34 C
Baku
Friday, July 12, 2024

Əmlak Məsələləri Dövlət Xidmətindən ittihamlara cavab

Bəzi kütləvi informasiya vasitələrində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) fəaliyyəti ilə bağlı Hesablama Palatasının təhlilinə istinad olunan, lakin situativ kontekstdən kənar və subyektiv formada məlumatlar dərc edilib.

Bu barədə ƏMDX-nın açıqlamasında bildirilir.

“Həmin məlumatlarda ƏMDX-nin fəaliyyətində əldə olunmuş müsbət tendensiyalar diqqətdən kənarda saxlanılmaqla, onun sərəncamında olan müəssisələrin bir çoxunun fəaliyyətsiz olması, özəlləşdirmə prosesinin düzgün təşkil edilməməsi və kreditor borclarının artması səbəbindən əmlak satışından büdcənin gəlirlərinin azalması, özəlləşdirmədən daxilolma üzrə borcların artması, restrukturizasiya və inventarizasiya işlərinin aparılmaması, o cümlədən ləğv edilmiş müəssisələrdən birinə 9.6 milyon manat vəsaitin ayrılması kimi mülahizələr önə çəkilib.

Özəlləşdirməyə açıq elan edilmiş, ƏMDX-nin sərəncamındakı müəssisələr SSRİ dövründə qurulmuş, planlı iqtisadiyyat üçün hesablanmış müəssisələrdir. Dövlət müstəqilliyinin ilk illərində bu müəssisələrin fəaliyyəti kəskin tənəzzülə uğradı, çoxlarının isə fəaliyyəti ümumiyyətlə dayandı. Qeyd edək ki, analoji proseslər ölkəmizlə yanaşı, keçid iqtisadiyyatı dövrünü yaşayan bütün postsosialist, xüsusən MDB dövlətlərində yaşandı.

Həmin müəssisələr xərclərini ödəmək şərtilə qismən fəaliyyət göstərir və kreditor borcları bu səbəbdən artır. Digər səbəb müəssisələrin əmlak və torpaq vergiləri ilə bağlıdır ki, fəaliyyət göstərməyən müəssisələr üzrə həmin borclar hesablanaraq kreditor borclarının siyahısına aid edilir.

Özəlləşdirmədən daxilolmalar üzrə vaxtı çatmış, lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə borcların 2020-2021-ci illərdə nisbətən artması koronavirus (COVİD-19) pandemiyası nəticəsində iqtisadiyyatda yaranmış reallıq, əmlak bazarında yaranmış durğunluq, hərracda qalib olmuş alıcılarla alqı-satqı müqavilələri bağlandıqdan sonra onlar tərəfindən əmlakın dəyərinin ödənilməsində problemlərin yaranması ilə əlaqədar olub.

Hazırda problemin aradan qaldırılması təmin edilib. Bəzi borcların qalması keçən ilin son aylarında bağlanan əqdlər üzrə məbləğlərin növbəti ilə keçməsi ilə əlaqədardır.

ƏMDX qanunvericiliyin tələblərinə uyğun olaraq restrukturizasiya, sağlamlaşdırma işlərini həyata keçirir. Təhlil dövrünü əhatə edən müddətdə səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan və fəaliyyət göstərən 3 dövlət müəssisəsinin istehsal gücünün artırılması, istehsal profilinin genişləndirilməsi məqsədilə, sağlamlaşdırma tədbirləri çərçivəsində yeni nəsil texnoloji avadanlıqların alınması istiqamətində müvafiq işlər görülüb. ƏMDX tərəfindən sərəncamında olan dövlət müəssisələrinin balansında olan aktivlərin və öhdəliklərin, habelə əsas vəsaitlərin mövcudluğunun, istismar vəziyyətinin yoxlanılması məqsədilə müəssisələrdə hər ilin sonunda inventarizasiya işləri aparılır.

Ölkə prezidentinin 1 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən, uzun müddət özəlləşdirməyə açıq olan “Daşkəsən Filizsaflaşdırma” ASC ləğv edilib və Nazirlər Kabinetinə zəruri tədbirlərin görülməsi, eləcə də bütövlükdə bu Sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsi tapşırığı verilib.

Sərəncamın icrasının təmin edilməsi məqsədilə “AzərGold” QSC-nin 100% təsisçiliyi ilə “Daşkəsən Dəmir Filiz” MMC yaradılıb. Əvvəlki müəssisənin əmlakları isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq “Daşkəsən Dəmir Filiz”ə satılıb. MMC-nin fəaliyyətinin dəstəklənməsi üçün zəruri maliyyə vəsaiti (9.6 mln. manat) dövlət müəssisəsinin sağlamlaşdırılması və bu sahədə restrukturizasiyanın başa çatdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin təklifi və Maliyyə Nazirliyinin razılığı əsasında mövcud qanunvericiliyə uyğun olaraq, Nazirlər Kabinetinin 30 avqust 2021-ci il tarixli sərəncamı ilə ayrılıb.

Nəzərə alınmalıdır ki, mövcud qanunvericilikdə və hər hansı digər normativ hüquqi aktda yalnız özəlləşdirməyə açılmış dövlət müəssisələrinin sağlamlaşdırılmasına və restrukturizasiyasına vəsaitin ayrılması üçün məhdudiyyət müəyyən edilməyib”, – deyə açıqlamada qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər