Dünyada adı hər yerdə tanınan avtomobil markaları çox deyil. Sizə 1947-ci ildə əsası qoyulan onlardan birinin – Ferrari-nin tarixindən bəzi məqamlardan bəhs etmək istərdik.
Ferrari-nin yaranışı
Brendin tarixində əsas şey – əfsanəvi Enzo Ferrari haqqında danışmadan hekayəyə başlamaq mümkün deyil. O, 1898-ci ildə anadan olub və uzun 90 illik həyatının böyük hissəsini əsas həvəsinə – avtomobil yarışına həsr edib.
1924-cü ildə Ferrari sürücü kimi Alfa Romeo-da işləməyə başlasa da, beş il sonra öz Scuderia Ferrari adlı yarış komandasını yaradıb. Gənc sahibkar ilk emalatxanasını 1939-cu ildə Alfa Corse-nin rəhbəri vəzifəsindən ayrıldıqdan sonra açıb. İkinci Dünya Müharibəsi Enzonun planlarını təxirə salıb, yalnız sonunda o, ilk avtomobili – 12 silindrli mühərrikli Ferrari 125 S üzərində işi başa çatdırıb.
Dünya şöhrəti
Brendin inkişafı sürətlə davam edirdi, artıq 40-cı illərin sonunda – 1948-1949-cu illərdə Scuderia Ferrari iki mühüm qələbə qazandı. Əvvəlcə o, Mille-Milya yarışlarında birincilik qazandı, sonra isə Le-Manda 24 saat ərzində birinci yerə çıxdı. 50-ci illərdə Ferrari-nin komandası Formula 1 yarışlarında ilk çempion titulunu qazandı. Bu, nəhayət, şirkətin adını avtoidman tarixinə yazdı. O illərdə brend Carrozzeria Scaglietti ilə əməkdaşlığa başladı. Uğur möhtəşəm oldu – on il ərzində satışlar üç dəfədən çox artdı.
Fiat-la əməkdaşlıq və populyarlığın artması
60-cı illərdə şirkət bir sıra struktur dəyişiklikləri ilə üzləşdi. 1960-cı ildə o, səhmdar cəmiyyətə çevrildi və artıq 1969-cu ildə səhmlərinin 50%-ni Fiat-a satdı. 1973-cü ildə şirkət V8 mühərrikli avtomobillərin istehsalına başlandı, onların da uğuru böyük oldu. 70-ci illərin sonunda yarış komandası Formula 1-də çoxlu titullar qazandı. Eyni dövrdə Shell ilə, 1984-cü ildə isə Philip Morris International ilə əməkdaşlıq quruldu.
80-90-cı illərə təsadüf edən çətin dövr
80-ci illərin sonunda brend əsas zərbə ilə üzləşdi – Enzo Ferrari vəfat etdi. Eyni zamanda o vaxta qədər Fiat-ın şirkətdəki payı 90%-ə çatdı. Qeyd edək ki, 80-ci illərdə markanın əfsanəvi 288 GTO və Testarossa, eləcə də F40 avtomobil modelləri işıq üzü gördü. Daha bir məşhur model F50 1995-ci ildə çıxdı, buna görə də çətin dövrə baxmayaraq, Ferrari şedevrləri yaratmağa davam etdi.
Ferrari-nin yeni minilliyi və qələbələri
Millenium Ferrari komandasına avtomobil yarışlarında görünməmiş uğur gətirdi. Yeni minilliyin ilk 8 ilində komanda 13 titul qazandı – onlardan 5-i Mixael Şumaxer, 7-si isə konstruktor kuboku oldu.
Ferrari 75 illik yubileyi astanasında
Bu gün Ferrari dünyanın ən böyük avtomobil markalarından biridir. Bütün dünyada sürətlə tanınan brend nəinki fəth edir, həm də yeni ərazilərdə mövqelərini möhkəmləndirir. Beləliklə, ABŞ, Böyük Britaniya və Almaniya bazarları hazırda Ferrari məhsullarının satışı üçün əsas bazarlardır.
Deyə bilərik ki, Enzo Ferririnin arzusu gerçəkləşdi – onun avtomobilləri təkcə yarış yolunda deyil, həm də ondan kənarda simvolik idman avtomobillərinə çevrildi.