Əmlakımızı necə sığorta etdirək?

Əmlak sığortası

Son dövrlərdə baş verən yanğın və torpaq sürüşmələri zərərə uğrayan şəxslərin sığortasının olmadığı üçün zərəri şəxsən daşımaları ilə nəticələndi. Bununla yanaşı sığortası olmayan müəssisələr sığortaya maraq göstərməyə başladı. Bəzi “ekspert”lərdən fərqli olaraq “sığorta olmadıqda cərimələnəcəksiniz, 20 gündən bir 50 manat cərimə gələcək” kimi ifadələrin üzərində durmayaraq sığortalanma barədə əsas məsələləri qeyd edəcəyik.

Bir müəssisənin əmlakını və ya yaşayış evini sığortalayarkən aşağıda qeyd edilənlərə diqqət etmək lazımdır:

1) Daşınmaz əmlakın icbari sığortası yaşayış evləri ilə bağlı maksimum Bakı şəhəri üzrə 25 min manat məbləğində dəyən zərərə görə təminat verir. Bu məbləğ Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki yaşayış evləri üçün 20 min manatdır. Göründüyü kimi hazırda evlərin bazar qiymətlərini nəzərə alaraq heç də yaşayış evləri üçün maksimum təminatın verildiyini demək mümkün deyil. Həmçinin qeyd edək ki, yaşayış evi və ya qeyri-yaşayış sahəsi üzrə daşınmaz əmlakın icbari sığortası növündə verilən təminat yalnız qapı və pəncərə konstruksiyalarına, daxili və xarici mala, suvaq işlərinə, su, qaz, işıq və kanalizasiya təchizatı, istilik sisteminə, elektrik naqillərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə aiddir. Digər hissələrə və evdəki daşınar əşyalara, mebel dəsti və digər əşyalara dəyən zərər icbari sığorta təminatına daxil deyil. Bu səbəbdən də digər əşyalarla bağlı hissədə könüllü qaydada sığorta müqaviləsi bağlamaq məqsədəuyğundur.

2) Daşınmaz əmlakın icbari sığortası növü üzrə heç də bütün zərərlərə təminat verilməyib. Misal üçün təbii fəlakətlər qismində yer sürüşməsindən və fırtınadan dəyən zərərə təminat verilsə də, torpaq çökməsi və güclü küləkdən dəyən zərərlərə təminat verilməmişdir. Buna görə də daha geniş zərərlərdən təminat almaq üçün könüllü qaydada sığorta müqaviləsi bağlamaq məqsədəuyğundur.

3) Daşınmaz əmlakın icbari sığortası üzrə tikili və binalar bərpa dəyərində (köhnəlmə və texniki vəziyyət nəzərə alınmaqla, əmlakın yaxınlığındakı digər tikili və binaların inşası üçün tələb olunan məbləğdə), qeyri-yaşayış sahələri isə orta bazar dəyərində (əmlakın yaxınlığındakı digər qeyri-yaşayış sahələrinin orta bazar dəyəri məbləğində) sığortalanır. Həmin dəyər sığorta müqaviləsində sığorta məbləği olaraq qeyd edilir. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta dəyəri natamam və ya qismən ola bilməz. Bu səbəbdən də sığorta müqaviləsində məbləği əvvəlcədən dəqiq qeyd etmək lazımdır ki, sonradan hadisə zamanı hər hansı müzakirə üçün əsas yaranmasın.

4) Sığorta müqaviləsi bağlayarkən sığorta şirkəti tərəfindən yaddaş vərəqinin, eyni zamanda könüllü qaydada sığortalanma ilə əlaqədar sığorta münasibətlərini tənzimləyəcək sığorta qaydalarının verilməsi tələb edilməlidir. Xatırladaq ki, yaddaş vərəqində sığorta təminatları, hadisə baş verərkən edilməli olacaq işlər barədə qeyd edilir.

©Şəhriyar Həbilov


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları