağının niyə qurbanı oldular?

Son günlərdə bank sektorunda baş verən ən aktual proses məhz elə bağlanan banklarda olan əmanətçilərin bir qisminə onların əmanətlərinin sığortalı olmaması adı ilə depozitlərinin geri qaytarılmasında ADİF-in (Əmanətlərin Sığortalanması Fondu) imtana etməsi olmuşdur.

Əmanətlərinin sığortalı olmasına əmin olan müştərilər belə bir xəbəri müştərisi olduğu banklardan yox, ADİF-dən alması özü maraqlı bir faktdır. Amma, problemlər yalnız bir istiqamətdə deyil, bir neçə digər sualıda əhatə edir.

Əsas problemlər:

  • Problemin ən absurd olanından biri məhz Mərkəzi Bankın 3 banka əmanət qəbul etməsini qadağan etməyidir (deyilənə görə bu ilin fevral ayında qoyulub, birinə isə 2017-dən bu yana). Lakin əmanət qəbuluna qadağa qoyulan banklar buna məhəl qoymayaraq əmanət qəbulu prosesinə davam ediblər. Bankların bağlanması qərarı verildikdən sonra, qeyd olunan “qadağa dövründə” əmanət yerləşdirmiş vətəndaşlar, öz əmanətlərinin sığortalı olduqlarını zənn etdikləri üçün ADİF əməkdaşına yaxınlaşmışdırlar – lakin onların əmanətlərinin sığortalı olmadığı bildirilmiş və kompensasiyanın ödənilməsində imtina edilmişdir.

Burada təbii ki, bir neçə sual ortaya çıxır. Necə ola bilər ki, Mərkəzi Bankın nəzarət etdiyi bank sektorunda banka əmanət qəbul etməməyi bildirir, lakin bu qərarın icrasına nəzarət edilmir? Əlavə olaraq, bu sıradan bir bank deyildir, problemi olan bankdır və problem müəyyən olunduğu gündən ciddi nəzarət edilməli bank idi. İkinci məsələ ADİF-lə bağlıdır. Vətəndaşın əlində imzalı sənəd vardır ki, bu əmanət sığortalı əmanətdir. Bu sənədin bir əhəmiyyəti, hüquqi statusu yoxdursa, bu sənədin buraxılışına nəzarəti ADİF həyata keçirə bilmirsə (Faktiki əmanət qəbuluna icazə verilməyən bank bu sənədi müştəriyə sərbəst şəkildə verib, lakin ADİF balansında yeni sığortalı əmanətin yarandığını görə bilmirsə) o zaman bu qurumun nəzarət mexanizmi, risklərini qiymətləndirmə alətləri ya yoxdur ya da olmamış səviyyəsində primitivdir.  Bu iki nəhəng dövlət qurumunun fəaliyyətində buraxdığı bu qədər səhv və qeyri-dəqiqlikdən sonra bütün günah müştərilərin üzərinə atılır və onların əmanətlərinin geri qaytarılmasında imtina edilir. Təbii ki, burada bank rəhbərliyinində atdığı qeyri-qanuni addımlarıda unutmaq lazım deyil. Bu qərarların qəbulunda iştirak etmiş bank menecmenti məsuliyyətə cəlb edilməli, onların əməlləri məhkəmədə aydınlaşdırılmalıdır.

 

  • İkinci absurd problem isə miqrasiya, yəni köçürülən əmanətlərlə bağlıdır. Fərz edin ki, siz əmanəti bankın Yasamal filialına yerləşdirmisiniz, bir müddətdən sonra Yasamal filialının yeri pis olması ,müştəri cəlb edə bilməməsi səbəbindən o bağlanır və onun müştəri bazası digər filiala köçürülür. Və əgər sizin əmanətiniz birinci filialda sığortalı idisə, köçürülən filialda artıq sığortasız hesab edilib və bu haqda müştəriyə bank tərəfindən heç bir məlumat verilməyib (ola bilər bank özüdə bunu bilməyib). Bu əmanətlərin sığortalı olmaması müştəriyə yalnız ADİF tərəfindən bildirilib. Əslində bank filialının bağlanması zamanı da müqavilələrin yenidən bağlanması vacib deyil və bank sektorunda bu ilk dəfə olan proses deyildir.

Ümid edirik, Azərbaycanda bank sisteminin qarantı rolunu oynayan Əmanətlərin Sığortalanması fondu bu prosesin həllində obyektivlyi, müştərilərə qarşı ədalətli münasibəti qoruyub saxlaya biləcək. Unutmaq lazım deyil ki, müştərilər Mərkəzi Bank, ADİF və banklar arasında gedən proseslərdən məlumatlı deyildilər (bu haqda KİV vasitəsi ilə  məlumat verilməyib) və yekunda bunun məsuliyyətini onların daşıması ən azından haqsızdır. Hələki dövlət qurumları tərəfindən hər hansı bir açıqlama verilməmişdir, buda məsələnin müsbət istiqamətdə həlli ehtimalını bir qədərdə azaldır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər