Əfqanıstanın “Taliban” tərəfindən ələ keçirilməsindən sonra əksər xarici səfirliklər bağlanıb və ölkəni tərk etmək istəyən sakinlər viza almaq üçün qara bazara üz tutmağa başlayıb.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Beləliklə, qanunsuz sənədlərin qiymətləri Əfqanıstan hökumətinin süqutundan əvvəlki dövrlə müqayisədə on dəfələrlə artıb. Mütəxəssislərin fikrincə, ən çox Türkiyəyə səfər bahalaşıb.
Xatırladaq ki, taliblər hakimiyyəti ələ keçirməzdən əvvəl vətəndaşlar Pakistana 15 dollara, Tacikistan və Özbəkistana – 60 dollara, Türkiyəyə – 120 dollara viza alırdılar. Hal-hazırda qiymətlər aşağıdakı kimidir:
Pakistan – 350 dollar;
Tacikistan – 400 dollar;
Özbəkistan – 1350 dollar;
Türkiyə – 5000 dollar.
Bununla yanaşı, indi əfqanlar qanuni olaraq yalnız Pakistana getmək üçün viza ala bilərlər. Qanunsuz vizaların kim tərəfindən və necə hazırlandığı məlum deyil. Və bu sənədlərdən istifadə edərək xaricə getməyin mümkün olub-olmadığı da bilinmir.
2021-ci ilin yazında ABŞ qoşunları Əfqanıstandan çıxardığını elan edib. Avqustun 15-də silahlılar döyüşsüz Kabilə daxil olublar, hakimiyyəti ələ keçiriblər və baş verənləri “azadlıq” adlandırıblar. Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani istefa verərək ölkədən qaçıb.