Qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar. Onların başqa işə keçirilməsi prosesdurlarını əmək qənunvericiliyi eksperti Nüsrət Xəlilov izah edir.

Əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə keçirildikdə onun üçün yeni iş icazəsi alınmalıdır. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) zamanı da əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün yeni iş icazəsinin alınmasına ehtiyac var. Bu hallar Miqrasiya Məcəlləsinin 70-ci maddəsində əhatə olunub.

Əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə, həmin iş icazəsinin müddəti əvvəlki iş icazəsinin müddətinin qüvvədə qalan hissəsindən çox olmamalıdır.

Əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanında başqa işə keçirildikdə, Miqrasiya Məcəlləsinin 65.0.1-ci və 65.0.3-cü maddələrində nəzərdə tutulmuş sənədlər, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) zamanı isə Miqrasiya Məcəlləsinin 65.0.1-ci və 65.0.6.1-ci maddələrində nəzərdə tutulmuş sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.

Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə əlavə dövlət rüsumu ödənilmir. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin iş icazəsinin müddəti bitdikdə və ya əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, onu başqa işəgötürən yeni iş icazəsi almaqla öz yanında işə dəvət edə bilər. İşəgötürən tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxsə eyni vaxtda iki iş icazəsinin alınması qadağandır.

Əmək müqaviləsi pozulduqda iş icazəsinin qüvvədən düşməsi

Miqrasiya Məcəlləsinin 71-ci maddəsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, işəgötürən bu barədə 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, şəxsə verilmiş iş icazəsi öz qüvvəsini itirir.

Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və əməkçi miqrantın Azərbaycan Respublikasında qalması üçün başqa əsas olmadıqda, o, 10 iş günü müddətində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir.

İş icazəsinin ləğv edilməsi üçün əsaslar

İş icazəsinin ləğv edilməsi üçün əsaslar Miqrasiya Məcəlləsinin 73-cü maddəsində əsasən, aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı iş icazəsini ləğv edir:

– əcnəbidən və vətəndaşlığı olmayan şəxsdən, yaxud işəgötürəndən müvafiq ərizə daxil olduqda;

– işəgötürənlə əcnəbi və vətəndaşlığı olmayan şəxs arasında bağlanmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda;

– iş icazəsi alınması üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

– Məcəllənin 67.13-cü, 68.2-ci və 69.6-cı maddələrində nəzərdə tutulan hallarda;

– hüquqi şəxs olan işəgötürən ləğv edildikdə;

– məhkəmənin müvafiq qərarı olduqda.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanan əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, işəgötürən bu barədə 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, şəxsə verilmiş iş icazəsi öz qüvvəsini itirir.

Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və əməkçi miqrantın Azərbaycan Respublikasında qalması üçün başqa əsas olmadıqda, o, 10 iş günü müddətində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir.

İş icazəsinin verilməsi müddətinə uyğun rüsümlar

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə rüsumlar aşağıdakı kimidir:

– on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

3 ayadək – 700 manat;
6 ayadək – 900 manat;
1 ilədək – 1400 manat.

– on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda;

3 ayadək – 500 manat;
6 ayadək – 700 manat;
1 ilədək – 1200 manat.

– iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

3 ayadək – 350 manat;
6 ayadək – 600 manat;
1 ilədək – 1000 manat.

Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, belə icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilmir. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə, dövlət rüsumu ödənilmir.

İş icazəsinin alınması proseduru

İş icazəsinin alınmasına dair müraciət elektron və ya kağız sənədləşmə formalarında oluna bilər. İş icazəsinin alınması üçün kağız sənədləşmə formasında müraciət Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və onun regional idarələrinin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbələri (bölmələri) və ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin inzibati binalarına oluna bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 66-cı maddəsinə əsasən aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsindən imtina edilir:

– Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

– təqdim edilən sənədlər saxta olduqda, onlarda qeyri-dəqiq və ya təhrif olunmuş məlumatlar olduqda;

– işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda;

– işə cəlb olunması nəzərdə tutulan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin 18 yaşı tamam olmadıqda;

– əmək miqrasiyası kvotası dolduqda;

– əcnəbi və vətəndaşlığı olmayan şəxs siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olduqda;

– əcnəbi və vətəndaşlığı olmayan şəxs cəlb olunduğu işin yerinə yetirilməsi üçün tələb olunan ixtisasa və ya iş təcrübəsinə malik olmadıqda.

