Müştəri seqmentləşməsi müasir dövrdə pərakəndə biznes sektorunda ən önəmli faktorlardan biri olmaqla yanaşı, pərakəndə bankçılıqda da kifayət qədər geniş tətbiq edilməkdədir. Bank məhsullarına nəzər salsaq bir çox tipli məhsullarda seqmentləşmənin və fərqliləşmənin şahidi ola bilərik. Öncəki yazımızda  da bu mövzuya toxunmuş və taksit kartların banklar tərəfindən seqmentlərə ayrılması və hər seqment üçün xüsusi şərtlər tətbiq etdiyini müzakirə etmişdik. Sual yarana bilər ki, seqmentləşmə nədir və onun mahiyyəti nədən ibarətdir? Oxucularımıza daha aydın olsun deyə, bankların hal-hazırda AZN valyutasında təklif etdiyi nağd pul kreditlərinin illik faiz dərəcələrini təhlil etməklə bu suala cavab tapmağa çalışacağıq.

Hamınıza məlumdur ki, əksər banklarda müştərilərə təklif edilən illik faiz dərəcələri standart deyildir və bu qeyri-stdandartlığın kifayət qədər obyektiv səbəbləri vardır. Banklar bəzi seqment müştərilərinə standart faiz dərəcələri təklif etsələr də, bəzilərində təklif edilən faizlər kifayət qədər aşağıdır. Endirimlər və güzəştli faizlər isə əsasən aşağıdakı hallarda tətbiq edilir.

  • Müştərinin bankda müsbət kredit tarixçəsi olduqda;
  • Müştəri bankla əməkdaşlıq edən şirkət və ya şirkətlər qrupunun əməkdaşı olduqda;
  • Müştərinin əmək haqqı və ya təqaüd kartı həmin banka məxsus odluqda
  • Müştərinin aid olduğu seqmentə (iş yeri, peşəsi, əmək haqqı məbləği və s.) aid xüsusi kampaniya keçirildikdə.
  • Kreditin müddəti, məbləği və s. ilə bağlı bank tərəfindən qoyulmuş tələblərə cavab verdikdə.

Və s.

Yuxarıda qeyd edilən səbəblər üzərindən araşdırma apararaq hal-hazırda istehlak kreditləri bazarında təklif edilən 5 ən aşağı faiz dərəcəsini və bu faizlərin hansı müştərilərə təklif edildiyini təhlil etdik. Aşağıdakı cədvəldə Sizlərlə bu məlumatı bölüşürük.

Bank Minimal illik faiz dərəcəsi nə qədərdir? (AZN) Hansı müştərilərə təklif edilir?
Bank Respublika 17% Bankla əməkdaşlıq edən şirkətlərin əməkdaşlarına, müddəti 12 ayadək olan kreditlərə təklif edilir.
Azərtürk Bank 18% “28 May – Respublika günü” münasibətilə 31.05.2018-ci il tarixinədək keçirilən kredit kampaniyası çərçivəsində bütün müştərilər üzrə müddəti 12 ayadək rəsmiləşdirilən kreditlərə təklif edilir.
Yapıkredi Bank 18% Əmək haqqı kartı YapıkrediBanka məxsus olan müştərilərə təklif edilir.
Express Bank 20% Standart şərtlər çərçivəsində bütün müştərilərə, lakin müddəti 12 ayadək olan kreditlərə təklif edilir.
Rabitə Bank 22% Standart şərtlər çərçivəsində bütün müştərilərə, müddətdən və məbləğdən asılı olmayaraq təklif edilir.

 

Cədvəldən də göründüyü kimi, seqmentləşmənin əhatə dairəsi böyüdükcə illik faiz dərəcəsi də artır. Bankların digər müştərilərinə təklif etdiyi faizlər , həmçinin digər kredit şərtləri ilə tanış olmaq, həmçinin online kredit sifarişi göndərməklə növbəsiz kredit əldə etmək üçün banker.az saytının yeni layihəsi olan “Məhsul kataloqu”ndan (https://banker.az/result/?ctype=consumer_loan) istifadə edə bilərsiniz.