Əmlak bazarının aqibəti necə olacaq? -Ekspert cavablandırır

0

APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Value&Sources Consalting şirkətinin eksperti Rəşad Əliyev olub.

Proqramda səsləndirilən maraqlı fikirlər:


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“İqtisadiyyatında tənəzzül baş verən ölkələrdə daşınmaz əmlakın dəyəri həmişə enir. Əgər bu tənəzzül böyük həcmdə devalvasiya ilə müşahidə edilirsə, bu halda milli valyuta ilə qiymət hərəkəti müxtəlif ola bilər. Necə ki, biz fevral devalvasiyası zamanı. Həmin vaxt qiymətlər manatla qalxdı, ancaq bir müddətdən sonra yenə enməyə başladı. Bizdə dollar ekvivalentində qiymətlər 2 səbəbdən endi: iqtisadi tənəzzülə və devalvasiyaya görə”

“Bizdə daşınmaz əmlak bazarında qiymətlər keçən ilin payızından düşməyə başladı. İlkin dövrdə qiymət enməsi gözləntilər ilə bağlı idi. Sonrakı dövrdə isə iqtisadi tənəzzülün elementləri reallaşandan sonra qiymətlər artıq tənəzzülə görə düşməyə başladı.”

“Azərbaycanda belə ənənə var ki, yay vaxtı əmlak bazarında aktivlik aşağı düşdüyü üçün alqı-satqı əməliyyatlarında azalma baş verir, nəticədə qiymət enmələri müşahidə edilir. Bu bəzi digər ölkələrdə də belədir. Ancaq bu, stabil bazara aiddir, bu il belə azalma müşahidə edilmədi, çünki 2015-ci il daşınmaz əmlak bazarı üçün bütövlükdə passiv il oldu. İl ərzində aktivliyin artıb azalması duyulmadı, ona görə də yay aylarında bazarda dəyişiklik hiss olunmadı”.

“Fevral devalvasiyasından sonra bir müddət bazarda şok yaşandı və bu gün də bazarda bu şoku müşahidə edirik. Fevral devalvasiyasında qiymətlərə diktə etmə üstünlüyü satıcılarda idisə, bu devalvasiyada artıq alıcıların psixoloji üstünlüyü daha çoxdur. Çünki, hazırkı devalvasiya şəraitində daşınmaz əmlakın satışı üzrə bəzi əməliyyatlarda ödəniş manatla həyata keçirilsədə hesablama dollarla aparılırdı. Fevral devalvasiyasından əvvəl bütün sövdələşmələr manatla aparılırdı, amma sonra bəzi satışlar manatla, bəziləri dollarla gedirdi. Əmlakı dollarla almağı nəzərdə tutanlar qiymətlərin dollar ifadəsi ilə düşəcəyini gözləyəcəklər”.

Bazara üç pilləli təsiri olacağı bildirib: “Birincisi, hazırda müşahidə etdiyimiz “şok” şəraitdir. Bu vəziyyət gələn ilin əvvəlinə qədər davam edəcək, bu, həm də bayramla bağlıdır. Bundan sonra qiymətlər bir-iki ay tarazlıq səviyyəsini axtaracaq. Üçüncü pillə isə əgər manatın məzənnəsi sabit qalsa, qiymətlər stabilləşəcək və qiymətlərin hansı istiqamətə gedəcəyi bilinəcək. Dollarla qiymətlər istənilən halda düşəcək, sadəcə bunun nə qədər olacağını bilmirik.”

Tikinti sektorunda gözlənilən durğunluğun (böhran var, ancaq daha dərin böhran gözlənilirdi) olmadığı bildirilib: “Bu il gözlənildiyi kimi, tikinti sektoru çox böyük tənəzzülə uğramadı. Tikinti şirkətləri çıxış yolu kimi daxili ipoteka proqramlarına, möhlətlə satışa keçdi. Bir müddət sonra bəzi banklar da kreditləşməyə keçdi, bəziləri 8 faizlə yarımçıq tikililərdə kreditləşmə əməliyyatları həyata keçirir. Dövlət ipotekasına gəldikdə isə, büdcədən 50 milyon ayrılması nəzərdə tutulurdu, bundan əlavə 200 milyon ipoteka kreditləşməsi barədə də fikirlər var idi. Ancaq hazırda İpoteka Fondunda təşkilati dəyişiklik baş verdi. Əvvəllər İpoteka Fondu Mərkəzi Bankın nəzdində fəaliyyət göstərirdi, ancaq artıq həmin təşkilat müstəqil səhmdar cəmiyyət hesab edilir. Beynəlxalq təcrübədə ipoteka kreditləşməsi səhəsi daha çox kommersiya sektorudur, özəl banklara aid olan hissədir. Əksər hallarda bu prosesə dövlətin heç bir dəstəyi, müdaxiləsi yoxdur. Məsələn ABŞ-da Federal Ehtiyat Sistemi vəziyyəti kənardan müşahidə edir. Bizim banklarda da faiz dərəcələri elə olmalıdır ki, banklar öz vəsaitlərini ipoteka kreditinə yönəltsinlər”.

“Son üç ildə Bakı şəhərində çoxlu sayda ticarət mərkəzləri istifadəyə verilib. Bu obyektlərin boş qalmasının səbəbi iqtisadi böhran yox, əslində, bu qədər obyektə ehtiyac olmamasıdır. Doğrudur, satış dövriyyəsinin azalması ilə bağlı bir sıra obyektlərdə, bəzi mağazalar bağlandı, ancaq hələ bu, kütləvi deyil. Hər şey qabaqdadı.”.

“Bazarda alqı-satqı əməliyyatlarına tələb olunan sənədlərin sayı azalırsa, mülkiyyət sənədlərinin alınmasının müddəti azalırsa, bu, bazar üçün, sözsüz ki, müsbət haldır. Artıq gələn il yanvarından alqı-satqı əməliyyatları üzrə vergi dərəcələri dəyişdirilir. Əlbəttə, yeni sistemin müəyyən qüsurları mövcuddur, ancaq üstünlükləri daha çoxdur. Artıq satılan əmlakın sahəsinə uyğun olaraq vergi dərəcəsi müəyyən ediləcək”.

“Hazırkı dövr ev şəraitini yaxşılaşdırmaq üçün məqsədəuyğundur, itki az olacaq. Lakin ev almaq və kapital saxlamaq üçün ilk növbədə bazarın sabitləşməsini gözləmək lazımdır. Hal-hazırda daşınmaz əmlak bazarında xaos yaşanır, belə bir şərait alverçilər üçün yaxşı dövr sayılır. Hazırki dövrdə bazara yatarım etmək üçün insandan xüsusi peşəkarlıq tələb olunur. Bazar sabitləşmədən hər hansı qərarın verilməsini tövsiyə etmirəm”.