İş icazəsinin verilməsindən imtina barədə qərar Miqrasiya Məcəlləsinin 66-cı maddəsinə istinad olunmaqla əsaslandırılmalı və qərarın sürəti işəgötürənə təqdim edilməlidir. Təqdim olunmuş sənədlərdə çatışmazlıq, uyğunsuzluq və digər nöqsanlar aşkar edildikdə, Dövlət Miqrasiya Xidməti işəgötürənə bu barədə yazılı məlumat verir.

İş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır.

Dövlət Miqrasiya Xidməti Miqrasiya Məcəlləsinin 67.4-cü maddəsində göstərilən sənədlər haqqında məlumatları rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) göndərir.
ƏƏSMN daxil olan məlumatlara 5 iş günü müddətində baxaraq, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə rəy verir. 5 iş günü ərzində rəy bildirməməsi iş icazəsinin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir.

İş icazəsinin verilməsi haqqında qərar qəbul edildikdə, Dövlət Miqrasiya Xidməti 3 iş günü müddətində iş icazəsinin müəyyən olunmuş qaydada doldurulmasını və işəgötürənə təqdim olunmasını təmin edir. İş icazəsi səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir. İş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. İş icazəsi bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra işəgötürənə verilir.

İşəgötürən tərəfindən 30 gün müddətində iş icazəsinin alınmasına görə dövlət rüsumu ödənilmədikdə, habelə əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunduqda, Dövlət Miqrasiya Xidməti iş icazəsini ləğv edir.

İş icazəsinin verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, iş icazəsi blankının fərdi olaraq doldurulması və veril məsi, habelə iş icazəsi almış və ya belə icazənin verilməsindən imtin3 edilmiş, o cümlədən iş icazəsi ləğv edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578 ci maddəsinə əsasən, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

Eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilir.

İşəgötürənin işə cəlb etdiyi əcnəbini və vətəndaşlığı olmayan şəxsi öz iş yerindən kənarda işlə təmin etməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, bu barədə 5 iş günü müddətində işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, 5 iş günü müddətində işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə və belə icazənin yenidən rəsmiləşdirilməməsinə və ya ləğv edilməsi üçün ərizə təqdim edilməməsinə görə vəzifəli şəxslər yüz manat məbləğində cərimə edilir.

Əcnəbilərin əmək hüququ ilə bağlı yuxarıda qeyd etdiklərimizi ümumiləşdirsək:

– Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həm müvəqqəti yaşamaq üçün icazə, həm də iş icazəsi almalıdırlar;

– müvəqqəti yaşamaq üçün icazə və iş icazəsi Dövlət Miqrasiya Xidməti tərəfindən verilir;

– iş icazəsi üçün müraciət işəgötürən tərəfindən olunmalıdır;

– 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi üçün müraciət oluna bilər;

– iş icazəsinin alınması üçün təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqınq arayış yalnız Beynəlxalq Tibb Mərkəzi və Respublika Diaqnostika Mə, kəzi tərəfindən verilir;

– iş icazəsinin alınması üçün elektron və ya kağız daşıyıcıda Dövlət Miqrasiya Xidmətinə və ya Asan Xidmət mərkəzlərinə müraciət oluna bilər;

– iş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddət bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir;

– əcnəbi və vətəndaşlığı olmayan şəxs eyni işəgötürənin yanındı başqa işə keçirildikdə onun üçün yeni iş icazəsi alınmalıdır;

– hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrıl ma, çevrilmə) zamanı da əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün yeri iş icazəsi alınmalıdır;

– əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, şəxsə verilmiş İş icazəsi öz qüvvəsini itirir və o, 10 iş günü ərzində ölkəni tərk etməlidir.

Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı